Vətən sevdalısı
İkinci Qarabağ müharibəsində 30 il əsir düşən Vətən torpaqları uğrunda canından keçməklə xalqımıza şanlı qələbə yaşadan Cavid Vaqif oğlu Zeynalov Yardımlı rayonunun Mirimli kəndində boya-başa çatmışdı. Vətənin müqəddəsliyinə tapınmaqla yetkinlik yaşına çatan Cavid ömrünü onun üçün yaşamağı qarşısına əsas məqsəd qoyur. Bu amalla orta məktəbi bitirib Lənkəran Tibb Kollecinə daxil olur. Xalqa, el-obaya ləyaqətlə, təmənnasız xidmət etməkdən ötrü feldşer ixtisası üzrə oxuyub-öyrənməkdən doymur.
Cavidin əsgər yaşı çatanda Milli Ordu sıralarına yola düşür. Cəbhə bölgəsində xidmətə başlayan gündən cəsur, qorxmaz, Vətənini göz-bəbəyi tək qoruyan, düşmənin hər bir hərəkətini izləyən əsgər olaraq tanınır. Erməni dığalarına sonsuz nifrət bəsləməklə komandirlərin tapşırıqlarını uğurla yerinə yetirir. Beləcə əsgər yoldaşları arasında seçilən, sevilən Cavid Vətən qarşısında borcunu üzüağ yerinə yetirib ailəsinə qayıdır.
El-obada hamının hörmət göstərdiyi gənc oğlan təhsilini başa vurur. Bir il Yardımlıda insanların sağlamlıq keşiyində durur. Qaldı ki, canına yağı dadanmış yurdun taleyi onu həmişə narahat edir. Qəlbi Vətəninə, torpağına məhəbbətlə döyünən Cavid rahat həyatını qoyaraq, könüllü olaraq özünü hərbiyə bağlayır. 2013-cü ildən orduda hərbi feldşer kimi fəaliyyət göstərir. Və məqamı gələndə məkrli düşmənlə son nəfəsinə qədər döyüşərək qisasını alacağına and içir.
C. Zeynalov öz işini layiqincə görür. Həmişə Qarabağın tezliklə azad olmasını düşünür, hər bir əsgərə, zabitə olan sevgisi sanı ilahidən gəlir. Yağı düşmənlə üz-üzə gələndə təcavüzkara yerini göstərə bilir. İgid əsgər Aprel döyüşlərində isə sözün əsl mənasında düşmənin anasını ağladır, neçə-neçə şəhidin qisasını alır. Cavidin yaşının çərçivəsinə sığmayan qəhrəmanlığı bir daha onu əsgər yoldaşların, komandirlərin gözündə ucaldır. 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalına layiq görülür. Baş çavuş erməni dığaların üzərində qazanılan qələbə gününə hazırlaşır.
Nəhayət ki, Cavidin arzuladığı gün gəlir. Vətən yolunda canından keçməyə hazır olan qəhrəman İkinci Qarabağ müharibəsi başlanan günü xalqımızın mərd oğullarına qoşulub cəbhənin ən qızğın yerlərinə gedir. Yaralı əsgərlərə tibbi yardım göstərməklə bərabər, həm də düşmənə sarsıdıcı zərbələr endirir. Azad olunan Qarabağ torpaqlarında Azərbaycanın bayrağı ucaldıqca ürəyi dağa dönür. “ Biz mütləq qələbə qazanarıq”- deməklə əsgər yoldaşlarını da irəliyə aparır. Vətən sevdalısının son döyüş yeri Füzuli olur. Burada müqəddəs şəhidlik zirvəsinə ucalaraq, əbədiyyət adlı dünyasına qovuşur. Milyonların qəlbində yaşamaqla, doğma Mirimli kəndində canından artıq sevdiyi Vətən torpağının sinəsinə baş qoyur. Yardımlı camaatı qəhrəman oğlunun uyuduğu torpağı özlərinə and yeri bilir, hər yerdə, hər zaman onun adını qürurla çəkirlər. Dövlət də Cavidin müharibə meydanda göstərdiyi şücaətini “Vətən uğrunda”, “Cəsarətli döyüşçü”, digər medallarla layiqincə qiymətləndirib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü