Gündəm 

Parlamentdə arxiv sənədlər ilə bağlı sensasion məlumatlar

Milli Məclis dövlət büdcəsini birinci oxunuşda təsdiqlədi; 

Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirildi. Əvvəl Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvləri  təqdim olundu və deputatlar layihəni müdafiə etdilər.

Daha sonra hökumət üzvlərinin də iştirakı ilə 2021-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, qanun layihəsi haqda Hesablama Palatasının rəyi Milli Məclis üzvlərinə təqdim olunub. Komitə sədri dedi ki, hesabat ilində “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 45 dollardan 79% çox olmaqla 71.6 dollar təşkil edib. O bildirdi ki, müvafiq olaraq, 2021-ci ildə ixrac idxalı 12.2 milyard dollar üstələyib, ölkənin məcmu valyuta ehtiyatları 2.5 mlrd. dollar artaraq, 53 mlrd. dollara və ya xarici dövlət borcunun 6 mislinə çatıb: “2021-də qeyri-neft məhsullarının ixracı real ifadədə 38.4% artaraq 2.7 mlrd. dollar təşkil edib. Qənaətbəxş haldır ki, qeyri-neft idxalının qeyri-neft ixracı hesabına maliyyələşmə səviyyəsi əvvəlki illərə nisbətən yüksək olub, 2020-ci illə müqayisədə isə 7,4 faiz bəndi yüksələrək 29,0%-ə bərabər olub. Bu təqribən idxal olunan hər 3.3 dollar geyri-neft idxalının 1 dollarının qeyri-neft sektoru ixracı hesabına maliyyələşməsi deməkdir”. T.Mirkişili dedi ki, gəlirlər proqnozla müqayisədə 969,3 milyon manat və ya 3,8 faiz çox icra olunub. Ötən il təhsil xərcləri çərçivəsində 80 mln. manatın Tələbə Krediti Fonduna, 27.2 mln. manatın 13 343 məcburi köçkün statuslu tələbələrin, 4.6 mln. manatın Şəhid və əlil olmuş şəxslərin 2167 nəfər uşaqlarının, 2.6 mln. manatin isə valideynlərini itirmiş və himayədən məhrum olmuş 1129 tələbənin təhsil haqlarının ödənməsinə yönəldilməsi təmin edilib: “İşğaldan azad olmuş ərazilərin yenidən qurulması və bərpası üçün büdcədə nəzərdə tutulmuş 2 200.0 milyon manat vəsaitin 2 178.4 milyon manatının və ya 99.0%-nin icrası təmin olunub. Bu vəsaitlər avtomobil yollarının layihələndirilməsi və tikintisi, dəmir yolu xətlərinin layihələndirilməsi və tikintisi, ərazilərin minalardan təmizlənməsi, sənaye parklarının yaradılması, ”Ağıllı kənd”in tikintisi, dövlət sərhədlərinin müdafiəsi və gücləndirilməsi, elektrik enerjisi layihələrinin icrası və digər istiqamətlərdə işlərin icrası üçün maliyyə təminatı yaradıb.

Komitə rəhbəri bütün bunları nəzərə alaraq, 2021-ci il dövlət büdcəsinin icrası layihəsini dəstəkləməyi xahiş etdi. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışında rəhbərlik etdiyi qurumun rəyini təqdim edəndən sonra müzakirələrə keçildi.

Deputat Fazil Mustafa narahatlıq doğuran bəzi sahələrdən bəhs etdi. Öncə bildirdi ki, bəzi “göydən zənbillə düşən”lərin təyinatından fərqli olaraq Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinə namizəd kimi bu sahədə 20 il çalışmış kadrları görəndə həm təəccüblənib, həm də sevinib. Deputat bu ənənənin digər bütün sahələrdə davam etdirilməsini zəruri saydı. Növbəti dəfə icra hakimiyyətləri ilə bağlı mövcud olan problemlərdən bəhs edən F.Mustafa maraqlı bir fikir söylədi. Dediyinə görə, o rayonlarda ki, icra başçıları yoxdur, ondan sonra rayonlardan şikayətlər gəlmir: “Demək, bəzən icra hakimiyyətlərinin binaları rayonları daha yaxşı idarə edir, nəinki icra başçıları”.

