Cəmiyyət 

Uşaqları intihara aparan yollar – Bu yolların önünü necə kəsə bilərik?

Son günlər Azərbaycanda uşaqlar arasında intihar hallarının artması müşahidə olunur. Baş verən intihar hadisələrinin səbəbləri müxtəlifliyi ilə fərqlənir. Əsas diqqətçəkən məqam isə azyaşlılar arasında intihar hallarının çoxalmaqda davam etməsidir.

İntihara müxtəlif amillər səbəb ola bilər. Burada bioloji və sosioloji məqamlar var. Lakin əsas olan psixoloji faktorlardır. Mütəxəssislərin sözlərinə görə, konkret intihar hadisəsi haqqında danışmaq üçün insanın şəxsiyyət keyfiyyətləri ilə yanaşı, hadisənin səbəbini də bilmək lazımdır. Lakin psixoloqlar intiharla nəticələnə biləcək halları şərti olaraq dörd qrupa bölürlər.

Birincisi, təcrid, başqa sözlə desək, cəmiyyətdən təcrid olunmaq. Yəni, insan cəmiyyətdə olsa da, heç kimin onunla maraqlanmadığını, heç kim üçün önəm daşımadığını düşünür. İkincisi, köməksizlik hissinin yaranmasıdır. Belə ki, insan ətrafında baş verən hadisələrə müdaxilə edə bilmədiyini görür, əlindən heç nə gəlmədiyini anlayır. Üçüncüsü, ümidsizlikdir. Bu, insanın öz gələcəyi haqqında bədbin olması kimi başa düşülür. Dördüncüsü isə qiymətləndirmədir. İnsan öz potensialını kifayət qədər qiymətləndirə bilmir və onda natamamlıq kompleksi yaranır. Bütün bunlar insanı intihara apara bilər.

Depressiya da intiharın hərəkətverici qüvvələrindən biri hesab edilir. Ona görə də depressiya ilə mübarizə aparmaq şərtdir. Yuxarıda sadalanan 4 şərt insanda depressiya yaradan əsas səbəblərdir. Depressiyaya düşmək qorxulu deyil. Hətta belə deyirlər ki, depressiya ruhun soyuqdəyməsidir. Sadəcə bu arzuolunmaz haldan çıxmağı bacarmaq lazımdır. Depressiyadan məhz vaxtında çıxa bilməmək intiharla nəticələnir.

Depressiya ilə mübarizə aparmaq üçün mütləq psixoloji söhbətlər aparılmalı və şəxsin fikirləri dəyişilməlidir. “Böhran kartları”ndan istifadə etmək də fayda verə bilər. İstənilən halda psixoloqla məsləhətləşmək şərtdir. Əks halda bəzən insan özü belə, necə olduğunu bilmədən intiharın qurbanına çevrilir.

Aparılan araşdırmalar onu deməyə əsas verir ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da yeniyetməlik dövrünədək az olur, məhz yeniyetməlik dövründə artmağa başlayır.

Mütəxəssislərsə yeniyetmə yaşlarında yaranan intihara cəhd səbəblərinin romantik münasibətlər və abituriyentlik olduğunu deyirlər. 15-17 yaşlı yeniyetmə gərgin və stresli dövr keçirir. İstədiyi nəticə olmayanda bəzən bunu qəbul edə bilmir. Bəzilərinə qoyulan tələbləri yerinə yetirə bilmədiyi üçün ailəsi ona qarşı təzyiq göstərir. Nəticədə psixoloji durumu normal vəziyyətdə olmayan yeniyetmə intihar yolunu seçir.

İntihara digər səbəb uşaqların keçid dövrü problemidir. Həmin müddətdə uşaqların müstəqillik arzusu baş qaldırır ki, bu zaman ailədə valideynlə uşaq arasında tez-tez konfliktlər ortaya çıxır. Hətta çox xırda məsələlər üstündə evdə ciddi söz-söhbət yaranır. Məsələn, uşaq bahalı telefon istəyir, valideyn isə onu almağa imkanının olmadığını bildirir. Bu kimi hallarda uşaq valideynlərinin acığına, onları cəzalandırmaq üçün intihar edir.

İki əsas tip yanlış valideyn davranışının olduğunu deyən mütəxəssislər bildirirlər ki, birinci tipə aid olanlar övladlarının maddi təminatını ödəməklə işini bitmiş hesab edir, problemləri ilə maraqlanmır, qayğısına qalmırlar. Digər tip valideynlər isə uşaqlarını həddən artıq sıxırlar, onlarla çox ciddi rəftar edir, lazımsız qadağalar qoyurlar və s.

