“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”
Zəfər tarixini yazan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük qürur hissi ilə söylədiyi bu fikir Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində inamla addımlayan Azərbaycanın dünəninə və bu fonda gələcəyinə bir baxışdır
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən ilin avqustunda Şuşada Vaqif Poeziya Günlərinin açılışında səsləndirdiyi bu fikirləri yada salmaq istərdik: «Təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq.» Bu fikirlər özündə bir çox məqamları ehtiva edir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə Azərbaycanın xoşbəxt gələcəyi üçün formalaşdırdığı möhkəm təməl tarixi Zəfərimizi şərtləndirdi. Belə ki, ölkəmizi həmin təməl üzərində daha da möhkəmləndirən, qələbəyə hazırlayan Prezident İlham Əliyev tariximizin ən şanlı Zəfər səhifəsini yazdı.
Təbii ki, hər bir uğur böyük səylərin, qətiyyətin nəticəsidir. Keçilən yola nəzər salaq. Tarixi şəxsiyyətlərin gördüyü işlərdən, dövlət, xalq qarşısında xidmətlərindən bəhs edərkən keçilən yolun təhlili bir zərurət kimi qarşıda dayanır. XX əsr tarixində fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik ənənəsi tarixin bizə bəxş etdiyi milli sərvətdir. Bu sərvətin dəyəri illər keçdikcə daha dərindən dərk olunur.
1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin ilk illərində Azərbaycan böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və davamlı uğurlara yol açılması bu gün harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır. Çünki bu yol hər günü Azərbaycanın tarixinə mühüm uğur səhifəsi kimi yazır.
Müstəqilliyimizin ilk illərində xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi. Digər tərəfdən isə Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb olmuşdu. Belə çətin məqamda xalq üzünü ümummilli lider Heydər Əliyevə tutmaqla bugünkü uğurlarımızı, müstəqil Azərbaycanın bir dövlət olaraq varlığının təsdiqini təmin etdi. Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev “Bizim artıq güclü dövlətimiz vardır- müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək deməliyik: Biz inkişaf etmiş ölkəyə çevrilməliyik! İnkişaf etmiş ölkələrin meyarları vardır. Bunları bilirik və biz hər bir istiqamət üzrə o meyarlara çatmalıyıq-həm siyasi, iqtisadi islahatlar, sosial siyasət və digər istiqamətlərdə” fikirləri ilə ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin bugünümüz üçün möhkəm təməl yaratdığını əsaslı şəkildə diqqətə çatdırır.
Ümummilli Liderin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə Onun xilaskarlıq missiyası gəlir. Böyük qətiyyəti, siyasi iradəsi ilə xilaskarlıq missiyasını yerinə yetirən Ümummilli Lider yeni, müasir Azərbaycanı qurdu. O, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etməklə yanaşı, Azərbaycanın bir dövlət olaraq dünyada tanınmasını, yeri və rolunun möhkəmlənməsini, ən əsası sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanıtmaq istəyini yeganə həyat amalına çevirdiyini diqqətə çatdırdı. Dahi şəxsiyyət bildirmişdir: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” Düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə daxili sabitliyi təmin edən ulu öndər Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələri bəyan etdi. Sabitlik bütün inkişafın əsası kimi dəyərləndirildi. 1995-ci ilin 12 noyabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızdan sonrakı dövr dövlətçiliyin möhkəmlənməsi, demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi dövrü kimi xarakterizə olunur. Ümummilli Lider bildirmişdir ki, demokratik cəmiyyətin varlığını təsdiqləyən insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın formalaşması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi və sair kimi bütün atributlar ölkəmizdə bərqərar edilməlidir.
Azərbaycanın bu gün demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi də dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini müəyyənləşdirərkən demokratik prinsipləri öndə saxlamasından irəli gəlir: “Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir.”
Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması Azərbaycanda daxili sabitliyin təmin olunmasında, digər sahələrdə əhəmiyyətli addımların atılmasında mühüm rol oynadı. Məhz həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bu mühüm addım Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirməklə yanaşı, xalqımızın uzun illərdən bəri ürəyində gəzdirdiyi bu istəyinin reallığa çevrilməsi oldu. Daim öz təbii sərvətlərinin əsl sahibi olmaq istəyən Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını gördükcə bundan daha da ruhlanır, gələcəyə böyük inamla addımlayırdı. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin 2006 və 2007-ci illərdə reallığa çevrilməsi, bunun ardınca dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu artıran Cənub Qaz Dəhlizinin rəsmi açılışı, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, həmçinin Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TANAP və TAP-ın istifadəyə verilməsi və sair kimi biri-birindən mühüm hadisələr “Əsrin müqaviləsi”nin ölkəmizə böyük uğurlar qazandırdığını bir daha dünyaya bəyan edir.