Deputat onkoloji xəstələrin çox ağır durumla üz-üzə qaldığını söylədi. Bildirdi ki, hamı Türkiyəyə, digər ölkələrə müalicəyə gedə bilmir, burada da insanlar normal müalicə oluna bilmədiyi üçün həyatını itirir. Odur ki, onkoloji xəstəlikləri də icbari tibbi sığortaya daxil etməklə bağlı addım atmaq lazımdır.

Milli Meclis: MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASININ İCLASINDA

F.Mustafa ölkədə dərman preparatlarının keyfiyyəti ilə bağlı da problemlərin olduğunu söylədi: “Bəlkə biz Türkiyə ilə birgə dərman preparatlarının istehsalına başlayaq. Deyirik bir millət, iki dövlətik. Bunu edək ”bir millət, bir dərman, iki dövlət””.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyuldu və qəbul edildi.

Milli Məclisin iclasında “Milli arxiv fondu haqqında”  Qanuna dəyişiklik edilməsi barədə layihə birinci oxunuşda müzakirə olundu.

Layihə barədə məlumat verən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirdi ki, əsas dəyişiklik paketini nəzərdə tutan sənəd bir sıra dəyişiklikləri ehtiva edir. O xatırlatdı ki, adıçəkilən qanun 1999-cu ildə qəbul edilib: “Ötən dövr ərzində ölkəmiz sürətlə inkişaf edib, dövlət idarəetmə sistemində, iqtisadi, siyasi, sosial-mədəni sferalarda dərin islahatlar aparılıb. Digər sahələrdə olduğu kimi, arxiv işi fəaliyyətinin də yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsi zərurətindən irəli gələrək, ölkə Prezidentinin 2020-ci il 12 fevral tarixli Sərəncamı ilə ”Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Qeyd edilib ki, “Milli arxiv fondu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi dövlət proqramına uyğun olaraq hazırlanıb. Qanun layihəsində Milli arxiv fondunun qeydiyyat sisteminin təkmilləşdirilməsi, dövlət arxiv xidməti sisteminin yeni strukturunun müəyyən edilməsi, habelə arxiv məlumatlarının əldə edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının iştirakı, arxivlərin maddi-texniki təminatı, habelə arxiv əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ehtiva edilib. Təklif olunan dəyişikliklər Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi, arxiv sənədlərinin elmi-tarixi və sosial məqsədlər üçün daha əlverişli istifadəsi, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsi, arxiv sənədlərinin rəqəmsallaşdırılması və vahid elektron məlumat sisteminin yaradılmasını nəzərdə tutur. Qanun layihəsində bütövlükdə 13 maddə üzrə 42 adda dəyişiklik nəzərdə tutulur”.

İclasda çıxış edən deputat Əziz Ələkbərli çox mühüm məsələlərdən bəhs etdi: ““Milli arxiv fondu haqqında”  layihə Mədəniyyət komitəsində müzakirə olunan zaman mən Milli Arxiv İdarəsinin hörmətli sədri Əsgər müəllimdən soruşdum ki, niyə Milli Arxiv İdarəsində 1988-1991-ci illərdə soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu deportasiyası ilə bağlı materiallar yox dərəcəsindədir? Hörmətli sədr cavab verdi ki, arxivdə belə materiallar var, amma məxfi fondda saxlanılır”.

