Gündəm 

Cənubi Qafqazdan dünyaya açılan «yaşıl enerji» qapısı – Azərbaycan

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün yeni əməkdaşlıq platforması oldu

Enerji sənayesində yaranan tələbatla bağlı müzakirələrin aparıldığı Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərinin, Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunun keçirilməsi o deməkdir ki, Azərbaycanın təşəbbüsü kimi maraq doğuran « yaşıl enerji» layihələri bütün dünya ölkələri tərəfindən maraqla izlənilir. Təhlükəsiz enerji güclərinin yaradılmasını şərtləndirən tədbirlərdə 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin iştirakı Bakı Enerji Həftəsinin beynəlxalq əhəmiyyətinin göstəricisi idi. Bakı Enerji Həftəsində keçirilən görüşlərdə enerji təhlükəsizliyi və enerji ehtiyatlarının şaxələndirilməsi ilə bağlı müzakirələrin, dialoqların təşkili Azərbaycanın təşəbbüsü ilə yaradılan çoxtərəfli əməkdaşlıq formatında birləşən dövlətlərin sayının artacağı istisna deyil.
Regionda sabitliyin qarantı olan Azərbaycan Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyini bütün səviyyələrdə bildirmiş, malik olduğu karbohidrogen ehtiyatlarını dünya bazarlarına çatdırmaq məqsədilə tanınmış iri enerji şirkətləri ilə, sərmayədarlarla əməkdaşlığı genişləndirmiş, Avropa ölkələri üçün alternativi olmayan mənbə olduğunu reallaşdırdığı neft-qaz layihələri ilə təsdiqləmişdir. Ulu öndər Heydər Əliyevin hazırladığı neft strategiyasının uğurla davam etdirilməsi, yeni neft-qaz yataqlarının kəşfində birgə səylərin artırılması, qardaş Türkiyə və qonşu Gürcüstanla birgə reallaşdırılan Bakı- Tbilisi- Ceyhan neft , Bakı- Tbilisi-Ərzurum qaz kəmərlərinin ardıcıllarına, dörd seqment üzrə inşa olunan Cənub Qaz Dəhlizinə artan maraq çox mürəkkəb siyasi mühitdə belə qətiyyət göstərən ölkəmizin regional enerji təhlükəsizliyinə verdiyi töhfələrdəndir. XXI əsrin boru kəməri adlandırılan Cənub Qaz Dəhlizi daha çox ehtiyata malik «Şahdəniz» qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaratdı. Qaz ehtiyatlarının nəqlində yeni, daha müasir texnikadan istifadə etməklə hasilatın və ixracın artırılması ilə Avropa qitəsində tərəfdaşlarının sayını çoxaldan Azərbaycan təkcə ötən il 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Cari ildə bu rəqəm 24 milyard kubmetrə çatdırılacaq. Xəzərin Azərbaycan sektorundakı yataqların istismarı ilə hasilat və ixrac imkanları çoxalacaq. Yeni yataqların istismara verilməsi ölkəmizin dünya bazarında enerji təhlükəsizliyi ilə bağlı rolunu artıracaq.

Bu günlərdə keçirilən Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın təşəbbüsü ilə reallaşan neft-qaz kəmərlərinin dövlətlərarası əməkdaşlığın möhkəmlənməsindəki rolundan bəhs edən və perspektivlərdən söz açan Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ənənəvi olaraq Bakıda keçirilən illik toplantılarını işlək mexanizm adlandırmaqla bu cür görüşlərin yeni əməkdaşlıq körpülərinin yaranmasında böyük əhəmiyyətə malik olduğunu da diqqətə çatdırdı. Vahid boru kəmərləri sistemi adlandırılan Cənub Qaz Dəhlizinin sonuncu hissəsi Trans-Adriatik Boru Kəmərinin genişləndirilməsi ilə bağlı Azərbaycanın təşəbbüskar kimi dialoqa hazır olduğunu bildirdi. Cənub Qaz Dəhlizinin komandasında təmsil olunan və fəal əməkdaşlıq edən Türkiyənin, Gürcüstanın, Bolqarıstanın, Yunanıstanın, Albaniyanın, İtaliyanın birgə səylərini yüksək dəyərləndirən Prezident İlham Əliyev bu prosesin sürətləndirilməsində iştirak edən beynəlxalq maliyyə təsisatlarına minnətdarlığını bildirməklə bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bəyan edən dövlət başçımız İlham Əliyev «Çünki mən artıq dediyim kimi, Azərbaycan qazına tələbat artır, bunun üçün potensial var, siyasi iradə var. Beləliklə, biz təbii qazın nəqli ilə bağlı infrastruktur imkanlarımızın potensial tələbatın səviyyəsinə gətirilməsi üçün vaxt itirməməliyik. Burada yalnız TAP deyil, həm də Cənubi Qafqaz Boru Kəməri və TANAP sürətli qaydada genişləndirilməlidir və biz bunun üzərində çalışırıq» sözlərinə əlavə olaraq Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində yaranan məhsuldar əməkdaşlığı da yüksək qiymətləndirdi: «Biz bununla bağlı Avropa Komissiyası ilə daimi təmasdayıq və cari ilin fevral ayının əvvəlində Bakıda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı və bizim energetika naziri arasında aparılmış müzakirələr nəticəsində Avropa İttifaqı və Azərbaycan arasında enerji dialoqunu yaratdıq. Gündəlik olduqca genişdir, buraya neft və qaz kimi ənənəvi sahələr daxildir. Bununla yanaşı, elektrik enerjisi, bərpa olunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələləri də gündəmdədir.»

