Əsas səhifə 

Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan

1918-ci ilin mayında müsəlman Şərqində ilk dəfə yaradılmış yeni suveren dövlət – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) çətin və mürəkkəb şəraitdə iki ilə yaxın yaşayıb fəaliyyət göstərdi. Bu Cümhuriyyət Rusiya ilə yanaşı dünyanın bir sıra böyük dövlətlərinin siyasi, iqtisadi siyasətlərinin məngənəsində mübarizə aparmalı oldu, öz suverenliyini qoruyub saxlamaq üçün bütün vasitələrə əl atdı, bu yolda çox mürəkkəb problemlərlə üzləşdi. Böyük dövlətlərin təzyiqi altında 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurası Azərbaycan-Ermənistan arasındakı sərhəd problemini müzakirə edərkən öz suverenliyini qoruyub saxlamaq naminə İrəvan şəhərinin ermənilərə verilməsi qərarını çıxarmağa məcbur oldu və bu qərarı ürək ağrısı ilə “tarixi zərurət”, “labüd bəla” hesab etdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu ölkələr Azərbaycana qarşı bir sıra ərazi iddiaları irəli sürürdü. Bu zaman Azərbaycanın ərazisi 113.9 min kv. km idi. Onun 97.3 min kv.km-i mübahisəsiz, 16,6 min kv. km-i mübahisəli hesab edilirdi.

Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, təhsil milliləşdirildi, ilk universitet təsis olundu və s.

Azərbaycan Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq üçün çətin şəraitdə mübarizə aparır, bütün imkanlarından istifadə edir, taleyüklü məsələlərin həllinə çalışırdı. AXC-in hökuməti və parlamenti öz fəaliyyətində, daxili və xarici siyasətində Naxçıvanla bağlı bir sıra məsələlərə diqqət yetirir, bölgənin ermənilər tərəfindən tutulmasına imkan vermir və ona siyasi, hərbi, maddi və mənəvi köməkliyini göstərirdi.

Rusiya Azərbaycandan qoparıb imperiyaya birləşdirilmiş ölkəmizin tarixi torpaqlarının – İrəvan quberniyasının, həmin əraziyə tabe edilmiş Naxçıvan diyarının, Şərur-Dərələyəz və Ordubad qəzalarının süni surətdə yaradılmış Ermənistana birləşdirilməsini elan etdi.

Ermənistan Respublikasının Naxçıvana hücumları, hakimiyyət çəkişmələri bu diyarı daha çıxılmaz vəziyyətə salmışdı. Əhalinin xeyli hissəsi qaçqına çevrilmişdi.

Naxçıvana köçürülmüş erməni əhalisi diyarda vəziyyətin daha da mürəkkəbləşməsinə çalışırdı. Naxçıvandakı ermənilərə, xarici qüvvələrə arxalanan Ermənistan Respublikası Naxçıvan diyarına yiyələnmək üçün öz fəaliyyətlərini daha da genişləndirirdi. Onlar Naxçıvana Ermənistanın bir hissəsi kimi baxır və diyarın müxtəlif yerlərində fitnəkarlıqlar törədirdilər. Digər tərəfdən daşnakların ingilislərdən yardım alaraq Culfanı ələ keçirmiş qaniçən Andranik Ozanyan Naxçıvanın şəhər və kəndlərini talan edir, dinc əhalini öldürürdü.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən Naxçıvan diyarının əhalisi bu respublika ilə birləşməyə hazır olduğunu bildirsə də mövcud siyasi və beynəlxalq vəziyyət Naxçıvan əhalisinin arzusunu həyata keçirməyə imkan vermirdi.

Bununla belə, Naxçıvan əhalisi bölgənin Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması üçün inadla mübarizə aparırdı. Onlar 1919-cu il yanvarın 4-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə ünvanlanmış müraciətdə Naxçıvan, Şərur və Ordubad ərazilərində ermənilərin törətdikləri vəhşiliklər haqqında geniş məlumat verirdi.

1919-cu il yanvarın 7-də Azərbaycan hökuməti Ermənistan hökumətinə nota göndərməyə məcbur oldu. Notada Azərbaycan xalqına qarşı zorakılığa son qoyulması tələb olunurdu.

