Gündəm 

Faşist xislətlilərin maskaları düşür

Bu gün artıq bütün dünya erməni vandallığını pisləyir…

İkinci Qarabağ savaşı təkcə Azərbaycanın tarixi, hüquqi, siyasi haqlılığının qələbəsi olmadı, həm də erməni vəhşiliyinin tam çılpaqlığı ilə dünyanın gözləri önünə sərilməsinə, onların barbarlıqlarının beynəlxalq ictimaiyyətin də görüb, anlayıb haqlı olduğumuza şərait yaratdı. Erməni vəhşiliyi ilə bağlı bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradan əsas amillərdən biri isə tarixi Zəfərimizdən sonra beynəlxalq ictimaiyyətin, diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfər edərək bu vəhşiliklərlə yerindəcə tanış olmaları, murdar erməni xislətini görmələri ilə bağlıdır. Bunun nəticəsidir ki, artıq faşist ideologiyalı ermənilərin təkcə insanlarımızın deyil, təbiətimizin, tarixi, mədəni, dini irsimizin də qəniminə çevrilməsini hətta nüfuzlu beynəlxalq təşkilatlar da etiraf etməyə başlayıblar. Bugünlərdə yayımlanan ABŞ Dövlət Departamentinin dünyada dini etiqad azadlığının vəziyyəti ilə bağlı 2021-ci il üçün illik hesabatı üzrə Beynəlxalq Din Azadlığı hesabatı da bunun təcəssümüdür.

Hesabatda vurğulanıb ki, Azərbaycan tərəfindən azad edilən ərazilərdə törədilən dağıntılara, xüsusilə də Ağdam, Füzuli və digər yaşayış sahələrinin izlərinin itirilməsinə, talanmasına, habelə son 30 il ərzində mədəni irsin istismarına görə Ermənistan məsuliyyət daşıyır. Sənəddə işğal dövründə ermənilər tərəfindən Azərbaycanın dağıdılmış məscidlərinə dair məlumat yer alıb. Bildirilib ki, Azərbaycanın qaytardığı ərazilərin genişmiqyaslı minalanması nəticəsində qəsəbə və kəndlərdəki yüzlərlə dini yerlərin böyük əksəriyyətinə gediş-gəliş mümkünsüz olub və bu yerlərə dəymiş zərərin miqyasının illərlə qeyri-müəyyən qalması mümkündür. Həmçinin qeyd olunub ki, Füzuli rayonunda 19-cu əsrə aid Hacı Ələkbər Məscidinin dağıdılması, erməni dillində yazılarla vandalizmə məruz qoyulmuş və mehrabı güllələrlə dəlik-deşik edilmiş Ağdam Cümə məscidi dini abidələrə vurulan aşkarlanmış zərərlərin nümunələridir. Hesabatda vurğulanıb ki, tarixi və müqəddəs hesab edilən “İmarət Qərvənd” məzarlığı və şəhərin Şəhidlər xiyabanı da daxil olmaqla, bütün Ağdam boyunca məzarlıqlar murdarlanıb, qarət edilib və ya dağıdılıb. Əlavə olunub ki, Ağdamdakı Şəhidlər xiyabanını ziyarət edən Qərb diplomatları bir zaman meyitlərin dəfn olunduğu qəbirlərdə dəliklərin olduğunu və yalnız bir qəbir daşının olduğunu, onun isə sındırıldığını bildiriblər.

Göründüyü kimi, sözügedən sənəddə Ermənistanın işğal, həm də müharibə zamanında tarixi mədəni abidələrin, eləcə də dini ziyarətgahların, məscidlərin və mədəni irsin yerlə-yeksan edilməsi pislənilib. Beynəlxalq təşkilatın hesabatında Ermənistanın vəhşiliyinin, milli-mənəvi dəyərlərə faşistsayağı münasibətinin əksini tapması Ermənistana ciddi zərbə oldu.

Xüsusi olaraq vurğulayaq ki, Ermənistanın müharibə cinayətlərinin əhatə dairəsi heç də hesabatda göstərilənlərlə məhdudlaşmır. İşğal illərində ermənilər ulu əcdadlarımızdan bizə miras qalan tarixi dini-mədəni abidələrimizi ya tamam dağıdıb, ya da təhqirlərə məruz qoyublar. İşğal dövründə erməni qəsbkarları Azərbaycanın təbiətinə böyük ziyan vurublar. Onlar xaricdəki havadarlarının dəstəyindən bəhrələnməklə təbii sərvətlərimizi qeyri-qanuni şəkildə istismar ediblər. Meşələrimiz qırılaraq qiymətli ağaclar mebel sənayesində istifadə olunması məqsədilə baha qiymətə satılıb. Çayların, anbarların suyundan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə olunub. Ermənilərin Oxçuçayı ölü su mənbəyinə çevirmələri ekologiyamıza vurulan ağır zərbədir.

Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi dövründə törədilən vəhşiliyin – çox sayda soydaşımızın işgəncələrlə öldürülərək kütləvi məzarlıqlarda basdırıl­dığı 30 ilə yaxın müddətdə işğal altındakı tarixi torpaqlarımız azad olunduqdan sonra üzə çıxıb. Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən, Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək torpağa basdırılmış və kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı əsir və girovluqda olmuş şəxslərin şahid ifadələrinə əsasən aparılan axtarış-araşdırma tədbirləri nəticəsində Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində də kütləvi məzarlıqlar aşkar edilib. Son olaraq isə cari il martın 28-də Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb. Ümumilikdə araşdırmalara görə, işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında belə məzarlıqlar mövcuddur. Ərazilər minalardan təmizləndikcə bu məzarlıqlar da aşkara çıxarılacaq.

Göründüyü kimi, təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı çoxsaylı terror əməllərini törədib. Müharibənin davam etdiyi 44 gün ərzində Ermənistanın hərbi birləşmələri tərəfindən azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. Döyüş meydanında məğlub duruma düşən ermənilər bunun əvəzini Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket zərbləri endirməklə çıxmağa çalışırdılar. O cümlədən erməni silahlı birləşmələri şəhər və kəndlərimizi, mülki infrastrukturu və dinc əhalini hədəfə alarkən “Toçka-U”, “Smerç”, “Skad” və digər belə dağıdıcı silahlardan istifadə ediblər.

Əslində, Ermənistanın müharibə cinayətlərinin siyahısı çox uzundur. Ancaq sadalanan faktlar da erməni vandalizmi barədə konkret təsəvvür yaratmaq üçün yetərlidir. Bir vaxtlar ermənilər yalan təbliğat nəticəsində özləri barədə “mədəni xalq” mifini formalaşdırmışdılar. Bunun nəticəsi idi ki, İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad, tarixi ədalətin və ərazi bütövlüyünün isə bərpa edilməsindən sonra Azərbaycan erməni vandalizminin ifşa edilməsi və reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atıb, müvafiq çağırışlar etsə də, bəzi qərəzli beynəlxalq qurumlar inadla erməni vandalizmini görməzdən gəlir, hətta ört-basdır etməyə çalışırdılar.

Ermənilərin bu əməlləri, əslində, təkcə xalqımıza deyil, bütövlükdə, dünya mədəni irsinə, bəşər sivilizasiyasına qarşı barbarlıq, vandalizm aktı və soyqırımı siyasəti, cinayət əməlidir. Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət daşıyır və buna görə qanun qarşısında cavab verməlidir. 30 il işğal altında qalan ərazilərimizdə xalqımıza məxsus qədim tarixə malik abidələrin dağıdılması, mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinin pozulmasıdır. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həm də sülh və təhlükəsizlik məsələsidir.

Erməni vandalizminin ifşa edilməsi ilə əlaqədar proses davam edir. Artıq yalan üzərində bərqərar olan bu mif dağılmaqdadır. Prezident İlham Əliyev ayrı-ayrı çıxış­larında, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərində, xarici ölkə rəhbərləri ilə söhbətlərində Ermənistan tərəfindən törədilən bu vəhşilikləri diqqətə çatdıra­raq düşmənin əsir və itkin düşən, girov götürülən insanların taleyini gizlətdiyini və işğalçının kütləvi məzarlıqların xəritəsini verməməsini xüsusi qabardıb. Postmüharibə dövründə dövlətimizin başçısının tövsiyəsi ilə respublikamıza gəlib azad edilən ərazilərdə səfərdə olan xarici media nümayəndələri, diplomatik korpusun təmsilçiləri, din xadimləri bi­zim təkcə tarixi, hüquqi və siyasi cəhətdən deyil, həm də insanlıq baxımından nə qədər haqlı olduğumuzu gördülər. Bununla yanaşı, aidiyyəti beynəlxalq təşkilatlar da aşkar faktları əsas götürməklə, obyektiv araşdırma aparmaqla ifşaedici və qınayıcı bəyanatlar verməlidirlər. Çünki belə hadisələr Ermənistanın ümumbəşəri dəyərlərə, insan hüquqlarına mürtəce münasibət bəslədiyini göstərir.

Daha çox xəbərlər