Əsas səhifə 

Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi qüdrətli və qalib Azərbaycandır

1993-cü ilin iyununda ölkəmizdə taleyüklü hadisələr baş verdi. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqların işğalı, digər tərəfdən ölkənin parçalanmaq təhlükəsi qarşısında qaldığını  görən ulu öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə  hakimiyyətə qayıtdı. Böyük siyasətçi ölkədə baş qaldırmış separatçı qüvvələri, Azərbaycan dövlətçiliyinə, ölkəmizin müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar qrupları zərərsizləşdirdi, ölkədaxili ictimai-siyasi sabitliyi, dövlət ilə xalqın birliyini, yekdilliyini təmin etdi. Ulu Öndərin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq istiqamətində təxirəsalınmaz vəzifələrindən biri davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəti addımlar atmaqdan ibarət idi. Onun hakimiyyətinin ilk illərində milli ordumuzun formalaşdırılması və döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi hərbi qarşıdurmada tarazlıq yaratdı.

1994-cü ilin qışında ordumuzun Horadiz istiqamətindəki sürətli hücumları və 20-dən artıq kəndin işğaldan azad edilməsi Ermənistanı atəşkəsə məcbur etdi. Məhz Ulu Öndərin təşəbbüsü, qətiyyəti, əzmkarlığı və uzaqgörənliyi sayəsində 1994-cü ilin may ayının 12-də Ermənistanla atəşkəs haqqında razılaşma əldə olundu, beş ildən artıq davam edən hərbi əməliyyatlar dayandırıldı, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ilkin şərait yarandı.

Ulu Öndərin  münaqişənin aradan qaldırılmasına nail olmaq üçün göstərdiyi fəaliyyət genişmiqyaslı idi. Dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli və eləcə də çoxtərəfli yüksək səviyyəli görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in Zirvə toplantılarında , Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan prezidenti ilə təkbətək danışıqlarda göstərdiyi ardıcıl səylər Ulu Öndərin xarici siyasətinin mühüm hissəsini təşkil edirdi.

ATƏT-in 1994-cü il Budapeşt, 1996-ci il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürüldü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon Zirvə görüşü zamanı ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi Ermənistan istisna olmaqla, bu quruma daxil olan 53 dövlət tərəfindən qəbul edildi, tanındı və müdafiə olundu. Qeyd etmək lazımdır ki, 1993-2000-ci illərdə ümummilli lider Heydər Əliyev ATƏT rəhbərliyi və Minsk qrupununhəmsədrləri ilə 130-dan çox görüş keçirmişdir. ATƏT-ə üzv olan ölkələrin liderləri ilə keçirilən görüşləri, aparılan danışıqları da buraya əlavə etsək, Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürmüş bu beynəlxalq qurumla Azərbaycanın nə qədər sıx və intensiv işlədiyi, qarşılıqlı əməkdaşlıq etdiyi aydın olar.

Nəhayət, 1999-cu ilin aprelindən başlayaraq Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində yeni bir format yarandı və o, öz fəaliyyəti ilə əslində ATƏT-in Minsk qrupunun işini tamamlayırdı. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqu idi. Heydər Əliyevin Ermənistanın ovaxtkı prezidenti Robert Koçaryan ilə Cenevrədə, Moskvada, İstanbulda, Parisdə, Minskdə, Davosda, Yaltada, Soçidə, respublikamızın Ermənistanla sərhədində çoxsaylı görüşləri olmuşdur. Ermənistan prezidenti ilə danışıqlar zamanı ulu öndər Heydər Əliyev əsasən münaqişənin tezliklə sülh yolu ilə tənzimlənməsi və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaradılması üçün qarşılıqlı surətdə məqbul kompromislərin axtarışı ilə məşğul olmuşdur. Qeyd etmək lazımdır ki, 1999-cu ilin axırlarında prezidentlər kompromis əldə edilməsinə yaxın idilər. Lakin Ermənistan əldə edilən razılaşmanı yenə də xaincəsinə pozdu.

Bu, bir həqiqətdir ki, bu gün müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi kimi qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Xüsusilə 2003cü ildən sonrakı dövrün əsas hədəfi torpaqlarımızın işğaldan azad edilməsi idi. Ümummilli lider Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi  «Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik» fikirləri artıq reallıqdır. Torpaqlarımız işğaldan azad edilib, üçrəngli bayrağımız bu ərazilərdə dalğalanır, onların malik olduğu potensial imkanlardan istifadə edib gələcəkdə ölkəmizin inkişafına davamlı töhfələr vermək üçün «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqlənib. Tezliklə Böyük Qayıdışın da sevincini yaşayacağıq. Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi güclü, qüdrətli, qalib Azərbaycandır. Tarixi Zəfərimiz milli qürurumuzu, kimliyimizi özümüzə qaytardı. Bu gün qalib ölkənin müzəffər xalqı kimi qürurluyuq. Alnımız açıq, başımız ucadır. Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir.

Daha çox xəbərlər