Yanvarın 8-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti vəziyyəti müzakirə etdi, qəbul olunmuş qətnamədə hökumətə ciddi tədbirlər görməyi tapşırdı. Yanvarın 25-də Parlament “İrəvan quberniyasındakı hadisələrə dair” məsələni yenidən müzakirə etdi. M.Ə.Rəsulzadə bəyanatla çıxış edərək bildirdi ki, Naxçıvan qəzasında ermənilər günahsız müsəlmanların qanını tökür. O, hökuməti bir daha kəskin tədbirlər görməyə çağırdı.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin Naxçıvandakı vəhşiliklərinə son qoymaq üçün müttəfiqlərin Qafqazdakı Ali Komissarına müraciət etdi.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə Naxçıvan bölgəsinin əlaqələrinin yaradılmasında və əhalinin problemlərinin həllində İrəvan quberniyasından olan ictimai xadimlərin, onların yaratdıqları müxtəlif təşkilatların mühüm rolu olmuşdur. Yanvarın 5-də Bakıda İrəvan quberniyasında yaşayan azərbaycanlı nümayəndələrin fövqəladə iclası keçirilmiş və quberniya müsəlmanlarının həmyerlilər cəmiyyəti yaradılmışdı.

Həmyerlilər cəmiyyəti öz nümayəndəsi kimi Mirabbas Mirbağırovu İrəvan quberniyasına göndərdi. AXC hökumətinin razılığı ilə M.Mirbağırov Gəncəyə gəlmiş, burada ona 12 nəfər Azərbaycan zabiti qoşulmuş və onlar Ordubadda əhali ilə görüşdükdən sonra 1919-cu il fevralın 19-da Naxçıvana çatmışlar.

M.Mirbağırov və onunla gələn heyət yerli hökumətin rəhbərləri, ingilis general-qubernatoru və xalqın nümayəndələri ilə görüşləri oldu. Fevralın 23-də keçirilən yığıncaqda xalq yekdilliklə Azərbaycana birləşmək arzusunda olduqlarını bildirdilər. Nümayəndələr Azərbaycanın təmsilçiləri kimi mövcud yerli hökuməti tanıdıqlarını bildirdilər. M.Mirbağırov könüllü surətdə Azərbaycana birləşmək barədə rəsmi akt tərtib etməyi məsləhət gördü. Siyasi, iqtisadi, hərbi, mülki və mədəniyyət məsələlərinə dair maddələrdən ibarət olan akt hökumətin, Milli Şuranın və əhalinin nümayəndələri tərəfindən imzalandı.

M.Mirbağırovun Naxçıvana səfəri, AXC ilə Naxçıvanın əlaqələrinin artırılması sahəsindəki təkliflərinin çox böyük əhəmiyyəti oldu. Azərbaycan hökuməti Naxçıvanın problemləri ilə sistematik məşğul olmağa başladı.  Azərbaycan hökuməti M.Mirbağırovun və Naxçıvanın Müvəqqəti hökumətinin işlər müdiri Bəhram xan Naxçıvanskinin təklifləri əsasında 1919-cu il fevralın 28-də Naxçıvan general-qubernatorluğu yaratdı. Bəhram xan Naxçıvanski general-qubernator təyin olundu. Genaral-qubernatorluğun nəzdində Şura yaradıldı. Bölgədə idarəçiliyin, yerli hakimiyyətin təşkili və qoşun hissələrinin saxlanması üçün 1,5 milyon manat pul ayrıldı.

1919-cu ilin əvvəlində ingilislər Naxçıvanı tutaraq Araz-Türk Respublikasını, Naxçıvan Milli Komitəsini ləğv etdilər. İngilislər Naxçıvanı Ermənistanın tərkibinə daxil etmək üçün hər cür üsul və vasitələrə əl atırdılar.

AXC hökumətinin Naxçıvan bölgəsinə dair suveren hüquqlarının bərqərar edilməsinə yönəldilən tədbirlərin həyata keçirilməsi ingilislər tərəfindən müdafiə olunmur və müxtəlif maneələrlə qarşılaşırdı. Belə ki, 1919-cu il martın 10-da Ermənistanla Naxçıvan şəhərindəki daşnak hərbi hissələrindən Ermənistanın daxili işlər nazirinin adına göndərilən məlumatda deyilirdi ki, ingilis komandanlığı daşnakların Şərurun bir sıra kəndlərini tutmasına etiraz etmir. 1919-cu il mayın 4-5-də ingilis generalı Devi Naxçıvana gələrək bildirmişdir ki, Naxçıvan və Şərur qəzası Ermənistan Respublikası ərazisində yerləşdiyinə görə Ermənistan hökumətinə tabe olmalıdır. Daşnaklar ingilis zabitlərinin bilavasitə köməyi və iştirakı ilə 1919-cu ilin iyununda Naxçıvanın bir hissəsini tutsalar da, Naxçıvan Milli Komitəsinin hərbi hissələri daşnakların nizami qoşununu əzərək Naxçıvan ərazisindən kənara atdı.

