Onu bağışlamaq olarmı?…
İnsanlar niyə öz canlarına qıyırlar və ya intiharların qarşısını almaq üçün nə etmək lazımdır?
İntihar mövzusu son zamanlar demək olar ki, istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz mövzulardan bəlkə də ən birincisidir. “Universitetə girə bilməyən gənc qız çıxış yolunu intiharda gördü”, “İşini itirən gənc oğlan özünü asaraq intihar etdi”, “Ailəsinə baxa bilməyən ata özünü yandırdı” və digər bu kimi başlıqlı xəbərləri demək olar ki, izləmədiyimiz gün yoxdur.
İntiharların günü-gündən artmasının səbəblərini araşdırmaq məqsədi ilə mütəxəssislərin fikirlərini öyrəndik.

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı açıqlamasında bildirdi ki, bunun əsas səbəbi cəmiyyətdə çox sürətli keyfiyyət dəyişikliyinin getməsidir: “Göründüyü kimi, cəmiyyət əvvəlki cəmiyyət deyil. Cəmiyyət günü-gündən mürəkkəbləşir, burada yeni sosial-psixoloji, sosial-iqtisadi proseslər özünü daha çox göstərir. Həmçinin beynəlxalq aləmlə əlaqələr artır, qloballaşma təsir edir. Ona görə də cəmiyyətdə keyfiyyət dəyişmələri olanda da ortaya müxtəlif yeni xüsusiyyətlər çıxır. Amma bu, o demək deyil ki, dövran, zaman belə gedirsə intihar hallarının və digər neqativ hadisələrin, cinayət hallarının artmasını sakitliklə müşahidə etməliyik”.
Sosioloq onu da diqqətə çatdırdı ki, insanın daxili aləmi zənginləşdikcə yer üzünün problemlərini yaxın buraxmır: “Əvvəllər buna maarifləndirici, mənəvi dəyərlərə əsaslanmış bədii əsərlər və həqiqi dini dəyərlər kömək edirdi. İndi isə bədii ədəbiyyat oxuyan yoxdur, normal filmlər yaranmır. Yəni, insanlarda mənəviyyatı zənginləşdirən faktorlar zəifləyib. Din amili isə xeyli xurafat, cəhalətlə dolub. Sovet vaxtında dinə icazə vermirdilər, ancaq insanlar xəlvət həqiqi dini dəyərlərlə, bəlkə də daha yaxın təmasda idi. Daxili aləmin zənginləşməsində təhsil də əsas rol oynayır. Amillərdən biri də informasiyadır. Bu gün xeyli neqativ informasiya alırıq. Müsbət şeylərdən, xoşbəxt həyatdan, uğur qazanan gənclərdən danışan yoxdur. Hansısa gəncimizin dünyanın ən aparıcı jurnallarından birində məqaləsi dərc edilibsə bu, intihar hadisəsindən qat-qat diqqətçəkən olmalı, neqativ hadisələrlə birlikdə müsbət şeylər də önə çıxarılmalıdır. İndi Azərbaycanda bir çox teleserial yaranıb. Ancaq təəssüf ki, bizdə teleserialların fəlsəfəsini bilmirlər. Teleseriallar xalqda müsbət mənada mentaliteti dəyişmək üçün çəkilir. Amma bizdə film çəkənlər elə bilir sərgüzəşt, hay-küy yaratmaq lazımdır. Bir az hind, bir az türk, rus filmindən bir şey götürüb qarışdıraraq ortaya səviyyəsiz bir şey qoyurlar. Bu da əksər hallarda zənginlərin həyatından bəhs edir. İnsan da baxıb deyir ki, ölkəmdə bu qədər zəngin insan yaşayır, mən isə acından ölürəm. Nəticədə ya zəngini öldürmək, ya dalaşmaq, ya da qarşı çıxmaq kimi hisslər yaranır. İnsanların intihar etməsinə təsir edən ən dəhşətli iki faktor var. Onlardan biri bəzi insanlarda gələcəyə inamsızlıqdır. Ümidi üzülüb gələcəkdə onu yaxşı şeylərin gözləmədiyini düşünmək isə intihara səbəb olur. Digər faktor isə insanın özünütəsdiqidir. Hər bir insan doğulandan özünü təsdiq etməyə çalışır. Beşikdəki uşaq da qışqırır ki, mən varam. Mühitdə insanların özünü təsdiq etməsi üçün şərait, öhdəsindən gələcəyi işi olmalıdır. Yoxsa dəqiqədə bir cəmiyyət ona sən heç kimsən deyib təsdiq etməyəndə, sözsüz ki, belə hallar çoxalır”.
