Gündəm 

Qanunların icrasına nəzarət qurumu yaradılacaq? – Zahid Orucdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Mili Məclisin ötən iclasında deputat Fazil Mustafa parlamentdə qaldırılan və qəbul olunan məsələlərin icra olunmamasından şikayətlənib.

Əslində bu fikir zaman-zaman digər deputatlar tərəfindən də səsləndirilib. Hətta qəbul olunmuş qanunların icrasına nəzarət üçün Milli Məclisdə ayrıca bir şöbə və ya komitənin yaradılması da təklif edilib.

Bəs Bundan sonra parlamentdə qanunların icrasına nəzarət edən bir qurum yaradıla bilərmi?

Mövzu barədə Redaktor.az-a danışan Milli Məclisin insan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirdi ki, qanunların yerinə yetirilməməsinin səbəbləri müxtəlifdir. Onun sözlərinə görə, müxtəlif qanun aktlarının ayrı-ayrı müddəaları fərqli səbəblərdən bəzən gerçəklikdə tətbiq oluna bilmir.

“Burada rol oynayan amillər çox müxtəlifdir. Bir qisminin mexanizmi yoxdur. Belə olan şəraitdə mütləq əlavə hüquqi tədbirlərə ehtiyac olur. Digərləri isə bir sıra hallarda sırf məmurların fəaliyyəti ucbatından, hökumətin məsələyə münasibətindən, əsasnamə və qərarların həmin qanuni aktları aydınlaşdırmasından asılı olur.

Hər hansı bir hüquqi akt sonradan müxtəlif əsasnamələrə, təlimatlara, sənədlərə və s. ehtiyac duyur. Çünki bilavasitə praktikada norma yaratma işi bundan ibarətdir. Bu, xeyli mürəkkəb bir mərhələdən keçən prosesdir. İndi görün bu gerçəklikdə necədir. Tutaq ki, biz əlillik təyinatlarının verilməsi ilə bağlı parlament üzvlərinə həddindən artıq müraciətlərin olduğunu görməkdəyik.

Bunun  monitorinqini apardığımızda, hətta parlamentdə ayrıca bununla əlaqəli bir şöbə olsa, yaxud ümumiyyətlə qanunların icrasına nəzarətlə bağlı istər administrasiyada, istər hökumətdə və digər müvafiq qurumlarda məsələ ilə bağlı real addımlar atmaq üçün hansısa bir monitorinq mexanizmləri yaradıldığında da, onlar ümumi statistik analizlər aparacaqlar. Amma axı məsələyə təsir etmək lazımdır, vətəndaş nəticə gözləyir. Onun üçün yeni-yeni şöbələr, qurumlar yaradıb biri digərinə nəzarət etsə, dərhal deyəcək ki, parlament onsuz da hökumətin hesabatını alır, nə üçün bu məsələləri orada həll etmirsiniz”?

Komitə sədri qeyd etdi ki, vətəndaşın müraciəti həll olunana qədər çoxlu proseduralardan keçir:

“Əlillik təyinatında İcbari Tibbi Sığorta sistemi, üzü aşağı doğru müxtəlif səhiyyə qurumları, hərbi sistemdən danışırıqsa, Müdafiə Nazirliyi, ekspertiza qurumları, komissiyaları rol oynayır. Hər bir addımın arxasında bir qurğu, aparat, insan amili, onların yazışmaları, onun sistemə yüklənməsi, sonradan kiminsə onu analiz etməsi, həmin şəxsin fəaliyyəti ilə bağlı qərar verməsi və ən sonda nazirliyin  onu tanıması lazım olur. Nə qədər prosedur keçdi. Bütün bu pilləkənlərdə hərəkət etdikcə vətəndaşın enerjisi tükənir, səbri daralır, o öz şiddətini media məkanına daşıyır. Doğrudur, bundan istifadə edən müxtəlif siyasi dairələr var.

