Gündəm 

Yeni Azərbaycan Partiyasının yaradılması gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı

Ulu öndər Heydər Əliyev-99

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “91-lər”in müraciətinə «Yeni, müstəqil Azərbaycan uğrunda» cavabı həmin dövrün çətinliklərindən xilas yolunu açıqlamaqla yanaşı, bugünkü uğurlarımızın başlanğıcı oldu

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək mümkün deyil. Dahi şəxsiyyətin yaradıcısı olduğu, bu gün nəinki ölkənin, Cənubi Qafqazın aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edən səbəblərə nəzər salaq.

Yeni Azərbaycan Partiyası zamanın diktəsi, xalqın istəyi ilə yaradılan partiyadır. Bu fikir o dövrlərdə bəlkə ə adi görünsə də zaman keçdikcə onun özündə ehtiva etdiyi məqamlar daha aydın dərk olunur. Çünki bu o illər idi ki, ölkədə xaos, anarxiya, özbaşınalıq, vətəndaş qarşıdurması geniş vüsət alır, torpaqlarımız işğal edilir, xalqın sabaha ümidi tükənirdi. 1992-ci il oktyabrın 16-da xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı «Azərbaycan Sizin sözünüzü gözləyir» müraciətində də həmin dövrün reallıqları öz əksini tapmışdır. Müraciətdə bildirilirdi ki, indiki çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz. Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvəyə malik bir partiya kimi görürük. Ümummilli Liderin «Yeni, müstəqil Azərbaycan uğrunda» cavabı həmin dövrün çətinliklərindən xilas yolunu açıqlamaqla yanaşı, bugünkü uğurlarımızın başlanğıcı kimi dəyərləndirilir. Dahi şəxsiyyət bu inamı ifadə etmişdir ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində yaradılması obyektiv zərurətdən irəli gələn Yeni Azərbaycan siyasi partiyası ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

Bu istək əsasında Yeni Azərbaycan Partiyasının yaradılmasından bizləri 30 ilə yaxın zaman ayırır. Təsis konfransını 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqın partiyasına çevrildi, hazırda 800 minə yaxın üzvü sıralarında birləşdirməklə ulu öndər Heydər Əliyevin ideyalarının, həyata keçirilən siyasətin təbliğatçısı və iştirakçısı kimi yeni-yeni hədəflərin gerçəkləşməsinə öz töhfəsini verir. Dünənin, bu günün partiyası kimi gələcəyə böyük inamla addımlayan Yeni Azərbaycan Partiyası sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. YAP yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul edib. Bir mühüm məqamı da qeyd etmək lazımdır ki, YAP müxalifət partiyası kimi yaradılsa da heç zaman dövlətə, dövlətçiliyə müxalifətdə olmamışdır. Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi, xalqın yüksək rifah şəraitində yaşaması pariyanın əsas prinsiplərində xüsusi yer tutur.

Yeni Azərbaycan Partiyasının 30 illik yolunu izlədikdə zamanın, dövrün tələblərinə uyğun təkmilləşmənin, seçkidən-seçkiyə şüarların, hədəflərin dəyişdiyini görürük. Vaxtilə “Yeni Azərbaycan uğrunda” şüarının fəaliyyətinin önündə saxlayan Yeni Azərbaycan Partiyası bu gün “Yeni -yeni hədəflərə doğru” deyir. Bu gün partiyanın hər bir üzvü sevinclidir. Artıq ilyarımdır ki, hər bir mühüm hadisəni, bayramları Zəfər ab-havası ilə qeyd edirik. Məhz uğurlarımız, dövlət başçısı, Müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi bizə bu Qələbə sevincini yaşatdı.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə Ümummilli Liderin hansı sahədə xidmətlərinə diqqət yetirsək, sonda Zəfərmiz bu uğurların əsasında yaşanan, onların zirvəsində dayanan tarixi hadisə kimi qeyd olunur. Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyev proqram xarakterli nitqində müstəqillik tariximizi təhlil edərək ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Azərbaycana qazandırdığı uğurları əsaslı şəkildə diqqətə çatdıraraq bildirmişdir ki, Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmış, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi: “Burada, əlbəttə ki, onun 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Çünki mən bunu dəfələrlə demişəm və partiya üzvləri bunu yaxşı bilir, gənc nəsil də bilməlidir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində 1982-ci ildə isə qabaqcıl yerlərdə idi. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı və insanlar o dövrü xatırlayırlar.” Ümummilli Liderin Naxçıvan dövründə də gördüyü işlər bugünümüzə hesablanmış, uğurlarımızda əsaslı rol oynayır.