AXC rəhbərliyi Naxçıvanla bağlı hərbi səciyyəli müəyyən işləri görə bilməsə də bəzi diplomatik-siyasi yollardan istifadə edirdi. Bu sahədə Azərbaycan hökumətinin İrəvan və Tiflisdəki diplomatik nümayəndələrin səmərəli və işgüzar fəaliyyəti, Azərbaycan rəhbərliyini və Xarici İşlər Nazirliyini obyektiv məlumatlarla təmin edirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Baş nazirləri olmuş F.Xoyski və N.Yusifbəyli imkanları daxilində Naxçıvana köməklik edir, onun Azərbaycan ərazisi kimi qorunub saxlanılması üçün siyasi, diplomatik, maddi və mənəvi vasitələrdən istifadə edir və qəhrəman naxçıvanlıların fəaliyyətlərini də yüksək qiymətləndirirdilər. F.Xoyski parlamentin iclasında Naxçıvan bölgəsinin qəhrəman əhalisinin Vətənə qovuşmaq üçün öz həyatları və ailələri ilə risk edərək mübarizəyə qalxıb azadlığa çıxdıqlarını söyləmişdi. N.Yusifbəyli 1919-cu il avqustun 18-də parlamentdəki çıxışında bu bölgə ilə bağlı qeyd etmişdir ki, Naxçıvan öz qüvvələri ilə istilaçıları devirərək Azərbaycanla birləşməyə hazır olduğunu bildirmişdi. 1919-cu il dekabrın 22-də N.Yusifbəyli parlamentdəki çıxışında yenidən bu məsələyə qayıdaraq demişdir: “İgid naxçıvanlılar, şərurlular və vedibasarlılar bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var dövlətlərini riskə qoyaraq doğma torpağa-vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar…”.

Qeyd etməliyik ki, AXC Naxçıvanla əlaqələrin çətinliyini nəzərə alaraq Azərbaycan Respublikasının nümayəndəsi Qarabağ general-qubernatorunun Naxçıvan bölgəsinin idarəsi üzrə köməkçisi fəaliyyət göstərmişdir. Bir qədər sonra isə Qarabağ general-qubernatorluğu nəzdində Naxçıvan bölgəsinə dair xüsusi tapşırıqlar üzrə müvəkkillik vəzifəsi yaradıldı. Səməd bəy Cəmillinski Naxçıvanın general-qubernatoru təyin edildi. Naxçıvan və Ordubadda yerli hakimiyyətin və silahlı qüvvələrin təşkili üçün 1919-cu ilin avqustunda S.Cəmillinskinin sərəncamına 1 mly. manat vəsait ayrıldı.

1919-cu ilin ikinci yarısında bölgədə ABŞ-ın rolu artdı. Amerika polkovniki Rey AXC hökumətinə bildirmişdi ki, Naxçıvan və Şərur-Dərələyəz qəzaları xüsusi zona təşkil edir və həmin yerlərdə bütün idarəçilik işlərinə cavab verə biləcək Amerika general-qubernatorluğu təşkil olunacaqdır. Lakin ABŞ-ın bu mövqeyi AXC hökuməti və Naxçıvan Milli Komitəsi tərəfindən qəbul edilmədi. Belə olan halda müttəfiqlərin Ali Komissarı V.Haskelin adı ilə elan edilmiş 20 bənddən ibarət layihə Azərbaycan hökumətinə göndərilsə də bu qəbul edilmədi. Yeni layihə 12 bənddən tərtib edildi və yenə də hökumətə təqdim edildi. Azərbaycan hökuməti də öz növbəsində layihə hazırlayıb Haskelə təqdim etdi. Bu da qəbul olunmadı. Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidi ilə polkovnik Delli Naxçıvanda general-qubernator kimi qəbul edilmədi. Beləliklə, C.Rey və E.Delli cəhd göstərsələr də general-qubernatorluq yarada bilmədilər, onların missiyası süquta uğradı.

Beləliklə, aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti hərbi-siyasi vasitələrdən istifadə edərək ölkənin ərazi bütövlüyünü qorumağa çalışmış, Naxçıvanın itirilməsinə və ermənilər tərəfindən işğal edilməsinə yol verməmiş və bu istiqamətdə ingilislər və amerikalılarla diplomatik danışıqlar aparmış, eyni zamanda Naxçıvana hərbi və maddi köməklik göstərməklə məqsədlərinə nail olmuşdur.

İsmayil HACIYEV, 
AMEA Naxçıvan Bölməsinin sədri, akademik
​E-mail: haciyev.i1951@gmail.com

Daha çox xəbərlər