Gündəm 

Cənubi Qafqaz: ” İnkişaf və əməkdaşlıq” konfransı

Tarixi qələbə ilə nəticələn 44 günlük müharibədən sonra abadlıq işlərinin başlaması, Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmaq üçün beynəlxalq şirkətlər bizə dəstək verdi. Həmçinin beynəlxalq ictimaiyyət və aparıcı beynəlxalq təşkilatlar formalaşmış yeni reallıqları qəbul etdilər.
Bununla da Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edirdik. Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etdi və bizim niyyətimiz Qafqazda uzunmüddətli və dayanıqlı sülhün bərqərar olması idi.
Eyni zamanda, ictimaiyyət qarşısında açıqlanmış və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmiş sülh gündəliyimiz və təşəbbüslərimiz regional inkişafa, Cənubi Qafqazda onun yeni imkanlarına yönəlir. Nəinki Azərbaycan ilə Ermənistan arasında, – əlbəttə ki, bu, regional əməkdaşlığın ən vacib elementlərindən biridir, – o cümlədən bütövlükdə Cənubi Qafqaz regionunda əməkdaşlıq nəzərdə tutulur.
Beynəlxalq təşkilatların dəstəyi ilə müxtəlif səviyyələrdə üçtərəfli görüşlərin təşkilinə dair Azərbaycandan artıq bir neçə dəfə təkliflər olub.Biz gələcəyə baxmalıyıq və Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır.
Əlbəttə, Azərbaycanla əlaqələrin normallaşdırılması Ermənistan üçün elə imkan açacaq ki, bu gün onu proqnozlaşdırmaq belə çətin olardı. Bir sözlə, planlarımız bundan ibarətdir. Təsisatların qurulması müxtəlif istiqamətlərdə getməlidir. Əvvəlcə, biz siyasi çərçivədən başladıq. Həmçinin biz QHT-lər səviyyəsində şəxslər arasında təmaslar haqqında düşünürük. Öncə söylədiyim kimi, bunun müəyyən regional miqyası ola bilər. Eyni zamanda, biz regional inkişafa daha geniş miqyasda baxmalıyıq, çünki bilirsiniz ki, Avropa İttifaqı Ermənistan üçün 2,6 milyard avro həcmində çox böyük maliyyə paketini elan edib. Sonradan Azərbaycan üçün də bunu elan edib. Həmin ehtiyatların bir hissəsi əlaqələrin qurulmasına və insanlar üçün daha yaxşı imkanların yaradılmasına sərf oluna bilər.
Ermənistan hökuməti tərəfindən regionda yeni reallıqlara və beynəlxalq hüquqa əsaslanan sülhə yönəlmiş bəyanatlar verilir. Biz hər zaman bunun tərəfdarı olmuşuq Rusiya-Ukrayna müharibəsindən sonra elan edildi ki, Minsk qrupu həmsədrliyi artıq fəaliyyət göstərmir. Bu isə onu nümayiş etdirir ki, yeni reallıqların öz təsiri var.
Biz öz tərəfimizdən müsbət meyillərin dəstəklənməsi üçün əlimizdən gələni edirik. Uzun sürən müharibələrin, işğalların və dağıdıcılığın tarixinə nəzər salsanız görərik ki, bizim halda, düşmənçilik mərhələsindən sülhə doğru keçid çox sürətlidir. Bu bizim təkliflərimiz əsasında baş verir. Azərbaycan bir ildən artıq müddətdir ki, Ermənistanla sülh sazişinin bağlanmasının vacibliyini bəyan edir. Nəhayət ki, yalnız bir neçə həftə bundan əvvəl onlar buna razı oldular.
Azad olunmuş ərazilərdə gördülmüş işlər artıq göz qabağındadır. Biz regionumuzda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından baxmalıyıq. Təhlükəsizlik olmadan əməkdaşlıq və iqtisadi faydadan söhbət gedə bilməz. Azərbaycanın iqtisadi fəaliyyəti də, hansı ki, öz resurslarımız hesabına həyata keçirilir, sabitlikdən qaynaqlanır. Davamlı sabitlik isə təhlükəsizliyin tərkib hissəsidir.