Biz ona çalışmalıyıq ki, bu istiqamətdə hökumət və parlament arasında təkcə hesabat və digər xarakterli məsələlərə deyil, qanunların icra durumu ilə bağlı da məsələlər orada həmişə aktiv yer alsın, müzakirələrini təşkil etsin. Prezident sonuncu çağırış parlamentrin ilk icasında – 10 martda çıxışı zamanı bir çağırış olaraq səsləndirdi ki, siz kəmiyyətə deyil, daha çox qanunların keyfiyyətinə önəm verməlisiniz. Elə addımlar atmalısınız ki, vətəndaş sizin qəbul etdiyiniz qanunlardan fayda götürsün”.

Zahid Orucun fikrincə, qanunlar yaxşı işləyərsə, hüquqi cəmiyyət qura bilərik.

“Əslində parlament üzvləri vətəndaşlardan hansısa yol çəkilişi, dam örtüyünün vurulması, bu xarakterli müvafiq yerli və yaxud mərkəzi hakimiyyət orqanlarının vəzifələrinə, səlahiyyətlərinə, məsuliyyətinə aid olan məsələləri tələb etməməlidirlər. Onlardan istəməlidilər ki, siz yaxşı, keyfiyyətli, icrası təmin oluna bilən qanunlar qəbul edin ki, mən ondan fayda götürüm. O halda da qanunlar yaxşı işlədikdə biz hüquqi cəmiyyət qurmuş olacağıq. Qanunlardan insanlar fayda götürəcəklər, qazanacaqlar. Əks halda qanunsuzluqdan qazanmağa cəhdlər başlayır. Ona görə də qanunsuzluq mühiti sanki bir qədər genişlənir, şaxələnir, kök atır. Prezident İlham əliyev Vətən müharibəsində qələbədən sonra o hüquqi cəmiyyət quruculuğunun arzuladığımız səviyyəyə gəlib çatması üçün addımlar atmaqdadır. Deməli parlamentin də üzərinə böyük vəzifələr düşür ki, qəbul etdiyimiz sənədlər mükəmməl olsun, praktikaya yönəlsin, real həyatı tənzimləsin və insanların maraq və mənafelərinə uyğun olsun”, – deyən deputatın fikrincə, əlavə qurumlar məsələni bir qədər də mürəkkəbləşdirəcək:

“Hazırda mexanizm var. İlk növbədə nəzərə almalıyıq ki, axı hökumət üzərində nəzarət mexanizmi həyata keçirən parlamentdir. O cümlədən Hesablama Palatası da Milli Məclisin yaratdığı bir orqandır. Müxtəlif mexanizmlər var ki, təsir imkanlarını əldə saxlayırıq. O cümlədən ilk növbədə Prezident İlham Əliyev tərəfindən keçirilən müşavirələr, qəbul etdiyi hesabatlar, məruzələr və s. kimi gündəlik verilən tapşırıqlar çərçivəsində bu məsələlərin tənzimlənməsinə çalışılır. Yetər ki, biz onu hədəfli, daim detallı yoluna qoya bilək, biz onu çözək. Yoxsa bir sıra hallarda əlavə qurumlar, təsisatlar, təşkilatlar, subyektlər yaratdıqca, bu məsələni bir qədər də mürəkkəbləşdirir”.

Komitə sədri həmçinin hesab edir ki, yeni bir sahənin yaradılması digər sahələrə mənfi təsir göstərəcək:

“Aparıcı dünya ölkələrində, xüsusən də Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əhalinin 100 min nəfərinə düşən məmur sayı, hakimiyyət subyektlərində təmsil olunan insanların sayı ilə bağlı kvotalar var. Bir daha artıq dərəcədə nəzarət mexanizmləri yaratdıqca, sanki bir nəzarətə ikinci nəzarəti yaradırıq. Bu halda da o şişmiş, böyümüş aparatlar meydana gəlir. Bu təbii ki, dövlət büdcəsindən vəsaitlər tələb edəcək. Həmin resurslar ora yönəldikdə, avtomatik digər bəndlərdən sosial, iqtisadi, tibbi və digər sağlamlıq mənafelərinə uyğun olan məsələlərdən sanki kəsilib ora qoyulur. Ona görə də bizim bu gün mövcud olan təsir imkanlarından qanunların ən yüksək icra olunduğu bir cəmiyyət modelinə doğru getməliyik”.

Daha çox xəbərlər