Təbii ehtiyatların xalqa məxsusluğunun sözdə deyil, əməldə həyata keçirilməsinin tərəfdarı olan ümummilli lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla əldə olunan neft gəlirlərinin şəffaf və ədalətli bölünməsini təmin etdi. Dövlət siyasətinin prioritetlərini müəyyənləşdirən Dövlət Neft Fondu şəffaflıq kriteriyalarına görə nümunəvi qurum kimi dəyərləndirilir. Fondun vəsaitlərinin düzgün istiqamətləndirilməsi və şəffaflığın təminatı əhəmiyyətli sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirir.
Bu gün böyük inamla qeyd edirik ki, neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Regionların malik olduğu potensial imkanlardan maksimum istifadə etmək üçün Dövlət proqramları təsdiqləndi və uğurla icra edilir. Ulu öndər Heydər Əliyevin “Neft- Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” çağırışı bütün dövrlərdə öz aktuallığını qorumaqla yanaşı, dövlət siyasətinin əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bildirmişdir ki, iqtisadi inkişafa uyğun olaraq əməkhaqqı ildə ən azı iki dəfə artırılmalıdır. Ötən 18 ildə həyata keçirilən təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın ən islahatçı ölkə kimi tanınmasını şərtləndirib.
Dahi şəxsiyyət Heydər Əliyev bu çağırışı da etmişdir ki, Azərbaycanı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq. Ulu Öndər harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə çağırdı. Öncə ayrı-ayrı dövlətlərdə Azərbaycan cəmiyyətləri, mərkəzləri yaradıldı. Sonra onların vahid mərkəzdən idarə olunmasını təmin etmək üçün 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycanı öz Vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz ümummilli lider Heydər Əliyevin səylərinin nəticəsidir. Sevindirici haldır ki, Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər ab-havasında qeyd olundu. Qarabağın tacı, Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı Şuşa 65 ölkədən 400-ə yaxın diaspor nümayəndəsini bir araya gətirərək Zəfərimizin sevincini yaşamağa və qarşıya qoyduğu hədəflərin müzakirəsini aparmağa şərait yaratdı. Zəfər Qurultayı kimi tarixə yazılan bu qurultay dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mühüm mesajları ilə yadda qaldı.
Bu fakt inkaredilməzdir ki, müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq bir sıra problemlərin yaranmasına, erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdu. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri məhz ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması oldu və uğurlu siyasəti ilə bu istəyini gerçəkləşdirdi. Məhz Ümummilli Liderin qətiyyətli addımları sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşdı, xarici siyasətimizin əsas məsələsi olan və hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişdi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüququn normativ sənədlərində öz əksini tapdı.
Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev böyük inam və qətiyyətlə bildirir ki, güclü, qüdrətli Azərbaycan bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Hazırda ölkəmizin sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanınması, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkanda yerləşən ölkə olaraq beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ən əsası dünyanın inkişafın Azərbaycan modelini təqdir etməsi, siyasi, iqtisadi, humanitar mərkəzə çevrilməsi təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətə əsaslanır. Bu gün Azərbaycanın üçrəngli bayrağının nəinki dünyanın ən nüfuzlu təşkilatlarının qarşısında, həmçinin 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızda dalğalanması Azərbaycanın haqqa, ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir. Ən əsası 2011-ci ilin mühüm uğurlarından olan Azərbaycanın 193 ölkədən 155- nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 2019-cu ildə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan, 120 üzvü sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və sonda qəbul olunan sənəddə Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin dəstəklənməsi mühüm diplomatik uğurlarımız sırasındadır. Həmçinin dövlətimizin başçısı İlham Əliyevin 2019-cu ildə Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun «Şərq şəfəqləri və dünya siyasi quruluşu» mövzusunda XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Aşqabad sammitində çıxışlar, «Qarabağ Azərbaycandır və nida işarəsi» bəyanatı, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə ev sahibliyi Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin uğurlu siyasətinin təntənəsi idi. «Valday» Beynəlxalq Diskussiya Klubunun iclasında cənab İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın «Qarabağ Azərbaycandır və nöqtə» sərsəm bəyanatına verdiyi «Qarabağ Azərbaycandır və nida işarəsi» cavabı həmin tədbirdən bir il sonra reallığa çevrildi, 44 günlük Vətən müharibəsinin rəmzi kimi öndə dayandı. Azərbaycan haqqı, ədaləti müdafiə edən, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsini istəyən ölkə olaraq ədaləti bərpa etdi, 30 illik işğala son qoydu, 2020-ci ilin 8 noyabr tarixini Zəfər Günümüz kimi tarixə yazdı. Təbii ki, bu Zəfərə qədər gedən yol Heydər Əliyev siyasətinə və bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə əsaslanır.
Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə xüsusi önəm verən, hər bir məsələnin ədalət prinsipi əsasında çözülməsində maraqlı olan Azərbaycan dövləti daim dünyaya bu çağırışı edirdi ki, ikili standartlara son qoyulsun, beynəlxalq hüquq normalarının icrası üçün vahid mexanizm müəyyənləşdirilsin, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli təmin edilsin. Problemin həlli üçün möhkəm hüquqi baza mövcud idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması öz əksini tapdı. Eyni zamanda, digər beynəlxalq qurumların, dövlətlərin qərar və qətnamələrində də Azərbaycanın mövqeyi dəstəklənirdi. Son bir ilə Azərbaycanın diplomatik uğurları göz önündədir və onların bir qismini yazının əvvəlinə qeyd etdik. Rəsmi Bakı bəyanatlarında bu fikri də səsləndirirdi ki, problemin sülh yolu ilə həlli imkanları tükənərsə, hərb variantı istisna edilmir. Azərbaycanın tam haqqı var ki, işğal altında olan topaqlarını istənilən yolla azad etsin. Ulu öndər Heydər Əliyev bildirmişdir ki, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.
Bu kimi bəyanatlar, ən əsası 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs sazişinin imzalanması Azərbaycanın sülh siyasətinə sadiqliyini, həmçinin bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsinin tərəfdarı olduğunu nümayiş etdirirdi. Amma qarşı tərəf, işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmir, problemin sulh yolu ilə həllini mümkünsüz edirdi. Azərbaycan Ordusunun gücü, qüdrəti bu fikri böyük inamla söyləməyə əsas verdi ki, işğal altında olan torpaqlarımız azad ediləcək, üçrəngli bayrağımız bu ərazilərimizdə dalğalanacaq.
2003-cü ildən başlanan Böyük Yolun davamı ulu öndər Heydər Əliyevin daim böyük inamla torpaqlarımızın işğaldan azad olunacağı günlə bağlı fikirlərinin reallaqda öz əksini tapmasını şərtləndirdi. Dövrün və zamanın tələblərinə uyğun olaraq təkmilləşmə, islahatlar qarşıya qoyulan hər bir hədəfə yüksək səviyyədə nail olmağa əsas verdi. Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan kimi dünyaya təqdim olundu. Ümummilli Liderin möhkəm təməl üzərində formalaşdırdığı siyasət Azərbaycana bugünkü uğurları qazandırdı. Şübhəsiz, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərini bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Bunların ümumiləşdirilmiş ifadəsi bugünkü Zəfər sevincimizdir. Son 18 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla Prezidentin birliyi dayanır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” fikirləri ilə bir daha müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Ona olan etimadını, inamını bütün istiqamətlərdə doğrultduğunu, ən əsası Daşlıq Qarabağ probleminin həlli ilə bağlı vəsiyyətini yerinə yetirməsindən qürurlandığını ifadə etdi. Həmin müraciətdə bu fikirlər də öz əksini tapmışdır ki, dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Nə qədər gözəl sözlər deyilir, nə qədər böyük dəstək göstərilir: “Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq!”
2003-cü il oktyabrın 1-də ulu öndər Heydər Əliyev xalqa müraciətində növbəti inamın və etimadın ünvanını göstərməklə canından artıq sevdiyi dövləti, xalqı üçün xidmətlərinin miqyasının daha da genişlənməsini təmin etdi. Həmin müraciətdə bildirmişdir: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»

