Siyasət 

Azərbaycan üçün QIRMIZI XƏTT – Dünyanın heç bir yerində belə deyil

Din, etiqad, vicdan azadlığı ümumi insan haqlarının ayrılmaz hissəsidir. İnsan haqları və azadlıqları, o cümlədən din və vicdan azadlığının təmin olunması istənilən cəmiyyət və dövlətin ümumi inkişafı baxımından təməl prinsiplərdəndir. Əgər real həyatda “dini etiqad azadlığı” inanclı insanlar üçün “dini etiqad məhdudiyyəti”nə çevrilərsə, o halda, vətəndaşlarımızın konstitusion haqları məhdudlaşdırılmış olar.

Cəmiyyətdə bu və ya digər səbəblərdən gərginliyin artması heç bir dövlətin maraqlarına uyğun deyil. Hər kəs atdığı addımları ilə mövcud problemləri həll etməyə, gərginliyi aradan qaldırmağa çalışmalıdır, onu bir az da qızışdırmağa yox.

Ölkəmizdə də bu sahə ölkə Konstitusiyası və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Azərbaycan Konstitusiyası tam mənası ilə dini etiqad azadlığını tanıyır. Konstitusiyamızın “Vicdan azadlığı” adlanan 48-ci maddəsində göstərilir ki, “Hər kəsin vicdan azadlığı var. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var”.

Azərbaycanda qadağasız etiqad

Konstitusiyamızda o da qeyd edilir ki,”Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir”. Bəli, Konstitusiyamızın sərbəst elan etdiyi bir hərəkəti isə heç kəs heç bir adla qadağan edə bilməz! O zamana kimi ki, burada dini mərasimlərin yerinə yetirilməsi ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyilsə. Hər halda, hüquqi dövlət prinsipi bunu tələb etməkdədir. Dinlə bağlı bütün qanunvericilik aktları və onların tətbiqi qaydaları məhz konstitusiyamızın bu tələbini əks etdirməli, bunun mexanizmini açıqlamalıdır, bu təməl prinsipləri heç bir vəchlə məhdudlaşdırmalı deyil. Ölkədə hər kəs öz dini inancını ifadə etməkdə və yaymaqda sərbəst olmalıdır və sərbəstdir.

Toplumun əmin-amanlığı, rifahı, inkişafı naminə cəmiyyətimizdə barışığa doğru addım atmalı, insan haqlarını rəhbər tutaraq hətta bizim kimi düşünməyənləri, əqidə fərqliliklərini qəbul etməliyik. Bu prinsipdən yola çıxaraq, vətəndaş cəmiyyətində, hüquqi dövlətdə vicdan azadlığı təbii haqlardan biri kimi tanınır. İnsanların dini inanclarına hörmətlə yanaşmaq, fərqli dinlərdən olan insanları dini mənsubiyyətinə görə fərqləndirməmək vətəndaş cəmiyyətinin, hüquqi dövlətin əsas elementlərindən hesab edilir.

Vicdan azadlığı dedikdə insanın istədiyi dinə sitayiş etməsi və ya heç bir dini qəbul etməmək hüququ başa düşülür. Bəzi cəmiyyətlərdə vicdan azadlığının sərhəddi müəyyənləşdirilsə də, əsl vətəndaş cəmiyyətlərində və hüquqi dövlətdə vicdan azadlığı məhdudlaşdırılmır. Çünki vicdan azadlığı o demək deyil ki, “vicdan azadlığı”nın sərhədi yoxdur. “Dünyada hər bir şeyin bir sərhədi var. Hər şeyin bir sərhədi, həddi olduğu kimi, “dini azadlığ”ın, “vicdan azadlığ”ın da bir həddi var. Ona görə də, bu hədləri keçəndə insan hüquqları pozulur.

İnsan haqlarını qoruyan azadlıq

Əgər vətəndaşın vicdan azadlığı pozulursa, bu artıq yalnız cəmiyyətin inanclı təbəqəsinin problemi deyil, ümumi insan haqları problemidir. İnsan haqları pozulan cəmiyyətdə isə inanclıların da, digərlərinin də haqları pozulmuş olur. Bu isə cəmiyyətin inkişafının qarşısını kəsir, hüquqi dövlət anlayışını sarsıdır, dövlətçiliyə mənfi təsir göstərir və vətəndaş cəmiyyəti quruculuğuna mane olur.

