İrəli sürülən təkliflərdə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür
Mayın 22-də Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün nəticələrini sülh prosesində növbəti uğur kimi qiymətləndirmək olar. Çünki bu görüşün ümumi nəticəsi göstərdi ki, Azərbaycanın elan etdiyi 5 prinsip sülh müqaviləsinin yeganə müzakirə formatıdır. Ümumilikdə 5 saatdan çox davam edən üçtərəfli danışıqların nəticəsi olaraq bir neçə istiqamətdə razılaşmalar əldə edilib. Əsas məqam odur ki, görüşdə Dağlıq Qarabağ ifadəsi işlədilməyib, status məsələsi gündəlikdə olmayıb. Görünən odur ki, danışıqlar Azərbaycanın milli maraqlarına uyğun formatda aparılıb və həmişə olduğu kimi, dövlətimizin irəli sürdüyü və daim müdafiə etdiyi geosiyasi mövqelərimiz bu dəfə də əhəmiyyətli şəkildə qorunub. Azərbaycan Prezidentinin dəfələrlə vurğuladığı kimi, Dağlıq Qarabağ adlı ərazi yoxdur, Qarabağ iqtisadi rayonu var. Ən əsası isə Qarabağda yaşayan etnik ermənilərin statusundan söhbət gedə bilməz. Bu da bir daha göstərir ki, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan regionda bütün dünyanın qəbul etdiyi yeni reallıqlar yaradıb.
Görüş zamanı müzakirə olunan Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsinə gəldikdə isə Azərbaycan dövləti bununla bağlı dəfələrlə konkret mövqeyini bəyan edib. Həmin görüşdə Prezident İlham Əliyev növbəti dəfə bəyan edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların təhlükəsizliyinə dövlətimiz tam zəmanət verir.
Danışıqlarda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi də müzakirə olunub ki, bunlar da çox önəmli məsələlərdir. Çünki Ermənistanın işğal dövründə ərazilərimizi kütləvi minalaması hazırda bölgə üçün çox böyük təhlükələr yaradır. Nəzərə alınmalıdır ki, minatəmizləmə işi olduqca çətin və uzun vaxt aparan prosesdir. Azərbaycan son dövr ərzində bu çətin şərtlər altında sürətli təmizləmə işləri həyata keçirir.
Danışıqların əsas məqamlarından biri isə əlbəttə ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsidir. Üçtərəfli görüş bu baxımdan da müsbət nəticələnib. Belə ki, yaxın zamanlarda Azərbaycanla Ermənistanın sərhədində sərhəd komissiyalarının ilk birgə iclasının keçirilməsi razılaşdırılıb. Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq.
Bundan başqa, kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə də əvvəlki görüşlərdə əldə olunan razılaşmalar bu görüşdə də də təsdiqlənib. Sərhəd idarəçiliyi, təhlükəsizlik, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılaşmalara gəlinməsi də görüşün daha bir uğurudur. Xüsusilə Zəngəzur dəhlizinin açılması ən aktual mövzu olaraq gündəmdədir və bu istiqamətdə də Azərbaycan dövlətinin mövqeyi müdafiə olunur. Belə ki, üçtərəfli görüşlərdən sonra cənab Mişelin səsləndirdiyi bəyanatda bu məsələ xüsusi qeyd edilir. Onun sözlərinə görə, hər iki ölkənin lideri kommunikasiya ilə əlaqədar nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi prosesi üzərində razılığa gəldilər : « Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.»
Regionda kommunikasiya xətlərinin bərpasının və yenilərinin yaradılmasının əsas təşəbbüskarının Azərbaycan olduğunu nəzərə alsaq, Aİ-nin bu məsələdə də rəsmi Bakıya dəstək verdiyini söyləmək olar. Yəni artıq Avropa Ermənistana əlavə şans tanımaq istəmir.
Bu, həm də o deməkdir ki, Azərbaycanla Aİ-nin normallaşma prosesində əksər məsələlərə baxışı və yanaşması üst-üstə düşür.
Aİ Şurasının Prezidenti bəyanatında bildirib ki, bu görüşlərdə liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə də razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər: « Bundan əlavə mən hər iki liderə bildirdim ki, Qarabağ regionunda etnik erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələlərini həll etmək lazımdır.»
Əvvəldə qeyd etdiyimiz kmi, bu görüşlərdə Azərbaycanın mövqeyinə zidd olan «Dağlıq Qarabağ» ifadəsi qətiyyən işlənməyib və sadəcə Qarabağ regionu söylənilib. Bu isə bir daha göstərir ki, Qarabağın statusu məsələsi hətta beynəlxalq təşkilatlar tərəfindən də tarixin arxivinə göndərilib. Yəni danışıqlar məhz Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında sülh müqaviləsini hazırlamaqdan gedir. Daha dəqiq desək, irəli sürülən təkliflərdə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Brüssel görüşünün nəticələrini əsas götürərək belə bir qənaətə gəlmək olar ki, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələr perspektivli olacaq. Cənab Mişelin bu bəyanatı Aİ-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərmək niyyətində olduğunu bir göstərir.