Ötən ilin iyun ayında Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi bizim Türkiyə ilə əməkdaşlığımız və qardaşlığımızın mahiyyətini əks etdirir. Şuşa Bəyannaməsini imzalamaqla bütün dünyaya nümayiş etdirdik ki, biz sözümüzlə və imzamızla birlikdəyik.
Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması da bizim strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur. Bu ölkə İkinci Qarabağ müharibəsinin sona çatdırılmasında fəal iştirak edib və onların sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycanda, Qarabağdadır. Bundan əlavə, bizim Rusiya ilə üzərində uzun illər ərzində çalışdığımız çoxsaylı məsələlər var – iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə. Əlbəttə, biz Rusiyadan böyük həcmdə silah və avadanlıq alırıq. Bəli, biz həmin silahları Ermənistandan fərqli olaraq bazar qiymətinə alırdıq. Ermənistan isə onları havayı əldə edirdi. Onlar bunun üçün guya kredit alırdı, lakin həmin kreditlər heç vaxt qaytarılmırdı. Yəni, fərq bundan ibarət idi.
Hazırkı regional konfiqurasiya bizi qane edir. Bizim bütün qonşularla yaxşı münasibətlərimiz var – təkcə Rusiya və Türkiyə ilə deyil, Gürcüstan və İranla da.
Eyni zamanda Ermənistanla da yaxşı münasibətlər olacaq və beləliklə, biz sabitlik məkanı ilə əhatə olunacağıq. Bizim istəyimiz də məhz budur. Biz sülh gündəliyinə və iqtisadiyyata diqqətimizi ayırmışıq.
İkinci Qarabağ münaribəsi zamanı Ermənistanda gözləyirdi ki, Rusiya Qarabağda müharibəyə müdaxilə edəcək. Bu, baş vermədi, çünki biz öz ərazimizdə döyüşürdük. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı öhdəliklərə dair manipulyasiya cəhdləri edirdi. Lakin KTMT-nin mandatına üzv dövlətləri öz ərazilərində müdafiə etmək daxildir. Biz isə öz ərazimizdə döyüşürdük. Beləliklə, bu, baş vermədi. Bununla yanaşı, bu, hər kəsə məlumdur və biz 44 günlük müharibə zamanı bunu ictimai şəkildə dəfələrlə bəyan etdik
Müharibənin bitməsindən sonra minalar səbəbindən 200-dən artıq hərbçi və mülki vətəndaşımız minaya düşərək həlak olmuşdur
İşgal olmuş ərazilərin bərpasında bu günədək biz heç bir beynəlxalq təşkilatdan hər hansı bir dəstək almamışıq. Görülən bütün işləri öz hesabımıza görürük.
Avropa İttifaqı Ermənistana 2.6 milyard, Azərbaycana isə 140-160 milyon avro yardım paketini elan edəndə, əlbəttə ki, biz ən yüksək səviyyədə səsimizi ucaltdıq. Bu, bir daha ikili standartların təzahürü idi. Bizim ciddi dəstəyə ehtiyacımız var.
Azad olunmuş ərazilərdə görülən bütün işlər Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Heç bir ölkədən və ya beynəlxalq təşkilatdan bir dollar belə almamışıq.
Bizim üçün Avropa İttifaqı çox önəmli tərəfdaşdır. Bizim Avropa İttifaqı ilə çox geniş gündəliyimiz mövcuddur. Ermənistan-Azərbaycan münaqişəsi heç vaxt onun bir hissəsi olmamışdır. Çünki bu məsələ ilə Minsk qrupu məşğul olurdu və Avropa İttifaqı bu məsələdən bir az uzaq idi. Lakin indi ticarət, enerji, nəqliyyat, humanitar və demokratik inkişaf məsələləri ilə birlikdə bu məsələ də gündəliyimizdədir.
