Nakam “pensiyaçı”…
Minsk Qrupuna yubileyini keçirmək qismət olmadı
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında ATƏT-in adıçəkilən həmsədrlik institutunun fəaliyyətsizliyindən söz açarkən onu da bildirdi ki, Azərbaycan bölgədə sülhün təminatına töhfə verə biləcək istənilən beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır
Artıq tarixə qovuşan «Dağlıq Qarabağ münaqişəsi»nin həlli üçün yaradılan ATƏT-in Minsk qrupu həmsədrlərinin 30 il ərzində regiona düzənlənən turist səfərlərinin yalnız görüntü xarakteri daşıdığı ilk günlərdən bəlli idi. 44 gün davam edən Vətən müharibəsindən sonra fiaskoya uğrayan, heç bir işə yaramayan bəyanatları ilə özlərini, eyni zamanda, beynəlxalq ictimaiyyəti aldadan Minsk qrupunun həmsədrləri «Dağlıq Qarabağ» ifadəsi, cəhənnəmə vasil olan «status» kimi faktiki olaraq ömrünü başa vurdu. Rusiyadan sonra ABŞ- ın da qrupda fəaliyyətini dayandıraraq ATƏT-in Minsk qrupundakı həmsədri Endru Şoferi Cənubi Qafqazda danışıqlar üzrə baş müşavir təyin etməsi artıq o deməkdir ki, vasitəçilik institutuna son qoyulmuş, missiya uğursuzluqla başa çatmışdı.
Yarandığı ilk gündən Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən , Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılması missiyasını yerinə yetirməli olduğu halda, yeri düşdükcə qızışdırıcı və yalan bəyanatları ilə vəziyyəti gərginləşdirən qrupun həmsədrləri vasitəçi kimi regionda kommunikasiyaların açılması ilə bağlı öhdəliklərini isə birdəfəlik unutmuşdular. Azərbaycan 30 illik Qarabağ problemini cəmi 44 gündə həll etməklə «məğlubedilməz” erməni ordusu» ilə birlikdə Minsk qrupunu da tarixin arxivinə gömdü. Yerevan-Xankəndi- Bakı marşrutu üzrə turist gəzintilərinə çıxan həmsədrlərin rüsvayçı səfərlərinə son qoyuldu.
Ermənistanın illərdən bəri törətdiyi təxribatlara, hərbi cinayətlərə, ekoloji terrorlara göz yuman, əksinə, işğalçını beynəlxalq səviyyədə də dəstəkləyən həmsədrlər institutunun üzvləri rotasiya qaydalarına uyğun başqaları ilə əvəzlənsələr də onların Azərbaycana ikili standartlardan yanaşma siyasəti dəyişilməz idi. Keçmişdə qalan «Dağlıq Qarabağ münaqişəsi» nəticəsində köçkün düşmüş insanların könüllü, təhlükəsiz, ləyaqətli və dayanıqlı qayıdışı üçün şərtlərin təmin edilməsini «unudan» həmsədr ölkələrin ən azından Xocalı soyqırımını tanımamaları, erməni terrorçularını silahlandırmaları, istehkamlar inşa etmələrinə kömək göstərmələri, hər il statusu artıq ləğv olunan separatçı rejimə milyon dollarlarla yardımlar ayırmaları, məhv edilən meşələri, vəhşicəsinə dağıdılan evləri «görməmələri» həmsədrlik missiyasını hörmətdən salmışdı. Ermənilərin qətlə yetirdikləri azərbaycanlıların dəfn olunduqları kütləvi məzarlıqlar Minsk qrupu həmsədrlərinin karlığının, korluğunun, lallığının, laqeydliyinin, müsəlmanlara qarşı silah kimi istifadə olunan islamofobiyanın əsirinə çevrilmələrinin nəticələridir. ABŞ Dövlət Departamentinin rəsmi saytında 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair bu günlərdə dərc olunan illik hesabatda Ermənistanın azərbaycanlılara qarşı vəhşilikləri barədə məlumatların yer alması da göstərir ki, illərdən bəri Azərbaycanın işğal altında qalan ərazilərinə səfər edən Minsk qrupunun digər həmsədrləri kimi, ABŞ üzrə təmsilçilər də erməni qəddarlıqlarına göz yumublar. Azərbaycan hərbçilərinin nəzarətində olan Fərrux yüksəkliyinin ətrafında, Edillidə aşkarlanan, kütləvi surətdə qətlə yetirilən azərbaycanlıların dəfn olunduğu məzarlıqlar işğaldan azad edilmiş torpaqlarımızda tapılan çoxsaylı qəbiristanlıqlardan yalnız cüzi hissəsidir. Azərbaycana qarşı münasibətlərini həmişə ermənipərəstlik baxımından formalaşdıran bu missiyanın ölkəmiz üçün xeyrindən çox zərərinin olmasını arxada qalan illərdə günahsız, dinc azərbaycanlılara qarşı törədilən işgəncələr, qırğınlar da göstərir.
