Gündəm 

Paşik korrupsioner sələflərinin astar üzüdür

İrəvanda davam edən aksiyalarda siyasi qüvvələr arasında qarşıdurmalar güclənir, baş nazirin istefası tələb olunur

Ermənipərəst Minsk qrupundan fərqli olaraq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, müvafiq mexanizmin icrası, predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, demarkasiyası, kommunikasiyaların açılması kimi digər məsələlərin həlli ilə bağlı əməli addımların atılması istiqamətində səylərini artıran Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən Brüssel görüşləri maraqlı məqamları ilə diqqəti cəlb etdi. Son illərdə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, qitə dövlətlərinin enerji təhlükəsizliyinin təminatında ölkəmizin rolunun artması Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.
Aİ rəsmiləri Prezident İlham Əliyevlə təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil hesab edirlər. 44 gün davam edən Vətən müharibəsində XXI əsrin döyüş taktikası, hərbi qüdrəti, təcrübəsi ilə supergücləri belə heyrətləndirən Silahlı Qüvvələrimizlə bağlı deyilənlər beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənən Azərbaycanın bölgədə yaratdığı reallıqların etirafıdır. Belçikada Aİ Şurasının Prezidenti Şarl Mişel, Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlərdə Azərbaycanın işğalçı dövlətə ünvanladığı, beynəlxalq səviyyədə qəbul olunmuş qaydalara uyğun sərhədlərin toxunulmazlığı və siyasi müstəqilliyin qarşılıqlı şəkildə tanınması, ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi, dövlətlərarası münasibətlərdə təhlükəsizliyə xələl gətirməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılması, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın yaradılması kimi təkliflərinin dəstəklənməsini Azərbaycan diplomatiyasının uğuru adlandırmaq olar. Ermənistanın Qarabağın Azərbaycanın tərkibində olduğunu qəbul etməsi və ölkəmizin ərazi bütövlüyünü tanıması, Birgə Sərhəd Komissiyasının yaradılması, prosesə nəzarətin hər iki ölkənin Xarici İşlər nazirliklərinə həvalə olunması iki ölkə arasında sərhədlərin delimitasiyası məsələlərinin həllinə inamı artırır. Avropa İttifaqının qlobal dəmir və avtomobil yollarının bərpası istiqamətində irəli sürülən təşəbbüsləri dəstəkləməsi Zəngəzur dəhlizinin bərpasına beynəlxalq səviyyədə yandırılan «yaşıl işıq» deməkdir. İrəvanda müəyyən dairələr artıq anlayırlar ki, Zəngəzur dəhlizini əngəlləməklə Ermənistan özünü mühüm imkanlardan məhrum edir. Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmasına və beynəlxalq yükdaşımalarda gəlir əldə etməsinə imkan verəcək.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid də xarici jurnalistlər üçün keçirdiyi brifinqdə qeyd edib ki, İrəvan və Bakının münasibətlərin normallaşmasına doğru irəliləmək üçün real imkanları var. ABŞ tərəflərin yaxınlaşma istiqamətində atdığı addımları yüksək qiymətləndirir”. Beynəlxalq səviyyədə diqqətçəkən bu cür açıqlamalar, Aİ-nin qətiyyətli addımları bölgədə sabitliyi tənzimləyəcək tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün mümkün variantlardan istifadə edən Azərbaycanın mövqeyini möhkəmləndirir.

Amma… Amması odur ki, tərəf müqabilimiz buqələmun kimi rəngini dəyişən, özünün təkmil xarici siyasəti olmayan Ermənistan kimi məkrli , hiyləgər düşməndir. Torpaqlarımızın işğal altında qaldığı 30 ildə tarixin arxivinə göndərilən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə cüzi imkan yarandığı məqamlarda danışıqların pozulması naminə min hoqqadan çıxan Ermənistanın cığallıqlarını, aradan çıxma hiyləsini hamı xatırlayır. Beynəlxalq səviyyədə belə müstəqil dövlət kimi qəbul olunmayan Ermənistan haqqında « dəlidir, nə etsə yeridir» sözlərini işlətmək daha məqsədəuyğun olar.

Əvvəlki gedişlərinə uyğun əməllərini davam etdirən Ermənistanda baş verən qarşıdurmaların, aksiyaların məqsədi yenə də sülh müqaviləsinin imzalanmasını ləngitmək, « bəlkə də qaytardılar» xəyalı ilə gözləmək, məsələlərin həllini yenidən keçmiş havadarları olan «trio»nun öhdəsinə buraxmaqdır.

