Cəmiyyət 

Mütaliə bir mədəniyyətdir. Mütaliə bizim söz ehtiyatımızdır

10 may 2022-ci il tarixində Mingəçevir şəhəri 18 nömrəli tam orta məktəbdə “Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi ” İctimai Birliyi Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə “Mütaliə mədəniyyətinin təbliğində ictimaiyyətin rolunun artırılması məqsədi ilə tədbirlərin təşkili ”layihəsi çərçivəsində maarifləndirici tədbir həyata keçirib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Hüseynova Aytən Famil qızı mütaliənin mahiyyəti və üstünlükləri haqqında məlumat verib. Bildirib ki, layihənin məqsədi Mingəçevirdə gənc və yeniyetmələr arasında mütaliə mədəniyyətini təbliğ etmək və  oxu mədəniyyətinin təşviqi və stimullaşdırılması istiqamətində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasından ibarətdir.Mütaliə, tədris, təhsil və tərbiyə bir növ vəhdət təşkil edir. Məncə, bu amillər insanın məktəbə ilk qədəm qoyduğu vaxtdan ömrünün sonuna qədər onu izləyir.

“Mütaliə insan zəkasının inkişafında mühüm rola malikdir. Əgər insan çox mütaliə edərsə onun dünyaya baxışı da çox zəngin olar. Əgər bir cəmiyyətdə oxumağı, yazmağı bacaranların sayı nə qədər çox olarsa, əlbəttə ki, o cəmiyyət daha çox inkişaf edər və hər zaman, hər yerdə öz dəyərləri ilə seçilmiş olar.”-deyə Aytən Hüseynova vurğulayıb.

Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Mütaliə insanı söhbətcil və hazırcavab edir. Mütaliə təfəkkürü dərinləşdirir.

Habelə Aytən Hüseynova qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev mütaliə mədəniyyətinin inkişafında bizə çox əhəmiyyətli tövsiyələr vermişdir. Dahi şəxsiyyət deyib: “Kitabxana xalq, millət üçün müqəddəs  bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Ulu Öndərimiz həmişə gənclərə mütaliə etməyi, biliklərini artırmağı tövsiyə etmişdir. Ümummilli lider Heydər Əliyevin bütün elmlərə dərindən yiyələnməyinin hər birimiz dəfələrlə şahidi olmuşuq. Bir sıra xarici jurnalistlərin Ulu Öndərə verdikləri – “Siz hər bir sahənin mütəxəssisi ilə onların özü kimi mühakimə yürüdə bilirsiniz. Bu qabiliyyət Sizdə haradandır?” – sualına dahi rəhbər belə cavab verirdi ki, hər sahəyə dair çoxlu sayda kitab oxumaq və zəngin həyat təcrübəsinə malik olmaq lazımdır.

Layihə rəhbəri mütaliənin insan şəxsiyyətinə müsbət təsirindən danışaraq belə deyib: “Mütaliə bir mədəniyyətdir. Mütaliə bizim söz ehtiyatımızdır. Bir insan “Bir kitab oxudum həyatım dəyişdi və ya bir  kitab oxudum mənə çox təsir etdi” deyə bilər. Elə bütün bunlar kitabın insan həyatındakı rolunu ifadə etməyə kifayət edir. Biz kitab oxuyuruq. Məsələn, bir roman oxuyuruq, burada yazıçı tərəfindən təsvir olunan obrazları, mühiti və s. öz beynimizdə canlandırırıq. Bu  baxımdan, kitab oxumaq filmə baxmaqdan da fərqlidir. Kitab oxumaq insana motivasiya verir, ruhlandırır, daha müsbət nəticələr əldə etməyə kömək edir. Mütaliə bilmədiyimiz dünyaları bizə açır. Mütaliə imkan yaradır ki, insan öz daxili aləmini tanısın. Kitablara etibar et, onlar sənin ən yaxın dostundur. Onlar lazım olanda susurlar, danışmaq lazım olanda isə sənə bütün dünyanı göstərirlər.Bir sözlə, mütaliə insanların dünyagörüşünün formalaşmasında ən vacib amillərdən biridir. Mütaliəyə ayırdığımız vaxt heç vaxt hədər olmayacaq, əksinə, bizə yeniliklər qazandıracaq.”

Tədbirdə  məktəbin psixoloqu Məmmədova Gültəkin Polad qızı və digər məktəbin müəllimləri  Əlləzova Fərqanə Musa qızı , Əmirova Türkan Əhməd qızı çıxış edərək mütaliə mədəniyyətini rolunun artırılması barədə öz fikirlərini şagirdlərlə bölüşüb.

Sonda Layihənin rəhbəri Hüseynova Aytən layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirib.

Daha çox xəbərlər