44 günlük İkinci Qarabağ müharibəsi Qələbəmizlə başa çatdıqdan sonra beynəlxalq ictimaiyyətə də bəlli oldu ki, Minsk qrupunun 30 illik vasitəçiliyi heç bir nəticə verməyib və Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü bərpa edib. Müharibədən sonra qrupun fəaliyyətinin bərpasına cəhd edənlərə qəti etirazını diplomatik qaydalara uyğun bildirən Prezident İlham Əliyev həmsədrlərlə son görüşündə də münasibətini açıqladı: «Mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm.» Nəzərə çatdıraq ki, şərtlərə görə, münaqişə tərəflərindən biri sənə etibar etmirsə (digər tərəfin nə deməsindən asılı olmayaraq), zorla vasitəçi olmaq mümkün deyil. Bu baxımdan beynəlxalq səviyyədə dəstəklənən, Vətən müharibəsində qazandığı Zəfəri beynəlxalq səviyyədə qəbul olunan Azərbaycanın Minsk qrupu kimi etibarsız missiyaya ehtiyacı yoxdur. Ermənistan və havadarları israrla həmsədrlər institutunun fəaliyyətinin bərpasına çalışsalar da, ölü dirildən «şeyx nəsrulluhlar» dövrü arxada qaldı. Hazırda bölgədə sülh danışıqlarının davam etdirilməsi üçün alternativ formatlarla bağlı təkliflər gündəmdədir. Cənubi Qafqazın üç ölkəsi, əlavə olaraq Rusiya, Türkiyə, İrandan ibarət 3+3 formatının yaranması, imzalanan bütün bəyanatlarda əsas vəzifə kimi nəzərdə tutulan və regionda nəqliyyat-kommunikasiya layihələrinin bərpası, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı danışıqlar daha məqsədəuyğundur.
Hazırda bölgədə dayanıqlı sülhün təminatı üçün irəli sürülən təşəbbüslər arasında ən çox diqqətçəkən, vasitəçisiz format olan, dünya siyasətinin aktual məsələləri arasında maraqla izlənilən Ermənistan-Türkiyə, Azərbaycan-Ermənistan və Qarabağ erməniləri ilə Qarabağ azərbaycanlıları arasında danışıqların təşkilidir. « ATƏT, hansı ki, Minsk qrupuna mandat vermişdir. ATƏT də yeni reallıqları tam qəbul edib. Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə mənim görüşüm olub və görüş bir daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir» sözləri ilə daha mükəmməl formatın yaranması zərurətini diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın mövqeyi həmişə birmənalı olub. Sülhün yaranması üçün aparılan danışıqlarda, müzakirələrdə tərəflərin qarşısına qoyulan öhdəliklərə beynəlxalq qanunlara uyğun əməl edən Azərbaycandan fərqli olaraq Minsk qrupu kimi digər havadarlarına arxayın olan Ermənistan heç vaxt sözünə sadiq qalmamışdır. İşğal dövründə Azərbaycana və Ermənistana yüzlərlə səfər edən həmsədrlər kimi digər beynəlxalq təşkilatların təmsilçiləri də ermənilərin törətdikləri vəhşilikləri görsələr belə, baş verən cinayətlərə loyal münasibət bildirməklə vəzifələrini bitmiş hesab etmişlər. Prezident İlham Əliyevin «Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər» sözləri Minsk qrupunu diriltməklə bölgədə gərginliyin davamında maraqlı olan qüvvələrə son xəbərdarlıqdır
«Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək. Bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməmişdir. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz» söyləyən Prezident İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşləri zamanı irəli sürdüyü təkliflər də maraqlıdır. Yəni, ictimai rəyə nüfuz, təsir edə bilən şəxslər ATƏT- in formatı çərçivəsində görüşlər keçirə bilərlər. Azərbaycanın iqtisadi qüdrəti, hərbi gücü ilə artıq həll olunan «Dağlıq Qarabağ münaqişəsi»ndən sonra gündəlikdə duran aktual məsələ budur ki, dayanıqlı sülhə təminat verəcək Ermənistan-Azərbaycan əlaqələri normallaşmalıdır. Azərbaycan üçün bu sahədə öz töhfəsini verəbiləcək istənilən beynəlxalq təşkilatlarla əməkdaşlıq qəbulediləndir.