Ermənistanın baş prokurorunun Azərbaycan ərazisinə qanunsuz səfər edərək, Xankəndidə qondarma qurumun «nümayəndəsi»” ilə görüşməsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı atılan addım olduğunu, ərazi bütövlüyümüzü tanıdığını bildirən işğalçı ölkədə hər kəs bilir. Bölgədə sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində göstərilən səylərə ciddi xələl gətirən Ermənistanın bu cür məsuliyyətsiz və təxribatçı hərəkətləri qəbuledilməzdir. Guya baş verən iğtişaşları yatırmaq bəhanəsi ilə Xankəndinə gələn «baş prokuror» un (əslində baş təxribatçı) səfərinin əsas məqsədi bölgənin təhlükəsizliyi üçün başlıca amil olan kövrək sülhü bərkiməyə qoymamaq, ara qarışdırmaqdır.

Bu azmış kimi, Azərbaycanın ən qatı düşməni, «həftə səkkiz, mən doqquz» deyiminə uyğun Ermənistanı su yoluna çevirən
Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin də Ermənistana səfər edib. İşğalçı ölkənini sabiq və hazırkı separatçı liderləri olan Robert Koçaryanla, Arkadi Qukasyanla, Bako Saakyanla və Araik Arutyunyanla görüşən bu erməni dəstəkçisi Azərbaycanın Qarabağ bölgəsi üzrə sülhməramlı kontingentin komandiri Andrey Volkov, eləcə də separatçıların gorbagor olmuş «Dağlıq Qarabağ»ın rus icmasının rəhbəri” adlandırdıqları Aleksandr Bordovla da görüşüb. Zatı, kökü bəlli olmayan bu haramzadənin «zəruri»” görüşlərinin qaranlıq, pərdəarxası məqamları bəllidir və səsi yaxın günlərdə eşidiləcək.
Hazırda Ermənistanda baş nazirin istefasını tələb edənlərlə Nikol Paşinyanı dəstəkləyən az saylı qruplar arasında qarşıdurma güclənməkdədir. Nikol komandasından olan, ermənilərin «ölüm həkimi» adlandırdıqları səhiyyə naziri insanları qorxutmaq üçün deyir ki, müxalifət yeni müharibə və yeni qurbanlar istəyir və onların güvəndiyi yalnız Xankəndi ətrafında günlərini gün edən sülhməramlılardır”. Yəni, fitva verənlər də, separatçıları qoruyanlar da bir mərkəzdə, separatçıların gizləndikləri şər yuvası adlandırılan Xankəndidə toplaşıblar. Amma səhiyyə naziri unutmamalıdır ki, 44 günlük İkinci Qarabağ müharibəsində ölən təqribən 90-a yaxın erməni əsgərin cəsədi hələ də Metsamor və Qeraçi morqlarında sahibsiz qalıb. «Joxovurd”» qəzetinin yazdığına görə müharibədən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, ölən əsgərlərin yaxınları hələ də cəsədləri götürməkdən imtina edirlər.

Hələ ki «bütün işlərim qaldadır, mərəkə-fısqırıq daldadır» təlaşı ilə yaşayan Paşinyan xarici dəstəkçilərindən gələn əmrlərə uyğun olaraq hadisələrin nə ilə nəticələnəcəyini izləyir. Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyaların başlandığı aprel ayından indiyədək 48 vətəndaş saxlanılıb, onlardan 24-ü həbs edilib. İndi də məhkəmələr həbslə bağlı vəsatətlərə baxırlar. Həbs olunanlar arasında siyasi məhbusların olması da istisna edilmir. İmzalanmasını gözləyən sülh müqaviləsinin gecikdirilməsi, işğalçı ölkədə səngiməyən aksiyalar rəsmi İrəvanın daha təhlükəli aqibətlə üzləşəcəyindən xəbər verir.

Dövlət siyasətinin əsas prinsipi bir toplum kimi özləri barədə məzlum, yazıq xalq imici formalaşdırmaq, başqalarının qarşısında alçalmaq , ianələr hesabına yaşamaq olan Ermənistanda «müstəqillik» ifadəsinin formal xarakter daşıdığını bütün dünya ictimaiyyəti bilir. O, da bəllidir ki, sərbəst addımlar atıb, qərarlar qəbul etmək səlahiyyəti olmayan işğalçı dövlətin baş naziri Soros rejiminin məhsuludur. Paşinyanın hakimiyyət komandası Soros Fondunun, «Transperensy”»in və digər təşkilatların « tövsiyələri» və maliyyələri hesabına formalaşıb. Ona görə də bəzi beynəlxalq QHT-lər bu gün Ermənistanda baş verən despotik hərəkətlərə, revanşist çağırışlara göz yumurlar. Amma əsas məsələ budur ki, Ermənistan əsgəri ölmək istəmirsə Azərbaycan torpağına gəlməsin. Çünki morqlarda çürüməkdə olan erməni cəsədlərinə sahib çıxmayan bu toplum üçün nə torpağın, nə də insanın dəyəri, qiyməti yoxdur. Ermənilərin əzabından qazanan xarabalıq aşiqi Soros və sözəbaxan uşağı Paşikdir.

Daha çox xəbərlər