Belə demokratiya olar?
ABŞ-ın Milli Demokratiya Fondunun insan hüquqlarının qorunması ilə bağlı təxribatlarının məqsədi Ermənistanın baş naziri Nikol Paşinyanın dayısı Sorosa dəstək göstərmək, Azərbaycan reallıqlarına kölgə salmaqdır
Ölkəmizə gələn qonaqların «Azərbaycanda tolerantlıq ideya yox, gerçəklikdir. Azərbaycan hər mənada çox zəngin ölkədir və öz tolerantlıq modeli ilə fəxr edə bilər» sözləri də təsdiqləyir ki, respublikamızda həyata keçirilən demokratik islahatların əsasını insan amilinə diqqət və qayğı kimi humanist prinsiplər təşkil edir. Xarici siyasətində qarşılıqlı hörmət və etimadı əsas istiqamət kimi müəyyənləşdirən Azərbaycanın artan siyasi, iqtisadi, hərbi qüdrətini həzm etmək istəməyən Qərbin ermənipərəst dairələri ölkəmizdə formalaşdırdıqları «beşinci «kolon»u maliyyələşdirməklə, ikili standartlar siyasətini davam etdirməklə bu reallığa kölgə salmağa cəhd edirlər. «Əmrə itaət etməyən» dövlətlərin daxili və xarici siyasətini «idarə etməyə» çalışan siyasətbazların əsas məqsədi zəif ölkələrdə siyasi sabitliyi pozmaq, daxili vəziyyəti gərginləşdirməkdir.
Ötən illərdə «birqütblü» dünya həvəsində olan qərəzli dairələrin məqsədlərinin gerçəkləşməsi naminə daha çox canfəşanlıq göstərən ABŞ Dövlət Departamenti, Avropa Parlamenti, «Human Rights Watch», «Freedom House», «Amnestiy İnternational» kimi üzdəniraq beynəlxalq təşkilatların ölkəmiz haqqında həqiqəti əks etdirməyən «demokratiya axtarışlarının» məqsədli və məkrli niyyətləri bəlli idi: Azərbaycanın dünyada, bölgədə möhkəmlənən mövqeyinə kölgə salmaq, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaq. Əsas bəhanələri isə guya «insan hüquqlarının qorunmasına» dəstək göstərmək idi.
Qərbin maliyyələşdirdiyi və «rəngli inqililab»ların hazırlandığı USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi), NED (Milli Demokratiya Fondu), İRİ (Beynəlxalq Respublika İnstitutu) və NDİ (Milli Demokratiya İnstitutu) kimi təşkilatlar bir çox ölkədə yaratdıqları qeyri-hökumət təşkilatlarının vasitəsi ilə şəxsi ambisiyalarına uyğun qarşıdurmalar törədirlər. Belə «demokratların» qərəzli əməlləri ölkəmizdə də hiss olunmuşdur.
Bu cür «qara piar» ənənələrinə sadiq qalan «demokratiya nəzəriyyəçiləri» yenə də röyalarında Azərbaycanı görüblər. Amma bir məqamı da unudurlar ki, regionda və dünyada qarşılıqlı əməkdaşlıq, etimad prinsiplərinə hörmətlə yanaşan Azərbaycan təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda ancaq dostluq, əməkdaşlıq naminə çağırışlara qoşulur. Terrora və zorakılıqlara qarşı mübarizənin önündə gedən multikultural, humanist dövlətdir. Buna görə də ölkəmizdə guya pozulan insan hüquqlarından bəhs etmək inandırıcı deyil. Amma qaşınmayan yerdən qan çıxarmaqda məşhur olan «demokratların» təmsilçisi, Ukrayna hadisələrinin aparıcı təlimatçısı kimi tanınan Viktoriya Nulandın bu günlərdə « fəallaşması» da Qərbin «demokratiya axtarışının» ölkəmizə yönələn izidir. Hədəf də, məqsəd də aydındır: İkinci Qarabağ müharibəsində Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edən Azərbaycan haqqında qeyri-obyektiv ictimai rəy formalaşdırmaq, işğalçı ölkədə yaranan siyasi qarşıdurmaları pərdələməkdir.
Son günlər maliyyələşdirdikləri «beşinci kolon»u təlimatlandıran,” guya Azərbaycanda insan hüquqlarının pozulması, ictimai fəallara təzyiqlərin artması, bloqqerlərə qarşı zorakılıqlara yol verilməsi kimi yalanlar uyduraraq aksiyalara cəhdlərin müəllifləri də Qərbin demokratiya adı altında qarışıqlıq yaradan təşkilatlarıdır. Bunun üçün ABŞ-ın National Endowment for Democracy Fondu (NED) Azərbaycandakı antimilli qüvvələrə 2022- ci il üçün 970. 235 dollar ayırıb. Xarici dairələrdən verilən təlimata əsasən həmin məbləğin 398.837 dolları Bakıda və regionlarda aksiyaların, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkilinə sərf olunmalıdır. İnsan hüquqlarının qorunmasının monitorinqi və digər məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə də vəsait ayrılıb. Fondun «təcili qrantlar»ın sərfi üçün müddət mayın 25-nə qədər planlaşdırılır. «Təcili qrantlar»ın ayrılmasında məqsəd sabitliyin pozulmasına yönələn prosesi sürətləndirməkdir. Hazırda həmin «təcili qrant» layihəsini reallaşdırmağa çalışan «beşinci kolon»un əsas personajı jurnalist ” Aytən Məmmədovadır. Məişət zəminində baş verən hadisəni siyasiləşdirməyə çalışan milli heysiyyətlərini dollarlara satan «beşinci kolon»un agent şəbəkəsi daha yüksək sürət götürərək «təcili» sifarişi « ildırım sürəti» ilə yerinə yetirməyə çalışırlar. Təki ağaları onlardan razı qalsınlar və verdikləri tula payının məbləği artırılsın.