Minsk qrupu ilə bağlı mövqeyini bu günlərdə keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında da bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, 2019-cu ildə iflic olan həmsədrlərin işğalı əbədiləşdirmək cəhdi də nəticəsiz başa çatdı. 2018-ci ildə iqtidara gələn, əvvəlki xunta rejiminin ənənələrini davam etdirən Ermənistanın baş naziri Nikol Paşinyan və erməni faşizmini dəstəkləyənlər anlamadılar ki, Azərbaycanla mübarizə, müharibə aparmaq onların iqtidarında deyil. Azərbaycan erməni faşizmini birdəfəlik məhv edib.
Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm, cəfəng «Qarabağ Ermənistandır və nöqtə» sözləri ilə danışıqlar prosesinə və Minsk qrupunun fəaliyyətinə son qoyuldu. Erməni silahlılarının sərhəddə törətdikləri iyul təxribatı danışıqların mahiyyətini dəyişdi. Əlavə torpaqlar uğrunda yeni müharibə ilə Azərbaycanı hədələyən Ermənistan həddini aşdı. Azərbaycanın torpaqlarını öz gücü ilə işğaldan azad etmək zərurəti yarandı. Minsk qrupu kimi digər beynəlxalq təşkilatlar da Ermənistanın təxribatlarına göz yumdular. Nəticədə 2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi başlandı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın və havadarlarının formalaşdırdıqları erməni mifologiyasına son qoyuldu. Biabırçı formada məğlubiyyətə uğrayan Ermənistan qüdrətli Azərbaycan qarşısında diz çökdü, kapitulyasiya aktına imza atmağa məcbur oldu.
«Bizim başqa dövlətlərin torpağında gözümüz yoxdur, heç vaxt olmayıb. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, biz bundan sonra ancaq və ancaq güclənəcəyik və postmüharibə dövrü bunu bir daha göstərdi: «Aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul etdilər. BMT, hansı ki, Şuşada beynəlxalq tədbir keçirmişdir. Avropa İttifaqı hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edir. ATƏT, hansı ki, çox yaxşı başa düşür Minsk qrupu artıq yoxdur. Düzdür mən, bir neçə ay bundan əvvəl, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl demişdim, məndən soruşmuşdular ki, Minsk qrupu nə ilə məşğul olacaq? Dedim ki, 2022-ci ildə onların yaranmasının 30 illik yubileyidir. Yubiley keçirəcəklər, sonra pensiyaya gedəcəklər. Amma Rusiya-Ukrayna müharibəsi başlayandan sonra heç yubiley keçirməyə bunlarda fürsət olmadı.»
Göründüyü kimi, Azərbaycanın bölgədə sülhün yaranması naminə göstərdiyi cəhdlərin əksinə olaraq Ermənistan və onun havadarları bölgədə sabitliyin təminatında maraqlı deyillər. Minsk qrupu faktiki mövcud olmadığı üçün Avropa İttifaqı bu missiyanı yerinə yetirə bilər. Xatırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Prezident İlham Əliyevin , Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən Brüssel görüşü həmsədrlik institutunun yenilənməsi zərurətini də gündəmə gətirdi. Minsk qrupundan fərqli olaraq Avropa İttifaqının bölgədə sülhün yaranması üçün göstərdiyi cəhdlərin müsbət nəticələnəcəyi daha inandırıcıdır.

