Qarabağ Zəfəri Heydər Əliyev ideyalarının təntənəsidir
Bu gün Ümummilli Liderin arzuladığı Qarabağ, onun tacı olan Şuşa tarixi sahibinə qovuşub, doğma yurdumuza 30 ildən sonra yenidən həyat qayıdır
Mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına təmənnasız xidmət etməklə əbədiyaşarlıq rəmzinə çevrilən ümummilli lider Heydər Əliyev haqlı olaraq “Dünyanın ən böyük azərbaycanlısı” adlandırılır. Ulu Öndər müdrik dövlət xadimi, dahi siyasətçi olmaqla bərabər, həm də alovlu vətənpərvər idi. Azərbaycanımızın hər bir guşəsi, hər bir bölgəsi kimi Dağlıq Qarabağ da onun üçün əziz və doğma olmuşdur. Tarixi Şuşanı çox sevən Ulu Öndər onun iqtisadi-mədəni inkişafında xüsusilə böyük səylər göstərmişdi. Zaman-zaman Azərbaycan torpaqlarına göz dikən ermənilərin ötən əsrin ikinci yarısında fəallaşmalarının qarşısı məhz Ulu Öndərin qətiyyəti sayəsində alınmışdı. “1960-1970-ci illərdə də erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam” söyləyən ulu öndər Heydər Əliyevin güclü qətiyyəti nəticəsində yalan və iftiraçı erməni iddiaları iflasa uğramışdır.
Ümummilli lider Heydər Əliyev hələ Azərbaycan rəhbəri seçilməmişdən əvvəl – 1967-ci ildə ilk dəfə Şuşada olmuşdu. O vaxt Xankəndidə azərbaycanlılarla ermənilər arasında münaqişə olmuş və qan tökülmüşdü. Dağlıq Qarabağda olan bəzi millətçilər 3 nəfər azərbaycanlını vəhşicəsinə öldürmüşdülər. Həmin məsələni dərindən araşdırmaq üçün Heydər Əliyev 15 gün Dağlıq Qarabağda olmuş, eləcə də Şuşaya getmişdi. Şuşada olarkən 1905-1907-ci, 1918-1920-ci illərdə ermənilərin təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görmüşdü. O, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə gəlmiş və Bakıya qayıtdıqdan sonra şəhərin belə vəziyyətdə saxlanılmasının mümkünsüzlüyü barədə mülahizələrini Azərbaycan rəhbərlərinə söyləmişdi.
1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra Ulu Öndər Şuşanı abadlaşdırmaq, şəhərin başına gətirilən müsibətlərin izlərini ləğv etmək, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda, tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görmüşdür. 1970-ci illərdə ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı qətiyyətlə alınmışdı. Bu dövrdə Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri Dağlıq Qarabağda milli ruhun oyadılması olmuşdur. Hər şeydən əvvəl Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən Ulu Öndər bu məsələyə çox həssaslıqla yanaşırdı. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşa şəhərinin tarixi keçmişini yaxşı bilən Heydər Əliyev şəhərə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Eyni zamanda, Ümummilli Lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxır və Azərbaycanın milli maraqlarını hər zaman uca tuturdu.
1970-ci illərin ikinci yarısında Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar qəbul edilmişdir. Qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar inşa olunmuşdur. Eyni zamanda, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrilmişdir. Heç şübhəsiz ki, həmin qərarların yerinə yetirilməsinin çox böyük tarixi əhəmiyyəti var idi. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılmış, həyat səviyyəsi yaxşılaşmışdı. Ölkənin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular. Qeyd etmək lazımdır ki, 1920-ci ildən 1970-ci ilə qədər Şuşada heç vaxt belə genişmiqyaslı tikinti işləri aparılmamışdı.
1979-cu il yanvarın 12-də Ağdam-Xankəndi dəmiryolu xətti çəkildi və Ümummilli Liderin özünün iştirakı ilə istifadəyə verildi. Nəticədə dəmir yolu xəttinin işə düşməsi ilə muxtar vilayətin iqtisadi cəhətdən respublikanın digər rayonları ilə daha sıx əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Dəmir yolu xəttinin açıldığı gün Şuşaya gedən Ümummilli Lider şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə xüsusi göstəriş verdi. Ulu Öndər, eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri Molla Pənah Vaqifin və Xurşidbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış olmuşdu. Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşdə Ümummilli Lider tövsiyə edərək demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində az sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu. Səfər zamanı Heydər Əliyev Şuşada Poeziya Evini açaraq Vaqif Poeziya günlərində iştirak etdi. Bununla yanaşı, Ulu Öndər Üzeyir Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış oldu və onların qorunmasına dair tövsiyələrini verdi.
1987-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən və Siyasi Büro üzvlüyündən istefa verdikdən sonra bunu fürsət bilən erməni ideoloq və separatçılar Moskvaya-Kremlə yol tapmağa, öz mənfur ideyalarını həyata keçirməyə başladılar. Zamanla ermənilər artıq silahlı basqına və terrora əl atdılar. Bütün cəhdlərə baxmayaraq kəndlər, şəhərlər işğal olunur, yandırılır və dağıdılırdı. 1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törədildi, may ayında isə Şuşa şəhəri işğal edildi. Vaxtilə Heydər Əliyevin çox böyük coşqu və fədakarlıqla qurub-yaratdığı Dağlıq Qarabağ ermənilərin caynağına keçmişdi.
Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etməsi xalqın tələbi və çağırışları ilə baş tutdu. Dahi şəxsiyyətin 1993-cü ildə Bakıya gələrək xalqı bəladan xilas etməsi tarixə qurtuluş günü kimi düşdü. Çünki 90-cı illərin əvvəllərində Azərbaycanda xaos yaradaraq 20 faiz torpaqların işğalına səbəb olmuş o vaxtkı səbatsız rəhbərlər ölkəni uçuruma, ağır bəlaya düçar etmişdi, xalqın sinəsində sağalmaz görünən bir yara buraxmışdı. Bu yara Qarabağın xəyanətlər nəticəsində əldən verilməsi idi. 1993-cü il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də Azərbaycan Prezidenti seçilən Heydər Əliyevin son nəfəsinə kimi əsas amalı əvvəlki hakimiyyətin qoyub getdiyi çox çətin bir problemi – Dağlıq Qarabağ münaqişəsini həll etmək olmuşdu. Ulu Öndər həmişə Qarabağ haqqında ağrı ilə danışırdı. O, Azərbaycanı Qarabağsız, Şuşasız təsəvvür etmirdi. Bu barədə deyirdi: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur.” Həmişə çıxışlarında Azərbaycan xalqını əmin edirdi ki, bir gün mütləq Şuşaya, Qarabağa qayıdacaq.
Bu gün o arzu artıq reallaşıb, Ulu Öndərin ruhu şaddır. Dahi şəxsiyyətin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqı və müzəffər ordusu ilə bir yumruğa çevrilərək torpaqlarımızı işğaldan azad etdi və ata vəsiyyətini yerinə yetirdi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində Şuşanın azad olunması müjdəsini verərək Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyini qürurla qeyd etdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
Bu gün ulu öndər Heydər Əliyevin arzuladığı bir Azərbaycan var, dövlətçilik əmin əllərdə yaşayır, Qarabağ, onun tacı Şuşa tarixi sahibinə qovuşub, doğma yurdumuza 30 ildən sonra yenidən həyat qayıdır.

