Şuşa yenidən dünyanın diqqət mərkəzində…
Dünyanın çox nüfuzlu informasiya agentliklərindən olan “Reuters”in mədəniyyət paytaxtından hazırladığı reportajda bu unikal şəhər “Azərbaycanın İsveçrəsi” adlandırılır
Müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən demişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Bəli, bu sözlər Şuşanın xalqımız üçün nə dərəcədə əziz və dogma olduğunun ən böyük ifadəsi idi.
1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.
Otuz illik torpaq həsrətinə son qoyan Vətən müharibəsinin 43-cü günündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciəti zamanı Şuşa şəhərinin işğalçılardan azad edilməsi müjdəsini verdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Müzəffər Ali Baş Komandan İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti zamanı 2022-ci ili “Şuşa ili” elan etdi: “Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, – hamımız yaxşı bilirik, – 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında, qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik və öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”.
2022-ci il il yanvarın 5-də isə dövlətimizin başçısı Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Ölkə başçısının bu Sərəncamı bir daha ölkəmizdə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunmasına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyini nümayiş etdirir.
Bu gün Qarabağın tacı olan bu şəhərdə həyata keçirilən nəhəng bərpa- quruculuq işləri, beynəlxalq tədbirlər, forumlar, konfranslar dünya ictimaiyyətinə bir daha çatdırdı ki, Şuşa tarixi Azərbaycan torpağıdır. Şuşa Qarabağın inzibati, iqtisadi mərkəzi, inkişaf etmiş şəhəri, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir.
Tarixi Zəfərdən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanıldı, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirildi. Ölkə başçısının Sərəncamı ilə Şuşa rayonuna Prezidentin xüsusi nümayəndəsi təyin edildi. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradıldı. 2022-ci il aprelin 22-23-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı keçirildi. Mayın 12-də ruhumuzun şəhəri olan Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı oldu. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi.
Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa bu gün dünyanın diqqət mərkəzindədir. Qərbin çox nüfuzlu informasiya agentliklərindən olan “Reuters”in bu şəhər barədə hazırladığı reportaj bunun bariz nümunəsidir. Məqalədə qeyd olunur ki, vaxtilə Şuşa “Azərbaycanın İsveçrəsi” kimi tanınırdı. Orada qeyd olunduğu kimi, erməni işğalı zamanı dağıdılmış şəhər azad edildikdən sonra indi azərbaycanlı inşaatçılar onun küçələrini tədricən dirçəldirlər. Bildirilir ki, yerli şuranın, polis idarəsinin və baş poçt idarəsinin binaları bərpa olunub, Gövhər ağa məscidinin ətrafında bərpa işləri aparılır: “Üç hotelin tikintisi Azərbaycan hakimiyyətinə illik Bakı Enerji Həftəsi konfransının keçirilməsi üçün Şuşanı seçməyə imkan verdi. Bu konfrans zamanı məlum oldu ki, BƏƏ-nin “Masdar” şirkəti Azərbaycan üçün 4 giqavatt elektrik enerjisi istehsal edəcək günəş və külək elektrik stansiyaları tikəcək”.
Müəllif vurğulayır ki, hazırda şəhərdə üç supermarket fəaliyyət göstərir və həftədə beş dəfə avtobuslar Şuşaya Bakıdan yerli turistləri və işçiləri gətirir.

