Gündəm 

Müsəlman ölkələrinin əməkdaşlıq platforması

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında təşkilata rəhbərliyin Azərbaycana tapşırılması, «Bakı Bəyannaməsi»nin imzalanması  İslam aləminin ayrılmaz parçası olan ölkəmizə verilən dəyərdir

Nüfuzlu beynəlxalq təşkilatlarda layiqincə təmsil olunan, dünya siyasətinin aktual problemlərinin müzakirəsində ədalətli   mövqeyi dəstəklənən,  dövlətlərarası qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə  önəmli töhfələr verən Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əlaqələri  yüksək səviyyədədir. İƏT Xarici İşlər Nazirləri Şurasının bu ilin martın 22-23-də İslamabadda «Birlik, ədalət və tərəqqi naminə tərəfdaşlıq”» adlı  48-ci sessiyasında İslam dünyasındakı narahatlıqların həlli ilə bağlı  təkliflərin səslənməsi, Fələstində, Qüdsdə, Əfqanıstanda baş verən hadisələr , Cammu və Kəşmir problemləri ilə bağlı İƏT-in Kontakt Qrupunun fəaliyyəti, həmçinin Afrika ölkələrinə yardım məsələləri  ilə bağlı  müzakirələr, İslamofobiya üzrə müşahidə qrupunun hesabatı, İslam ölkələrində iqtisadi, sosial, humanitar və mədəni inkişaf məsələləri bütünlükdə dünyada sabitliyin qorunmasının təminatına xidmət edəcək fəaliyyət proqramı kimi  yadda qaldı.

Əsas məqsədi müsəlman ölkələri arasında  siyasi, iqtisadi, ticari, mədəni əlaqələrin möhkəmləndirilməsi, islamofobiyaya qarşı birgə  mübarizənin gücləndirilməsi olan İƏT artıq tarixin arxivinə göndərilən  Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 30 ildə daim Azərbaycanın yanında olmuş,  təşkilata üzv dövlətlər ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini  qəbul etdikləri  rəsmi qətnamələri ilə bildirmişlər.   Azərbaycana səfərləri zamanı 30 il Ermənistanın işğalı altında qalan  ərazilərdə  erməni vandallarının törətdikləri vəhşilikləri pisləyən, dini abidələrimizi, məscidlərimizi dağıdan erməni quldurlarını lənətləyən  təşkilatın üzvləri bu qəddarlığı  İslami dəyərlərə hörmətsizlik adlandırmışlar.  Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda təsis edilən və  çoxşaxəli əməkdaşlığın platforması adlandırılan İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin yaradılmasını,  Nizamnaməsinin hazırlanmasını, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı  Qələbəni İslam aləminin Zəfəri kimi dəyərləndirən konfrans iqtirakçıları bildirmişlər ki, humanitar çağırışların, təşəbbüslərin müəllifi  kimi tanınan Azərbaycan  İƏTPA-ya sədrliyi dövründə də  islamofobiyaya qarşı mübarizədə fəal iştirakını multikultural dəyərlərə malik tolerant  ölkə kimi davam etdirəcək,   faydalı təşəbbüsləri ilə İslam ölkələri arasında  əməkdaşlığı gücləndirəcək.

İki ildən artıq müddətdə davam edən COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən, Türk Şurasına və Qoşulmama Hərəkatına sədrliyi müddətində belə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olan Azərbaycanın beynəlxalq həmrəyliyə və əməkdaşlığa verdiyi töhfələrdən müsəlman ölkələri də bəhrələnmişlər. İkinci Qarabağ müharibəsindən sonra   işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfər edən, Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, Pakistan, İraq, Mavritaniya, Mərakeşdən olan, eləcə də İƏT-ə üzv  Dövlətlərin Jurnalistləri Assosiasiyasının üzvlərinin  ermənilər tərəfindən dağıdılmış Füzulidə, Şuşada və Ağdamda olmaları, Ermənistanın silahlı qüvvələrinin törətdikləri vəhşilikləri beynəlxalq ictimaiyyətə çatdırmaları müsəlman ölkələrinin sarsılmaz birliyinin ifadəsidir. Qarabağda və Şərqi Zəngəzurda  erməni  vandallarının törətdikləri vəhşiliklərin,  dağıdılan abidələrin bərpasında  müsəlman ölkələrinin yardımı ilə bağlı bu günlərdə Milli Məclisdə keçirilən konfransda da ətraflı  bəhs olunub.

İƏTPA-nın Milli Məclisdə keçirilən  «Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları» mövzusuna həsr olunan  Üçüncü Ümumi Konfransında çıxış edən  Azərbaycan parlamentinin sədri Sahibə Qafarova  Pakistan İslam Respublikasının Milli Assambleyasına İƏT PA-ya sədrliyi dövründə görülən işlər üçün  minnətdarlığını bildirməklə vurğulayıb ki,   bu estafeti layiqincə davam etdirəcək,  təşkilatın tam potensialını üzə çıxarmaq, dayanıqlı tərəfdaşlıq əlaqələrini  möhkəmləndirmək üçün  Milli Məclisin  üzvləri fəallıqlarını artıracaqlar.  Konfransda Azərbaycan, Türkiyə və Pakistan parlamentləri nümayəndələrindən ibarət  formalaşan İƏTPA-nın işçi qrupu tərəfindən verilən təkliflər əsasında hazırlanan Bakı Bəyannaməsinin imzalanması, Assambleyanın Katibliyinin inzibati və maliyyə qaydalarının qəbul olunması, İƏTPA-nın prosedur qaydalarına dəyişikliklərin  təsdiqi   bu konfransın  tarixi  əhəmiyyəti  kimi dəyərləndirilib. Milli Məclisin Sədri  Sahibə Qafarova bildirib ki,  Üçüncü Ümumi Konfransda İƏTPA-na sədrlik səlahiyyətlərinin Pakistan İslam Respublikasının Milli Assambleyasından Azərbaycan Respublikasının Milli Məclisinə keçməsi parlamentlər arasında əməkdaşlığı daha da möhkəmləndirəcək, ölkələr arasında ikitərəfli,  çoxtərəfli əməkdaşlığın inkişafına önəmli töhfələr verəcək. İƏT-ə daxil olan, tarixi, mədəniyyəti, milli  adət- ənənələri oxşar  xalqların İslami dəyərlərə sadiqliyi  müsəlman ölkələrinin birgə fəaliyyətini  təmin edəcək. Assambleyanın Nizamnaməsinin ratifikasiya edilməsi gələcək işlər üçün proqram xarakterli  fəaliyyət istiqaməti olacaq.