Həftə çərçivəsində təşkil olunan görüşlərdə Azərbaycanın yenilənən enerji kimi dəyərləndirilən «yaşıl enerji», bərpaolunan enerji layihələri qabaqcıl təcrübə kimi maraq doğurmuşdur. Dünyanın aparıcı enerji şirkətlərindən olan Səudiyyə Ərəbistanı Krallığının «ACWA Power»” və «Masdar»” şirkətləri, neft və qaz sahəsində SOCAR-ın strateji tərəfdaşı və aparıcı investoru olan BP ilə bərpaolunan enerji ilə bağlı danışıqları maraqla qarşılanmışdır. Xatırladaq ki, hazırda SOCAR və BP işğaldan azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir.

«Yaşıl enerji» layihəsinin daha çox Ermənistanın işğalından azad edilən ərazilərdə tətbiq olunması ilə Kəlbəcər və Laçın rayonlarının enerjiyə tələbatı ödəniləcək və yeni layihələr nəticəsində ölkəmizdə əlavə enerji gücləri yaranacaq. Hazırda önəmli enerji layihələri nəzərdən keçirilir, bərpa olunan enerjiyə qoyulacaq sərmayələr müəyyənləşdirilir. Məqsəd də , hədəf də enerji təhlükəsizliyi məsələlərində səmərəliliyi artırmaq, itkiləri aradan qaldırmaq, Azərbaycanın tranzit imkanlarından səmərəli istifadə üçün yollar müəyyənləşdirməkdir.

Neft strategiyasının həyata keçirildiyi ilk mərhələdən şaxələndirmə prinsipinə üstünlük verən, müəllifi olduğu 3 neft, 4 qaz boru kəmərləri, 4 qonşu ölkəyə elektrik enerjisi ixracı üzrə öhdəliyinə sadiq qalan Azərbaycan yeni layihələrin icrasında da qətiyyət göstərir. Hazırda dünya siyasətinin də gündəmində aktual məsələ olan Zəngəzur dəhlizinin bərpası istiqamətində səylərini artıran Azərbaycan bu dəhlizlə elektrik enerjisi ixrac etməyi də planlaşdırır. Yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu olacaq bu dəhlizin də şaxələndirmə prinsipləri əsasında fəaliyyəti əməkdaşlıq formatını genişləndirəcək. Prezident İlham Əliyevin «Biz heç vaxt imza atdığımız müqavilənin bir sözünü belə dəyişməmişik. Biz sürətlə inkişaf edirik və əlbəttə ki, Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı artıracaqdır» sözlərinin reallaşacağı gün də uzaqda deyil. Yəni, qlobal layihələrdə şaxələndirmənin regionda sabitliyin təminatına ən böyük töhfə verməsi özünü doğruldan əməkdaşlıqdır. Zəruri infrastruktur layihəsi olan bu dəhlizi bərpa etməkdə məqsəd Azərbaycanın xarici siyasətinin əsası olan qarşılıqlı əməkdaşlığı şərtləndirən yeni körpülər qurmaq və «yaşıl enerji» layihəsinin coğrafiyasını genişləndirməkdir. Amma Zəngəzur dəhlizi sonuncu deyildir. Yeni dəniz limanı, bütün istiqamətlər üzrə respublikamızı birləşdirən dəmir , avtomobil yolları, azad olunmuş ərazilərdə istifadəyə verilən və inşası nəzərdə tutulan hava limanlarımız Azərbaycanın nəqliyyat infrastrukturunu da genişləndirəcək. Əlverişli coğrafi məkanda yerləşən Azərbaycanın neft və qaz sahəsində sadiq qaldığı münasibətlər quru yollarla əməkdaşlıq potensialını daha da artıracaq. Bütün hallarda mövcud olan və icrası nəzərdə tutulan enerji və nəqliyyat layihələri regionda sabitliyin təminatı baxımından əhəmiyyəti ilə fərqlənir.