İntiharlar daha çox ailələrdəki problemlər üzündən baş verə bilir. Azərbaycanda uşaqlar arasında intiharlar daha çox ailələrdəki problemlər üzündən baş verir. Valideynlərin alkoqol içkilərdən, narkotik maddələrdən istifadəsi, uşaqlara etinasızlıq göstərilməsi, onlara qarşı sui-istifadə hallarına yol verilməsi, təhsildən yayınma, psixoloji duruma təsir edən digər halların baş verməsi intihara gətirib çıxaran səbəblərdəndir. Belə valideynlər öz üzərlərinə düşən məsuliyyəti yerinə yetirmirlər. Uşaqlarının qarşısına planşet və ya telefon qoyaraq ya “sən bu mühit içində yaşa” deyirlər, ya da televizoru qoşurlar ki, 8 saat cizgi filminə baxsın. O uşaq orada nə görəcək? Ən böyük problem isə bunu hələ uşaq körpə ikən etməyə başlamalarıdır.

Psixoloqlar valideynləri diqqətli olmağa çağırırlar. Hər insanın içərisində müəyyən zamanlarda boşluq olur. İnsan o boşluqları müxtəlif şeylərlə doldurmağa çalışır. Kimisi kitab oxuyur, kimisi ibadət edir, kimisi zərərli vərdişlərə aludə olur, kimisi də sevməklə bu boşluğu doldurur. Nəzərə almaq lazımdır ki, yeniyetməlik ailədən kənar sevgilərin formalaşdığı dövrdür. Onların sevgi ilə bağlı müxtəlif xəyalları, gələcəklə bağlı planları olur. Yeniyetmələr sevgi prosesini çətin keçirirlər. Ailə daxilində münasibətlər nə qədər sağlam olarsa, yeniyetmə ailəyə bağlanar və onlar kənar şəxslərə qarşı ifrat dərəcədə sevgi hissi bəsləməz. O, sevgisini ailəsi ilə kompensasiya edər, onlarla rahatlıq tapar. Münasibətləri soyuq olan ailənin övladı isə sevgisini kənar şəxslərlə bölüşür. Hisslərinə qarşılıq görməyəndə isə intihar kimi hadisələrə üz tutur. Yeniyetmələrin valideynləri diqqətli olmalıdır. Onlar yeniyetməyə şəxsiyyət kimi yanaşmalıdır. Əgər uşaq dərsdən uzaqlaşır, özünə qapılıb, ətrafla ünsiyyət qurmur, bütün günü musiqiyə qulaq asırsa, bu, artıq problemin göstəricisidir, bir siqnaldır. Valideyn uşağı ilə ünsiyyət qurmağa çalışmalıdır. Ünsiyyət qura bilməyəndə mütəxəssisə müraciət etməli və ilkin rəy almalıdır. Bəzən uşaqlar ailəyə demədiyini yada deyir, valideynin sözünə qulaq asmır, amma qonşunun sözü ilə oturub-durur. Bu prosesdə mütəxəssis yeniyetmənin özünə qayıtması, yenidən həyata bağlanması üçün çox yaxşı yol göstərə bilər. Biz artıq fərqli cəmiyyətdə yaşayırıq. Bu gün valideyn övladını öz yeniyetməlik dövrü ilə müqayisə etməməlidir. İndi cəmiyyət fərqlidir, 10-15 il öncəki dövr deyil. İnformasiya əsridir, elm, texnologiya inkişaf edib. Əvvəllər bizim milli düşüncəmizə təsir edən amillər yox idi, indi qloballaşan dünyada yaşayırıq. Çox zaman yeniyetmələr və gənclər serialda gördüklərini həyata keçirmək istəyirlər, onlar kimi olmağı və yaşamağı arzulayırlar. Valideynlər bütün bunları nəzərə almalı, onlarla ünsiyyətdə ehtiyatlı olmalıdır. Valideynlər onları intihar edəcəyi ilə qorxudan övladlarına ciddi yanaşmalıdırlar. Bəzən yeniyetmələr diqqət çəkmək üçün ailəsini intihar edəcəyi ilə qorxudur. Valideyn bunu şantaj kimi deyil, ciddi qəbul etməlidir, övladına biganə yanaşmamalıdır. Valideyn uşağın şantaja əl atdığını və beyninin bir kənarında intihar etmə istəyinin olduğunu gördükdə, tədbir görməli, dərhal həkimə müraciət etməlidir. Yeniyetmə intihar havasına girdikdə bəzən düşünmədən canına qıyır. Valideynlər diqqətli olmalıdırlar. Yeniyetmələr də bilməlidir ki, onların intiharı valideynə ömürlük travmadır. Onların bir anlıq əsəblə, gərginliklə intihar etməsi ailələrinə ömürboyu dərd verir.

Daha çox xəbərlər