Konfransda bildirilib ki, iki ildən artıq davam edən,  dünya iqtisadiyyatında durğunluq, böhran dövrü kimi yaşanan COVID-19 pandemiyası bütün ölkələrin ictimai həyatına da təsirsiz ötüşməyib və ciddi çətinliklər yaradıb. Təəssüf ki, dünya ictimaiyyəti bu çətinliklərə hazırlıqlı olmayıb. Buna görə də  böhrandan çıxış yollarının tapılması üçün müəyyən vaxt tələb olunurdu. Pandemiyanın yaratdığı problemlərin bir-biri ilə bağlı olması və ilk növbədə  sosial-iqtisadi yükünün ağırlığı, virusla  mübarizədə yaranan mənfi nəticələrin aradan qaldırılması üçün qlobal səylərin səfərbər olunması zəruri idi. Ooşulmama Hərəkatına, Türk Şurasına sədrliyi müddətində bəşəri bəla olan pandemiyaya qarşı mübarizənin vacibliyini  irəli sürdüyü təşəbbüsləri,  COVID-19 –dan ən çox əziyyət çəkən ölkələrə göstərdiyi  maliyyə və humanitar yardımları ilə bildirən Azərbaycan bir çox ölkələr virus  əleyhinə peyvənd ianə etməklə  multikultural dəyərlərə sadiqliyini təsdiqləyib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən «COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”»nə dair qətnamələrin qəbulu  ölkəmizə marağı daha da artırdı. Prezident İlham Əliyevin «peyvəd millətçiliyi» çağırışını dəstəkləyənlərin sayının artması  ölkəmizin humanizm siyasətinin uğuru idi. Vaksinasiya posesinin bütün ölkə əhalisini əhatə etməsinə xüsusi diqqət göstərilən ölkəmizdə postpandemiya dövrünün tələblərinə də diqqətlə yanaşılır.
Prezident İlham Əliyev artıq pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsi təşəbbüsü dünya birliyi tərəfindən razılıqla qarşılanıb. Bu baxımdan İƏT kimi digər beynəlxalq təşkilatlar parlament diplomatiyasına,  regional əməkdaşlıq formatlarına xalqların və ölkələrin həmrəylik təşəbbüsü kimi yanaşmalı, səylərini birləşdirməli,  həmrəylik nümayiş etdirməli, bütün imkanlardan səmərəli istifadə olunmalıdır. Mövcud dialoqlar çərçivəsində  fikir və təcrübə mübadilələri irəli sürülməli, yeni ideyalar parlamentlərarası münasibətlərin əsas istiqamətləri kimi həllini tapmalı, postpandemiya dövründə bütün ölkələrin maraqlarına cavab verən iqtisadi və ticari əlaqələr daha yüksək səviyyədə formalaşmalıdır.  Ölkələrarası əlaqələrin möhkəmlənməsi üçün mühüm amil olan  nəqliyyat-kommunikasiya xətlərindən və tranzit yollarından birgə istifadə üçün böyük imkanlara malik  Azərbaycanda ən müasir nəqliyyat infrastrukturu yaradılıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşən ölkəmiz hazırda  Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi əməkdaşlıq körpüsü kimi mühüm əhəmiyyətə malikdir.

Konfransda İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın işğalından azad olunan ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən də danışılıb. İşğal dövründə Ermənistan vandallarının kənd və şəhərlərimizi, tarixi, mədəni və dini abidələrimizi tamamilə dağıtması, məscidlərimizin, müqəddəs ocaqlarımızın təhqir olunması kimi faktlar  diqqətə çatdırılaraq həmin tikililərin bərpasında iştirak etmək istəyən müsəlman ölkələrinin təşəbbüsləri yüksək qiymətləndirilib. Qeyd olunub ki,  işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur. «Yaşıl enerji»” zonası elan edilən Qarabağda, Şərqi Zəngəzurda mühüm nəqliyyat- infrastruktur layihələri, həyata  keçirilir,  ərazilər minalardan təmizlənir. Müharibə istəməyən, bölgədə dayanıqlı sülhün təminatına çalışan Azərbaycanın təşəbbüslərinin, qalib ölkə kimi işğalçı ölkəyə təklif etdiyi beş prinsipin, sülh müqaviləsinin hazırlanması, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycanın və Ermənistanın milli komissiyasının  formalaşması təşəbbüsünün Brüssel görüşləri də  daxil olmaqla  beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi  Azərbaycanın bölgədə  sülhın bərpası naminə göstərdiyi səylərin ifadəsidir. İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri çıxışlarında bu cür tədbirlərin regionun inkişafı, xalqların rifahı baxımından əhəmiyyətli  olduğunu qeyd edərək bu sahədə Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirmişlər.

Konfransın  tarixi əhəmiyyətindən bəhs edən Milli Məclisin sədri Sahibə Qafarova vurğulamışdır ki,  İƏTPA-na sədrliyi öz üzərinə götürən Azərbaycan  parlamentlərarası münasibətlərin daha da möhkəmlənməsi naminə səylərini artıracaq.

Daha çox xəbərlər