Ə.Ələkbərov dedi ki, ermənilər son 200 ildə addım-addım təkcə torpaqlarımızı işğal etməyiblər, eyni zamanda tarixi yalanları, saxtakarlıqları ilə dünya ictimai fikrini işğal ediblər və bu gün biz torpaqlarımızı işğaldan azad etsək də, informasiya mübarizəsi hələ də davam edir: “Biz Qarabağ həqiqətlərini xeyli dərəcədə dünya ictimaiyyətinə çatdırmışıq, Qərbi Azərbaycan həqiqətlərini isə dünya ictimaiyyətinə qətiyyən çatdıra bilməmişik. Bunun da səbəblərindən biri odur ki, vaxtında Qərbi Azərbaycanla bağlı informasiya bazası yaradılmayıb. Məsələn, 1988-1991-ci illər hadisələri ilə bağlı tək dövlət qurumlarımızın yox, tək diplomatlarımızın yox, heç alimlərimizin də əlində kifayət qədər fakt, sənəd, material yoxdur. Belə bir vaxtda 1988-1991-ci illər deportasiyası ilə bağlı materialların, ovaxtkı Azərbaycan rəhbərliyində olan Vəzirov rejiminin Qərbi Azərbaycandakı soydaşlarımızın taleyi ilə bağlı laqeyd münasibətinə və Ermənistanda erməni faşistlərinin soydaşlarımıza qarşı törətdikləri saysız-hesabsız vəhşi əməllərinə, vandallıqlarına dair materialların bu gün məxfi fondda gizli saxlanmasının anlamı nədir? 10 ildən, 20 ildən sonra bu materiallar bizim üçün bugünkü qədər əhəmiyyət daşıyacaqmı?”

Milli Meclis: Milli Məclisin iclasında

Deputat digər vacib məsələyə də diqqət çəkdi: “Toxunmaq istədiyim digər məsələ 1988-1991-ci illərdə Ermənistandan qovulan soydaşlarımızın daşıdıqları Ermənistan sovet pasportları barədədir. 1990-cı illərdə Azərbaycanda vətəndaşlara şəxsiyyət vəsiqələri verilərkən Ermənistandan gələn qaçqınlara məxsus və onların Ermənistan vətəndaşları olmasını təsdiq edən həmin pasportlar Daxili İşlər Nazirliyinin ”pasportstol”ları tərəfindən yığıldı. Milli Dövlət Arxivinin rəsmilərindən öyrənmək istəyirəm ki, bu pasportların taleyi barədə məlumatları varmı? Çünki bildiyimə görə, 1995-ci ildə Ermənistanın ovaxtkı prezidenti Ter-Petrosyan tərəfindən Ermənistanda yeni ərazi-inzibati sistem yaradılıb, 36 rayon 10 mərzlə – vilayətlə əvəz edildikdən az sonra kənd və qəsəbələrdə azərbaycanlılara məxsus bütün materiallar məhv edilmişdir. Biz 20-30 il sonra ermənilərə sübut edə bilməyəcəyik ki, bu ərazilərdə 1988-ci ilə qədər bizim soydaşlarımız yaşayıblar. 1990-cı illərdə həmin qaçqınlardan yığılmış Ermənistan pasportları bizim üçün ən tutarlı sənəd olacaq”.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Milli Məclisin yaz sessiyası yekunlaşdı. Qanunvericiliyə əsasən, fevralın 1-də işə başlayan sessiyası bu gün sonuncu plenar iclasını keçirdi. Spiker Sahibə Qafarova yekun nitqində bildirdi ki, yaz sessiyası dövründə ümumilikdə 13 plenar iclas keçirilib, yeni qanun layihələri hazırlanaraq qəbul edilib. Parlament sədri qeyd etdi ki, sessiya ərzində 70 qanun və qərar, o cümlədən 1 konstitusiya qanunu qəbul edilib: “28 ölkəyə 50-dən çox səfər həyata keçirilib. Səfərlərdə 95 deputat iştirak edib. Milli Məclis sədrinin 6 ölkəyə rəsmi, 1 ölkəyə işgüzar səfəri olub. Parlamentdə isə 15 ölkənin rəsmiləri ilə görüşlər keçirilib. 2 ölkənin qanunvericilik orqanları ilə Milli Məclis arasında əməkdaşlıq sazişi imzalanıb”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Daha çox xəbərlər