“Bu cür hadisələrin çox olmasının səbəbi müvafiq qurumların bu prosesləri dərindən dərk etməməsi və bütün bunlara müdaxilə edə bilməmələridir. Onu da qeyd edim ki, nə qədər ki, həmin qurumlar tərəfindən bu sahəyə diqqət ayrılmayacaq cəmiyyətimizdə belə xoşagəlməz hadisələr ilbəil artacaq”, – deyə Ə. Qəşəmoğlu qeyd etdi.

Psixoloq Gülər Məmmədova isə son günlərdə intihar hallarının artması və bunun səbəbləri haqqında bəhs edərək bildirdi ki, intihar statistikası doğrudan da çoxdur. Psixoloqun sözlərinə görə, bunun səbəbləri müxtəlifdir: “Burada insanların sosial vəziyyətləri də səbəblərdən biridir. İntihar qlobal problemdir. Dünənə qədər intihar göstəricilərində inkişaf etmiş Avropa ölkələri birinci yerdə gedirdi. Hansı ki, həmin ölkələrdə həyat şəraiti yüksəkdir, iqtisadi durum da yaxşıdır. İnsanların ifrat informasiya ilə yüklənməsi, internet texnologiyalarının artması nəticədə insanların komforta düşkün olmasına gətirib çıxarır. Bu gün insan evdə internet olmayanda daha çox darıxır, nəinki çörək olmayanda. Bundan əlavə, bəzən görürsən ki, 300 manat məvacib alanlar 1000 manatlıq mobil telefon alırlar. İnsanlar komforta qaçır. Ona qalsa əvvəllər daha çox problem var idi. Amma intihar hadisəsi az olurdu. Bu gün bizim ifrat informasiya ilə yüklənməyimiz problem yaradır. Bunun nəticəsində də problemlər yaranır – depresiya. İnsan birdən-birə intihar yolunu seçmir. Özünə qapanır, ətrafdan təcrid olunur, insanlarla ünsiyyəti pozulur. İntiharın əsas səbəblərindən biri də ailədaxili problemlərin, boşanmaların olmasıdır. Göründüyü kii, nə qədər ailədaxili konfliktlər artıb, nə qədər ailədə övlada münasibətdə problemlər var”.
“İntihar hadisələrinin geniş müzakirəsinin tərəfdarı deyiləm” söyləyən psixoloq onu da qeyd etdi ki, bu cür hallar müzakirəyə çıxarılanda məsələ mahiyyətdən uzaqlaşır və müxtəlif istiqamətlərə gedir: “Bu zaman problem öz həllini tapmır, əksinə, bizi bu məsələdən uzaqlaşdırır. Dəfələrlə qeyd etmişik ki, intihar hadisəsi hansı formada sosial şəbəkədə, mətbuatda işıqlandırılırsa, bir həftə ərzində həmin formada intiharlar artır. Çünki burada şüuraltı imitasiya baş verir”.
G. Məmmədova intiharların qarşısının alınması yönündə öz tövsiyələrini də bildirdi: “Bu cür intiharların qarşısını almaq üçün biz insanlar mütləq bir-birimizə qarşı diqqətli olmalı, hörmətlə yanaşmalı, bir-birimizi dinləməyə, anlamağa çalışmalıyıq. İctimai barış bu intiharların qarşısını alacaq. Nə qədər cəmiyyətdə insanlar bir-birinə qarşı soyuq, münasibətləri pis olacaq, bu halda əlbəttə ki, depressiya da, problemlər də, onun fonunda intiharlar da artacaq. İnsanın həyatda yaşama səbəbi olmalıdır. Əgər yaşamağa bir səbəbi varsa, o bütün şəraitdə yaşayamağa çalışacaq. Məsələn, bu gün ömürlük həbs cəzasına məhkum edilmiş insanlar var. Axı onlar intihar etmir. Həmçinin ağır xəstə olan insanlar var, hansı ki, bilir ki, onun yaşamaq şansı azdır, lakin intihar etmir, yaşamaq istəyir. Çünki onun yaşama səbəbi var. Ağır şəraitdə yaşayan insanlar da var, onlar intiharı heç ağıllarının ucundan belə keçirmirlər. Bu, mənəvi bir şeydir. İnsanın yaşama səbəbi, ailəsi, uşağı, işi, dostları olmalıdır”.