Bəllidir ki, iyunun 10 Bakıda Formula 1 yarışı start götürəcək. Antimillilərin canfəşanlığı, Aytən Məmmədova ilə bağlı «insan hüquqlarının pozulması» görüntüsünün yaradılması, bir qrup xəyanətkarın bəyanatla meydana çıxması, ABŞ-ın Azərbaycandakı səfirliyinin buna dərhal reaksiya verməsi, sonda isə bu məsələnin hətta ABŞ Dövlət Departamentinə çatdırılması, nəticə olaraq həmin «fəalların»” aksiya təyin etməsinin pərdəarxası görüntüsü bəllidir: Bakı Şəhər Halqasının keçiriləcəyi günlərdə xarici qonaqlarda Azərbaycan demokratiyası haqqında mənfi rəy formalaşdırmaq.
Maraqlı budur ki, ABŞ-ın Ermənistandakı səfirliyi, Dövlət Departamenti, hətta sifarişlə işləyən beynəlxalq hüquq müdafiə təşkilatları bütün ölkəni bürümüş mitinqlərdə aksiyaçılara edilən polis zorakılığını görmək istəmirlər. Sanki Ermənistanda asayiş bərkamaldır və insan hüquqlarının pozulması müşahidə olunmur. Təhlillər göstərir ki, Azərbaycana qarşı iddiaların əsasında duran əsas səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın dayısı Sorosun «uşaqlarının»” törətdikləri özbaşınalıqlardan diqqəti yayındırmaqdır. Ermənistanda davam edən mitinqlərə, aksiyalara göz yuman, əhali ilə güc strukturları arasında yaranan qarşıdurmanı «görməyən», Azərbaycanda adi bir məişət hadisəsini böyüdücü cihazlar vasitəsi ilə təhlil edən ABŞ Dövlət Departamentinin ölkəmizlə bağlı reaksiyası müstəqil Azərbaycanın daxili işlərinə müdaxilədir ki, bu da baş tutan məsələ deyil. Qərbdəki ermənipərəstlər 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfərini, ölkəmizin iqtisadi inkişafını, möhkəmlənən beynəlxalq nüfuzunu həzm edə bilmirlər. Halbuki ABŞ-da davamlı olaraq ictimai fəallarla, jurnalistlərlə, irqi ayrı-seçkiliyin qurbanı olan qaradarililərlə bağlı minlərlə cinayət hadisələri baş verir, insan hüquqları polis dəyənəyi ilə pozulur. Özlərini insan amilinin qoruyucu mələyi simasında təqdim etməyə çalışanlar ABŞ-da böyük səs-küy yaradan hadisələrin üstündən sakitcə keçirlər. Quantanamo həbsxanasında saxlanılanlara qarşı tətbiq edilən ən dəhşətli işgəncələrı görməyən bu «demokratlara» irqi ayrı-seçkiliyin qurbanı olan ABŞ-ın Baltimor şəhərində həbs olunan 25 yaşlı Freddi Qreyin, Missuri ştatının Sent Luis şəhərində 23 yaşlı qaradərililərin ölümlərini, Oklahoma ştatının Tulsa şəhərində 44 yaşlı Erik Harrisin qətlini xatırladaq. Amma nədənsə bu cinayətlər haqqında danışan yoxdur.
Görünən odur ki, ABŞ Dövlət Departamentinin rəsmiləri özlərinə sərf olunan məqamda «Babam mənə kor deyib, gəlib-gedənə vur deyib» məsəlinə uyğun amerikasayağı «demokratiya dəyənəyi»ni işə salırlar və «qara piar» kampaniyası ilə Azərbaycana qarşı təxribatlar təşkil edirlər. Amma yanılırlar. Azərbaycan ictimaiyyəti belə çirkin oyunların qarşısını iqtidarın ətrafında sıx birləşməklə alıb. Buna görə də bu təxribatın da ölkənin ictimai rəyinə təsir edəcəyini, bununla hansısa məqsədlərə nail olunacağını düşünənlər növbəti dəfə yanılırlar. ABŞ Dövlət Departamenti özünün dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatında qeyd etdiyi azərbaycanlılara qarşı qətllər törədən erməni faşitlərinin vandal əməllərini nə tez unudub? Həmin sənəddə 2020-ci ildə etnik erməni qüvvələrinin bəzi azərbaycanlı əsirləri qanunsuz şəkildə qətlə yetirdiklərinə və işgəncəyə, ləyaqəti alçaldan rəftara məruz qoyduqlarına dair məlumatlar da əksini tapıb. Buna görə də ABŞ Dövlət Departamenti pozulan insan hüquqlarından bəhs etmək istəyirsə heç uzağa getməsin. Elə öz saytlarında yerləşdirdikləri məlumatlara istinad etsinlər. Erməni faşizminin etirafı əsl demokratiya olar.