Bu gün ölkəmizdə dinə dövlət tərəfìndən ən yüksək səviyyədə qayğı var. Azərbaycanda kilsələr, sinaqoqlar və Qafqazın ən böyük məscidi tikilib. Eyni zamanda ateist və materialistlər üçün də vicdan azadlığı konstitusional səviyyədə qorunur. Amma xarici dini radikal sektalara qoşulan cahillərin və ölkədəki möhtəşəm multikultural mühitə kor olan kəşfiyyat ünsürlərinin fəallaşmağı da radikal müxalifətdəki milli şura xaotikasının hoqqalarına daxildir ki, bunun vicdan azadlığı ilə yaxından-uzaqdan heç bir bağlılığı yoxdur.

Doğrudur, yersiz və qanunazidd qadağalar, hər zaman cəmiyyətdə gərginliyi artırır, insanları radikallaşdırır və mövcud problemlərin həll edilməsi əvəzinə, daha yeni problemlərə yol açır. Lakin hazırda Azərbaycanda bu deyilənlərin heç birinə rast gəlmək mümkün deyil. Azərbaycan hazırda milli, dini və etnik müxtəliflik baxımından Şərqi Avropanın, o cümlədən Cənubi Qafqazın ən zəngin dövlətidir. Ölkənin bütün vətəndaşlarının etnik xüsusiyyətləri nəzərə alınır, qorunur və inkişafı üçün şərait yaradılır.

Çox rahatlıqla deyə bilərik ki, ölkəmizdə vicdan azadlığı yüksək səviyyədədir və insanların inancına hörmətlə yanaşılır. Bu mənada mərhum dövlət başçısı Heydər Əliyevin siyasi irsini və əsasını qoyduğu ənənələri inamla davam etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasət dini konfessiyaların dinc yanaşı yaşamasını, qarşılıqlı əlaqəsini, müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə səy göstərmələrini təşviq etməsini nümunə göstərə bilərik.

Dövlət başçısının rəhbərliyi ilə son 19 ildə islam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələri, məscidlər, ziyarətgahlar, müqəddəs dini sitayiş, inanc yerlərinin təmiri və bərpası ilə bağlı görülən işlər deyilənləri bir daha təsdiqləyir.

İlham Əliyevin 2021-ci il iyulun 8-də imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150 min manat, Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150 min manat və Alban-Udi xristian dini icmasına 150 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100 min manat ayrıldı ki, bu da Azərbaycanın dövlət səviyyəsində hansı dinin nümayəndəsi olmalarından asılı olmayaraq bütün inanclı şəxslərə bərabər dəyər verdiyinin digər bir nümunəsidir.

Son zamanlar Avropada başqa mədəniyyətlərin və dinlərin nümayəndələrinə dözümsüzlük nümayiş etdirilir. KİV-də məscidlərin, sinaqoqların təhqir edildiyinə dair informasiyalar yayılır. Özünü tolerant kimi göstərən belə dövlətlərdə milli, dini, etnik ayrı-seçkilik günü-gündən gücləndiyi halda Azərbaycanda dini azlıqların (“Soxnut” Yəhudi Mədəniyyət Mərkəzi, “Azərbaycan Udi Ocağı”) mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsi ölkəmizin sözügedən məsələni nə qədər həssaslıqla qarşıladığının bariz nümunəsidir. Odur ki, bu kimi məsələlər baxımından Azərbaycan Avropa və dünyanın bir çox ölkəsindən daha dözümlü və irəlidədir.

Elə bu səbəbdəndir ki, Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələri Azərbaycanı öz vətənləri hesab edirlər və hətta onun suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmağı belə özlərinə şərəf hesab edirlər.

İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli məsələ ilə bağlı fikirlərini Milli.Az-la bölüşüb:

“Avropa həmişə ənənəvi olaraq öyündüyü o dözümlülük, multikultiralizm və digər dəyərlərdən imtina etməkdədir. Hətta bəzi siyasi liderlər (Britaniyanın keçmiş baş naziri Devid Kameron – red.) artıq multikultiralizmdən imtina haqqında danışır və artıq liberalizmə keçidin zərurəti haqqında söylənirlər. Yəni ənənəvi hesab olunan dəyərlərindən imtina edirlər. Amma Azərbaycanda tarixən məzhəblər, dinlər arasında barış, anlaşma mühiti olub. Azərbaycanda heç zaman dini zəmində heç bir qarşıdurma olmayıb. Bu, Azərbaycanlıların dinə baxışından, Azərbaycanın milli xüsusiyyətlərindən doğan bir haldır və bu gün də Azərbaycanda dövlət səviyyəsində bu siyasət aparılır. Çoxmədəniyyətlilik, dözümlülük – bu, artıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Heç kəsə o da sirr deyil ki, bu gün Bakının mərkəzində erməni kilsəsi dövlət tərəfindən qorunur. Orada erməni dilində ədəbiyyat da var. Bəziləri bunun yanlış olduğunu düşünürdü, amma Vətən müharibəsindən sonrakı bütün proseslər göstərdi ki, Azərbaycan düz yoldadır və bu, olduqca doğru addımdır.