Ən önəmli məsələ heç bir zaman işğalla razılaşmamaqdır. Ən vacib olan budur. Özünü müdafiə etmək əzmi olan ölkənin xalqını heç vaxt məğlub edə bilmərsən. Bu, yalnız müvəqqəti ola bilər. Azərbaycan Ukraynanın və digər ölkələrin ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib;
Rusiya ilə bizim ticarətimiz çoxşaxəlidir. Aprelin 26-sında Bakıda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası olub və gələcək planlarımıza dair çoxşaxəli məsələlər müzakirə edilib. İndiyə kimi biz hər il yaxşı nəticələr əldə etmişik. Ticarət dövriyyəsi artır. Bizim fermerlər üçün Rusiya bazarı böyük bazardır. Rusiya istehsalçıları üçün də Azərbaycan bazarı olduqca önəmlidir. Burada və orada çoxlu şirkətlər çalışır. Sözsüz ki, Rusiyadakı Azərbaycan icması çox böyükdür. Onlar da ticarət dövriyyəsinin artmasına töhfə verirlər. Lakin, sanksiyalar qalarsa, növbəti altı ayda və ya bir ildə nə olacaq, proqnozlaşdırmaq çətindir;
Münasibətlər praqmatizm üzərində, qarşılıqlı fayda və maraqlar üzərində qurulmalıdır. Avropa İttifaqı öz qonşuluğunda, sərhədlərində sabitlik istəyir. Onlar bizdən indi də enerji resursları alırlar, lakin daha çox enerji resursları almaq istəyirlər. Bu, hətta Rusiya-Ukrayna müharibəsindən əvvəl də belə idi və bizim əməkdaşlığımızın strateji hissəsi idi. Biz regiondakı vəziyyətə təkstandartlı yanaşma istəyirik. Yalnız Ermənistan və Azərbaycana yox, Gürcüstan, Ermənistan və Azərbaycanın – Cənubi Qafqazın hər üç dövlətinə eyni bucaq altından baxılmasını istəyirik;
Avropa İttifaqı ilə yaxın əməkdaşlıq Azərbaycanın müasirləşməsinə, o cümlədən gənc nəslə, təhsil potensialına ciddi töhfə verəcək. Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycan cəmiyyətinin dünyəvi xarakterini gücləndirəcək. Bu, bizim dövlət siyasətimizin önəmli tərkib hissəsidir.
Rusiya sülhməramlılarının mövcudluğu məsələsi 10 noyabr gecəsi imzalanmış Üçtərəfli Bəyannamənin bir hissəsidir. Həmin Bəyannamədə hərbi heyətin və hərbi zirehli maşınların dəqiq sayları əks olunub, hər şey bu sənəd əsasındadır. Həmçinin onların sülhməramlı fəaliyyəti ilə bağlı müddət mövcuddur – 5 il.
Nəqliyyat dəhlizlərinin qısa müddətdə reallaşdırılmasını istəyirik. Zəngəzurdan yoxlamasız keçid məsələsinə sadiqik və Ermənistanın bunun bir hissəsi olması üçün biz, hətta elektrik xətləri haqqında düşünə bilərik;
Ermənistan ölkəmizə qarşı illər ərzində ekoloji terror törədib. 30 il ərzində çaylarımızdan məhrum olmuşduq. Ermənistan yaz və yayda, bizim suya ehtiyacımız olanda Tərtər çayının qarşısını bağlayır və yüz minlərlə hektar ərazilərimizdə quraqlıq yaradırdı və sonra qışda onlar çayın qarşısını açır və sel yaradırdılar;
Qarabağ və Şuşa üzrə xüsusi nümayəndələr təyin olunub. Digər ərazilər üçün də xüsusi nümayəndələr təyin ediləcək. Bu yeni idarəçilik modelini sınaqdan keçiririk. Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq.
Ağdaş Regional Mədəniyyət İdarəsinin Ucar rayonu üzrə nümayəndəsi – Alı Babayev

Daha çox xəbərlər