Gündəm 

Tarixin ən böyük nüvə fəlakəti – Çernobıl

36 il əvvəl Çernobıl AES-də tarixin ən böyük texnogen qəzası baş verdi. 1986-cı ilin aprelin 26-da stansiyanın 4 saylı reaktorunda baş verən qəzada əvvəlcə 10 minə yaxın, sonrakı aylarda daha 15 min insan öldü. İllər ötdükcə bu rəqəm 100 mini keçəcəkdi…

AES-lərin tarixi ötən əsrin ortalarından başlanır. 1954-cü ildə SSRİ-də (RSFSR-in Kaluqa vilayətinin Obninsk şəhərində) dünyanın ilk Atom Elektrik Stansiyası işə salınıb. Sonralar bu cür stansiyaların ABŞ və Avropada da tikilməsi ilə dünyada atom enerjisi erasına start verilib. Lakin 1986-cı ildə SSRİ-də baş verən dəhşətli atom qəzası bu prosesi bir qədər ləngitdi. Çernobıl Ukraynanın Kiyev vilayətində, İvankov rayonunda, Pripyat çayı yaxınlığında yerləşən şəhər idi. Qəzaya qədər bu şəhərdə 13 min əhali yaşayırdı.

1986-cı ilin 26 aprel axşamı Ukraynanın Pripyat şəhərində həyat hər zamankı kimi adi qaydada davam edirdi. İşdən çıxmış insanlar evlərində heç bir təhlükə hiss etmədən dincəlirdilər. Hərə öz işindəydi. Heç kim səhər gözünü öz yatağında aça bilməyəcəyini, iztirablı həyata başlayacağını və ya tezliklə əzizlərini itirəcəyini, hansı dəhşətlərə şahid olacağını ağlının ucundan belə keçirmirdi. Həmin axşam Çernobıl nüvə stansiyasının 4 nömrəli reaktorunda dəhşətli partlayış baş verdi. Dünya bu faciədən güc-bəla ilə xəbərdar oldu. Sovetlərin ünsiyyətə maneə törətmə mexanizmi tam olaraq işə keçsə də qorxunc nüvə faciəsini gizləyə bilməmişdi. Elə həmin gecə Çernobılın 10 kilometrlik təhlükəli çevrəsində yerləşən Pripyat şəhəri boşaldıldı. Gecə yarısından sonra başlayan təcili boşaltma əməliyyatı üçün yüzlərlə avtobus şəhərin mərkəzinə düzüldü. İnsanlar evlərini bir anda boşaltmaq məcburiyyətində qaldı. Ordunun yardımı ilə gerçəkləşdirilən əməliyyat 30 saata tamamlandı. Boşaltma əməliyyatı elə sürətli reallaşdırılır ki, heç kim özü ilə bir geyəcək və bəlkə də ailə albomları xaricində heç bir şey götürə bilmədi. Şahidlər danışır ki, Pripyatı tərk edən avtomobil karvanının uzunluğu 20 km-ə çatırdı.

Qəzanın ilk günlərində 10 min nəfər dərhal ağır şüalanmanın qurbanı oldu. 15 min adam qəzanın aradan qaldırılmasının ilk günlərində fəlakət zonasında işləyərkən ağır şüalanmaya məruz qalaraq dünyalarını dəyişdilər. Fəlakət zonasında işləyən 52 min adam isə sonrakı illərdə öldü. Ukrayna hökumətinin qəza ilə bağlı yaydığı rəsmi məlumata görə, bu ölkədə 4 milyona yaxın insanın Çernobıl qəzası nəticəsində şüalanmaya məruz qalaraq xəstə olduğu bildirilir. Amma Çernobıl qəzasından yalnız Ukraynada yaşayanlar zərər görmədilər. Son məlumatlara görə, Ukrayna ilə sərhəd ölkələrdə, o cümlədən Rusiya, Belarus, Moldova, Rumıniya, Polşa, Çexiya, Macarıstan və digər Avropa ölkələrində 10 milyona yaxın adam Çernobıl faciəsi nəticəsində şüalanmanın təsirinə məruz qaldı. Təsadüfi deyil ki, qəzadan sonrakı bir neçə ildə Avropa ölkələrində xərçəng, ağ qan, qan azlığı və digər xəstəliklərin sayı xeyli artdı və həmin xəstəliklərdən ölənlərin sayı milyonlarladır. Avropa ölkələrindəki şüalanmaya məruz qalan insanların övladları indinin özündə də bu xəstəliklərdən əziyyət çəkirlər.

Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolaşmaqdadır. Qəzanın nəticələrini aradan qaldırmaq üçün uzun müddət güclü mübarizə aparıldı, 700 minədək sovet insanı gerçək qəhrəmanlıq göstərdi. Onların hamısı və yaxın bölgələrdə yaşayan 7-8 milyon nəfər şüalanmaya məruz qalaraq ağır xəstəliklərə tutuldular. Onu da qeyd edək ki, AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən “Sarkofaq” əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanmaya məruz qalıb. Ümumilikdə isə qəza yerinə gedənlər arasında gənclərdən ibarət 7 min nəfərdən çox azərbaycanlı var idi. Onlar böyük təhlükəyə baxmayaraq, “ölüm bölgəsin”ə yollanmışdılar. Çoxları elə oradaca həlak oldu, qalanları isə ömürlük əlil oldu və ya ağır xəstəliklərə tutuldu.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edildi, onların sosial müdafiəsi işlərinin əsasları formalaşdırdı. Ən son məlumatlara görə, Azərbaycanda Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan vətəndaşların sayı 5500-dən çoxdur. Onlardan 2510-u Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 3000-i  isə “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanlardır. Prezident İlham Əliyev tərəfindən Çernobıl əlillərinə xüsusi qayğı göstərilir, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdü də verilir. Onların müalicəsi məqsədilə hər il birdəfəlik müavinət də ödənilir. Həmçinin Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşlar mənzil və minik avtomobilləri ilə təmin edilir.

Daha çox xəbərlər