Paytaxtdakı erməni kilsəsi

Mən xatırlayıram ki, əvvəllər bu fikirlər səslənəndə bəzi insanlar bu məsələyə bir az spesifik yanaşırdılar – “Ümumiyyətlə, bu mövzu nəyə görə bu qədər qabardılır?”. Amma 44 günlük Vətən müharibəsi zamanı bəlli oldu ki, vicdan azadlığı, dini etiqad nə qədər önəmli mövzudur. O zaman Azərbaycandakı bütün dini konfessiya nümayəndələri vahid mövqedən çıxış etdilər. Ermənilər hətta belə bir şayiə yaydılar ki, guya “Azərbaycandakı azsaylı xalqların nümayəndəli zorla cəbhəyə göndərilir”. Xatırlayıram ki, o zaman ölkəmizdəki bütün konfessiya nümayəndələri (Qafqaz Müsəlmanları İdraəsinin sədri ilə) birgə bəyanatla çıxış etdilər ki, “Biz Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirik”.

H.Şahin müxtəlif din təmsilçilərinin qardaşlıq şəraitində bir dövlətin sərhədləri daxilində yaşamağı Azərbaycanın sahib olduğu ən böyük dəyərlərdən biri adlandırıb:

“Azərbaycanın ərazi bütövlüyü uğrunda müxtəlif din təmsilçiləri şəhid oldular. Mən özüm bunlardan biri Dmitri Solnsevin dəfnində iştirak etdim. Orada həm müsəlman, həm xristian, həm yəhudi din xadimləri iştirak edirdilər. Yəni bu, Azərbaycanın malik olduğu dəyərdir. və bu dəyəri qoruyub saxlamaq vacibdir. Çünki günü-gündən dünyada dini zəmində münaqişələrin sayı artır, din bəzi dövlətlər tərəfindən bir manipulyasiya vasitəsinə çevrilir. Bu mövzu mütləq gündəmdə qalmalıdır. Həm dövlət siyasəti bu istiqamətdə aparılır, bundan sonra da aparılacaq, eyni zamanda xalq da bu məsələdə ayıq-sayıq olmalıdır. Çünki bəzi dairələr var, onlar dinc oturmurlar, bəzən bu mövzuları gündəmə gətirərək dini zəmində qarşıdurma yaratmağa cəhd göstərirlər. Biz qoruduğumuz dəyərləri sona qədər qorumalıyıq”.

Azərbaycandakı bütün dinlər Azərbaycanın sərvətidir. Bu məsələnin üzərində dövlət başçısı İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı xüsusilə dayanır və dünyanın aparıcı beyin mərkəzlərinin iştirak etdiyi bu tədbirdə Azərbaycandakı dini konfessiyaların dinc yanaşı yaşamasını, qarşılıqlı əlaqəsini, müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığındakı müstəsna rolunu hər kəsin diqqətinə çatdırır: “Bizim Azərbaycandakı dini və tarixi irsimiz bütün Azərbaycan xalqına məxsusdur. Zərdüştlük məbədi, məscid, katolik kilsə, pravoslav kilsə, erməni kilsəsi və sinaqoq – bütün bunlar bizim milli irsimizdir və biz onları qoruyub saxlayırıq. Bakını, Şuşanı, Qubanı və digər yerləri ziyarət edən hər kəs bunu görə bilər”.

Bəli, bu reallıqdır – Azərbaycanın reallığı! Amma heç vaxt unutmamalıyıq ki, bu birliyi sarsıtmaq istəyən qüvvələr daxildə də var, xaricdə də var və bu, Azərbaycan üçün qırmızı xəttdir. Bu xəttin keçilməsinə heç cür imkan vermək olmaz.

Sadalanan faktlar göstərir ki, Azərbaycan dövləti tərəfindən vicdan azadlığına hörmət sözdə deyil, əməldə də özünü yüksək səviyyədə əks etdirir. Tolerantlıq, dini, milli-irqi dözümlülük milli mentalitetimizin ayrılmaz xüsusiyyətlərindən biridir. Tarix boyunca Azərbaycanda müxtəlif xalqların nümayəndələri vahid və mehriban bir ailə kimi yaşayıb, etnik və dini icmalar arasında dözümlülük əlaqələri formalaşıb, milli, irqi, dini ayrı-seçkiliyə yol verilməyib, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində dinc-yanaşı fəaliyyət göstəriblər. Bu, bundan sonra də Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri kimi qalacaq.

Daha çox xəbərlər