30 illik QİSAS – Azərbaycanı hesabda önə keçirən HƏMLƏ
SSRİ-nin dağılmasından sonra dövlət müstəqilliyini bərpa edən Azərbaycan yeni təhlükələrlə üz-üzə qaldı. Həmin illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizlik və qorxaqlığından yaranmış hakimiyyətsizlik sayəsində müstəqilliyimiz yenidən məhv olmaq həddinə çatmışdı. AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi, ölkədə yaratdığı anarxiya, xaos, özbaşınalıq vəziyyəti günü-gündən daha da acınacaqlı həddə çatdırdı.
Həmin dövrdə vəzifə, “kreslo”, hakimiyyət davası edənlərin postda tez-tez bir-birini əvəz etməyə başlamasından anlaşılırdı ki, həmin şəxslərin bu hərisliyi müstəqilliyimizin möhkəmləndirilməsindən və suverenliyimizin qorunmasından çox, özlərinin maddi maraqlarına xidmət edirdi. Belə bir məqamda xalqın inamından istifadə edib hakimiyyəti ələ almış AXC-Müsavat cütlüyünün dövlət idarəçiliyindəki səriştəsizliyi, bacarıqsızlığı və siyasi savadsızlığı daxildə yaranmış narazılıqları günü-gündən artırırdı. Başları kürsü davasına qarışan ovaxtkı iqtidar ərazilərimizin 20 %-dən çoxunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalını zərurətə çevirdi. Qarabağın işğalı ilə Azərbaycanın daxilindəki xaos durum daha da dərinləşdi, vəziyyət daha da dözülməz həddə çatdı.
Hələ 1993-cü ilin fevralında prezident Əbülfəz Elçibəy keçmiş korpus komandiri Surət Hüseynovun rəhbəlik etdiyi 709 saylı hərbi hissənin ləğv edilməsi haqqında sərəncam imzaladı. Surət Hüseynov bu sərəncamı icra etmədi. Prezidentin 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni sərəncamı da kağız üzərində qaldı, üstəlik, Gəncəyə gələn hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri girov götürüldülər. Bundan sonra hakimiyyət 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı növbəti səhv qərar qəbul etdi və bununla da ölkədə qardaş qırğınına əsas yaratdı. İyunun 4-də Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi, nəticədə 35 nəfər həlak oldu.
1993-cü il Gəncə hadisələri məhz AXC-Müsavat hakimiyyətinin pozucu fəaliyyətinin məntiqi nəticəsi idi. Həmin ilin yayında artıq ölkədə vəziyyət son dərəcə ağırlaşdı, hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirən o zamankı iqtidar 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq bir sıra ərazilərdə – Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.
Gündən-günə artan xaos, anarxiya və özbaşınalıqlar vəziyyətin acınacaqlı hala çatmasına səbəb olurdu. Xaricdən dəstək alan mənfur qüvvələr bundan istifadə edərək siyasi hakimiyyəti qanunsuz yolla ələ almaq iddiasına düşmüşdülər. Həmin qüvvələrin elə AXC-Müsavat cütlüyünün daxilində yaranmış hakimiyyət hərisləri olduğu indi hər kəsə gün kimi aydındır.
Belə bir vaxtda ölkəni idarə etməkdə acizlik çəkən və xalqın inamını itirən AXC-Müsavat iqtidarı vəziyyətdən çıxış yolunu, postlarını xilas etməyi silahlı qarşıdurmada, qardaşı qardaşa qırdırmaqda gördü. Respublikada yaranmış son dərəcə ağır vəziyyətdə xalqı arxasınca apara biləcək siyasi liderə böyük ehtiyac yaranmışdı.
Yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmış xalq yeganə çıxış yolu kimi, dövlət idarəçiliyində zəngin təcrübəsi olan ulu öndər Heydər Əliyevə müraciət etdi. Xalq böyük siyasi nüfuza malik olan ulu öndərdən Azərbaycanın düçar olduğu bu ağır fəlakətdən xilas olunmasını təkidlə xahiş etdi. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı artıq tarixi zərurət idi.
“Gəncə hadisələri” Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı və ölkə vətəndaş müharibəsi astanasına gətirildi, S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirdi və Bakıya doğru hərəkət etməyə başladılar.
Azərbaycan xalqı nəhayət xilaskarını ölkəyə dəvət etdi. “Bundan sonrakı ömrümü də xalqıma bağışlayıram və onun xoşbəxt gələcəyi uğrunda həyatımı fəda etməyə hazıram” – deyən Heydər Əliyev xalqın təkidi ilə respublikaya rəhbərlik etməyə razılıq verdi.
Beləcə, Vətənin bu ağır günündə xalqın tələbi ilə Bakıya qayıdan Ulu Öndər böyük səyləri nəticəsində ölkədə vətəndaş müharibəsinin qarşısı almaqla bərabər, hakimiyyətə qayıdışı ilə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.
Bu dəhşətli günlərdən keçən təxminən 30 il əvvəlki o zamana güzgü tutduqda bir çox şeyin dəyişdiyinin şahidi ola bilərik. Belə ki, Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun zənginləşdirməklə uğurla həyata keçirilməsi, Azərbaycanın güclü, müasir, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilməsinə vasitə oldu. Uzun illlər işğal altında qalan ərazilərin 44 günlük Vətən müharibəsində tarixi Qələbə nəticəsində azad edilməsi, işğala son qoyulması xalqın Vətən həsrətinin sona çatması ilə nəticələnməklə yanaşı Azərbaycanın regionun, qitənin açar dövləti olaraq önəmini, əhəmiyyətini daha da artırdı.
Azərbaycan bu gün öz ordusu, xalqı və liderininin qətiyyəti hesabına yaratdığı yeni geosiyasi reallıq əsasında bir çox məqsədlərinə doğru çox önəmli həmlələr edir. Geridə qalan 1 il 7 ay ərzində işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işləri, infrastruktur layihələr, mədəniyyət paytaxtımız Şuşada keçirilən beynəlxalq səviyyəli konfranslar, tədbirlər bütün dünyaya Qarabağın Azərbaycan üçün mahiyyətini, dəyərini açmaqla yanaşı, o yerlərin əsl sahibinin kimliyini də özləri üçün aydınlaşdırmaq baxımından çox vacib imkan yaradır.
Avropa İttifaqının son bəyanatları və ABŞ liderinin Prezident İlham Əliyevə ünvanladığı məktublardan da anlaşılır ki, Azərbaycan Qərblə bu vaxta kimi heç vaxt olmadığı qədər münasibətlərini normallaşdırmağa nail olmaqla yanaşı, yaratdığı yeni reallığı dünyanın aparıcı beyin mərkəzlərinə, “super” güclərinə qəbul etdirməyi də bacarır, bunun öhdəsindən gəlir.
Azərbaycan beynəxlaq hüququn bütün ali prinsiplərini əsas tutaraq öz ərazi bütövlüyünü təmin etdiyi kimi, bu suverenliyi, müstəqilliyi daha da möhkəmləndirmək yönündə çox əhəmiyyətli addımlar atmağa davam edir. Ən əsası fakt faktlığında qalır ki, tariximizin son beş əsrində İlham Əliyev Azərbaycanın ilk dövlət başçısıdır ki, işğal olunmuş əraziləri geri qaytardı. Ulu Öndərin başladığı işi davam etdirmək, uğurla sona çatdırmaq, xalqın ona bəslədiyi etimad və inamı doğrultmaq vacib idi ki, o, bunu bacardı. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz, qəhrəman gücümüz sayəsində əldə etdik. Yeni və ən böyük qələbə isə hələ qarşıdadır …