Ölkə Prezidenti bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar bunu öyrənməlidirlər. Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Müstəqillik tariximiz məhz ondan başladı: “O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq.”

Məhz 1993-2003-cü illərdə yaradılan möhkəm bünövrə üzərində Azərbaycan son 18 ildə daha da inkişaf edərək 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərə imza atdı. Ulu öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində Azərbaycanının bu gününü və gələcəyini düşünərək növbəti inamın və etimadın ünvanını göstərdi- Cənab İlham Əliyev və Yeni Azərbaycan Partiyası. Son 18 il həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatını biri-birindən möhtəşəm uğurlarla zənginləşdirdi. Partiya qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslərilə Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verir.

Cənab İlham Əliyev hər zaman bu çağırışı edir ki, hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları kənara qoymalıyıq: «Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Mən demişəm, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır.»

Artıq yeni dövrün yeni reallıqlarına uyğun olaraq prioritetlər müəyyənləşdirilib. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi də artıq yeni hədəflərin müəyyənləşdirildiyini və əvvəlki illərdə əldə olunan uğurlar əsasında gələcəyə inamla addımlandığını təsdiqləyir. Dövlət başçısı İlham Əliyev partiyanın VII qurultayında 2003-cü ildən başlanan yolun mahiyyətini ətraflı şəkildə təhlil edərək o dövrü istər ictimai-siyasi sabitliyin qorunması, istər dayanıqlı iqtisadi inkişafın təmin olunması, istərsə də ordu quruculuğu və beynəlxalq münasibətlər sistemində mövqelərimizin möhkəmləndirilməsi baxımından hazırlıq dövrü kimi xaraterizə etmişdir. Məhz bu uğurlar Azərbaycanın tarixi Qələbəsinə yol açdı və postmüharibə dövrü üçün görüləcək işlər üçün təməl rolunu oynayır. İşğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini həyata keçirmək, soydaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün bütün imkanlarımız mövcuddur. Reallıq budur ki, ölkə Prezidenti İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırdı. Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb. Beynəlxalq maliyyə qurumlarının hesabatlarına diqqət yetirmək kifayətdir. Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir. Dünyanın ən böyük beyin mərkəzlərindən bir olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycanın mövqeyi 6 pillə yaxşılaşaraq 172 ölkə arasında 38-ci yerdə qərarlaşmışdır. Ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinliyin aradan qaldırılmasında stimulverici amil rolunu oynayır. 2008-ci ildən başlanan və nəticələri də hələ də bəzi ölkələrdə hiss olunan iqtisadi və maliyyə böhranını Azərbaycanın çox az hiss etməsi, eyni zamanda, 2019-cu ilin sonlarından başlanan koronavirus infeksiyası ilə mübarizə tədbirlərində ölkəmizin ortaya qoyduğu təcrübə də deyilənlərin təsdiqidir.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri müasir dövrün tələbləri əsasında həyata keçirilir. Azərbaycan yenilikçi, innovasiyalar ölkəsi olduğunu bərpa-quruculuq işlərində də təsdiqləyir. 800 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu prosesdə də fəal iştirak etməyə, bərpa-quruculuq işlərinə öz töhfələrini verməyə səy göstərir.

Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən partiyanın sıralarında təmsil olunmaq hər bir üzv üçün böyük fəxrdir. Ümummilli Liderin qeyd etdiyi kimi, YAP-a xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. Daim təkmilləşən, yeniləşən partiyanın sıralarında birləşən gənclərin sayı günbəgün artmaqdadır. Partiyada ilk gündən Ümummilli Liderin tapşırığına uyğun olaraq gənclərin fəaliyyəti, potensial imkanlarını ortaya qoymaları üçün hər cür şərait yaradılıb. Onların irəli çəkilməsi, potensial imkanlarından maksimum istifadə qarşıya mühüm vəzifə kimi qoyulub. Dövlət başçısı, YAP-ın Sədri VII qurultayda gənclərimizin, ümumilikdə partiyanın hər bir üzvünün qarşısında dayanan vəzifələri diqqətə çatdıraraq bu əminliyi ifadə etmişdir ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Musa Musayev, 
Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü

Daha çox xəbərlər