«Hər bir ölkənin iqtisadi müstəqilliyi enerji təhlükəsizliyi ilə tamamlanır» deyimi Azərbaycanın neft strategiyasının başlıca amili kimi bu gün dəstəklənir və gələcəkdə də nümunə göstəriləcək. Azərbaycanın enerji diplomatiyası özünü doğrultmaqla ölkəmizin iqtisadi potensialının gücləndirilməsində, qeyri-neft sektorunun inkişafında da mühüm rola malikdir. Beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında Azərbaycanın adının ən islahatçı ölkələr sırasında çəkilməsi respublikada mövcud olan təbii resurslardan, yeraltı, yerüstü sərvətlərdən səmərəli istifadənin nəticəsidir. Bu uğur bir daha göstərir ki, ölkəmizdə şaxələndirmə siyasəti yalnız enerji sektorunu deyil, respublika iqtisadiyyatının bütün sahələrini əhatə edir. Azərbaycan qlobal əhəmiyyətli layihələrin həlli üçün əməkdaşlığa hazırdır və qazandığı təcrübələrin daha geniş miqyasda tətbiqində maraqlıdır.

Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan tədbirlərdə ölkəmizlə bağlı deyilənlərdən aydın olur ki, Avropa dövlətləri Azərbaycanın enerji, nəqliyyat layihələri ilə bağlı təşəbbüslərini dəstəkləyir və əməkdaşlıqda maraqlıdırlar.

Bakı Enerji Həftəsi çərçivəsində Şuşada «Xalis sıfra aparan yol: İşğaldan azad edilmiş ərazilərin yaşıl enerji potensialının inkişafı»” mövzusunda keçirilən xüsusi sessiyada da qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa-quruculuq prosesi çərçivəsində 20 meqavatlıq elektrik stansiyaları istismara verilib. Bu il daha 5 stansiya istifadəyə veriləcək. Şuşa da daxil olmaqla işğaldan azad edilmiş ərazilərdə 19 yarımstansiya inşa və bərpa edilib, hazırda 7 yeni yarımstansiya tikilir, 8-nin də inşası planlaşdırılır. Strateji hədəflər isə yenə də aktualdır: Azərbaycan bu ərazilərin yenidən qurulmasına enerji dayanıqlılığı ilə bağlı müasir çağırışlar və qlobal iqlim dəyişikliyi probleminin həllinə dəstək müstəvisində yanaşır. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzuru xalis sıfır emissiyalı «Yaşıl enerji» zonası” elan etməsi mütərəqqi inkişaf siyasətinin örnəyidir”. 140 MVt gücündə «Xudafərin»” və «Qız Qalası”» su elektrik stansiyalarının istismara verilməsi regionun «yaşıl” inkişafına» töhfə olacaq. Ən böyük layihə olan 4 min meqavatlıq külək və günəş enerjisi layihələri üzrə əməkdaşlıq sənədinin imzalanması üçün məkan olaraq mədəniyyət paytaxtımızın seçilməsi ilə Şuşa həm də «Yaşıl enerji zonası”»nın mərkəzinə çevrilir. Prezident İlham Əliyevin «Yəni, şaxələndirmə yalnız enerji təchizatına aid deyil. Bu, bizim iqtisadiyyatımızın şaxələndirilməsidir və biz buna nail oluruq. Hesab edirəm ki, bu gün Azərbaycanda biznes mühiti tamamilə lazımi səviyyədədir və Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir. Dediyim kimi, birincisi, bizim neft-qaz sahəsində nəhəng təcrübəmiz var, biz ənənəvi şirkətlərlə tərəfdaşlığımıza böyük dəyər veririk. Biz heç vaxt imza atdığımız müqavilənin bir sözünü belə dəyişməmişik. Biz sürətlə inkişaf edirik və əlbəttə ki, Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı artıracaqdır» sözləri dünya ictimaiyyətinə sülhün rəmzi olan «Yaşıl dünya naminə» birlik, əməkdaşlıq çağırışıdır.

Daha çox xəbərlər