Sülhün alternativi yoxdur
Hərb meydanında qalib gələn Azərbaycanın diplomatik müstəvidə strateji gedişləri bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırır
Vətən müharibəsində qazandığı tarix Zəfəri postmüharibə dövründə diplomatik qələbələrlə davam etdirən Azərbaycanın bu gün ilkin hədəfi sülh müqaviləsi üzrə danışıqlara başlamaq və sərhədlərin delimitasiya-demarkasiyası ilə bağlı müzakirələri keçirməkdir. Bölgədə sülh və etimadın təşviqi, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin müəyyənləşməsi, ərazilərin minalardan təmizlənməsi, kommunikasiya-nəqliyyat xətlərinin açılması və müvafiq infrastrukturun yaradılması, gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı fəaliyyət əsasında təmin olunması, ərazidə reabilitasiya və rekonstruksiya işlərinin aparılması, birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması və digər bu kimi məsələlər danışıqlar üçün mühüm mövzulardır. Artıq müvafiq dövlət komissiyasının tərkibi hər iki tərəfdə təsdiq olunub və sərhəd ərazisində ilk görüş keçirilib. Düzdür, Ermənistan bir neçə ay bu görüşü ləngitdi, danışıqlardan yayındı, ancaq nəticə etibarilə müzakirə masasına oturmağa məcbur oldu.
Ölkəmiz Avrasiyada geniş bir coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur nəqliyyat dəhlizi üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda inteqrasiya prosesi güclənəcək. Bu dəhliz, eyni zamanda, ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycan mühüm imkanlar qazanacaq. Üstəlik, bu geosiyasi fəaliyyət təkcə Cənubi Qafqaz ölkələri deyil, bir çox dövlətlər, o cümlədən güc mərkəzləri üçün strateji maraqları təmin etmək baxımından cəlbedici və faydalıdır. Ən əsas məsələ isə postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir. Bütövlükdə, respublikamızın fəal iştirakı və liderliyi fonunda cərəyan edən proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək.
Bakı hər zaman öhdəliklərinə sadiq olub və bu gün də sadiqdir. Amma eyni fikri Ermənistan haqqında əminliklə söyləmək mümkün deyil. Çünki ayrı-ayrı görüşlərdən sonra İrəvan ənənəsinə sadiq qalaraq prosesi sabotaj etməyə çalışıb. Eyni zamanda, Ermənistanda müəyyən siyasi dairələr müxalifətin etiraz aksiyalarını bəhanə kimi göstərərək sülh gündəliyini hədəfə almağa çalışsalar da, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki birincisi, Ermənistan geosiyasi reallıqları dəyişdirmək, prosesi pozmaq gücündə və iqtidarında deyil. İkincisi, bu ölkənin baş naziri sənədlərə imza ataraq siyasi-hüquqi öhdəlik götürüb və bu, hakimiyyətin deyil, dövlətin öhdəliyidir. Bu məsuliyyətdən yayınmaq mümkün deyil. Üstəlik, nəzərə alınmalıdır ki, proses Avropa İttifaqı, Rusiya, ABŞ və digər güc mərkəzləri, beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir, təqdir olunur. Nəhayət, haqlı və qalib Azərbaycanın iradəsi həlledicidir.
Azərbaycanın yaratdığı yeni reallıqlarda, regionda münasibətlərin normallaşdırılması prosesində diqqətçəkən başqa bir məqam vasitəçiliklə bağlı missiyanın dəyişməsi, yeni formatın yaranmasıdır. Ötən ilin dekabrından bəri bu missiya Avropa İttifaqının vasitəçiliyi ilə start götürən “Brüssel prosesi”nin tezisləri əsasında gerçəkləşir. Adı çəkilən qurum dövlətimizin başçısı İlham Əliyevin regional liderliyinə müsbət yanaşır və Azərbaycan rəhbəri ilə yaxın təmaslarını getdikcə gücləndirir, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına ciddi səy göstərir. Başlıca hədəf məlum üçtərəfli bəyanatlarda nəzərdə tutulmuş konkret məsələlərin reallaşması, münasibətlərin geniş aspektdə normallaşması və sülhün tezliklə əldə olunmasıdır. Avropa da görür ki, Azərbaycanın bununla bağlı tələb və təklifləri konstruktivdir.
Rəsmi Bakıdan fərqli olaraq hərbi-siyasi təxribatlar, vaxtı uzatmaq, prosesdən yayınmaq və təxribat cəhdləri, müxtəlif bəhanələr gətirərək zaman qazanmaq, bəyanatları və verilmiş vədləri pozmaq İrəvan üçün, sadəcə, bumeranq effekti vəd edir: iqtisadi tənəzzülün sürətlənməsi, geosiyasi təcridin dərinləşməsi və s. Digər tərəfdən, Cənubi Qafqazda postmüharibə dövrü olsa da, hərbi-siyasi təxribatlar, üçtərəfli Bəyanatda əksini tapmış öhdəlikləri yerinə yetirməkdən, sülh müqaviləsini imzalamaqdan yayınmaq kimi siyasi sabotajlar eskalasiyaya səbəb ola bilər. Doğrudur, Azərbaycan sülh və məsələlərin diplomatik yolla həllinin tərəfdarıdır. Amma Ermənistanın yanaşması da adekvat olmalıdır. Hər halda, Bakı istənilən yolla hədəfinə çatacaq. İrəvanın taleyi isə öz seçimindən asılıdır. Ermənistan məsuliyyətini dərk etməli və öhdəliklərini yerinə yetirməlidir. Özü də vaxt itirmədən. Çünki vaxt itkisi onlar üçün daha böyük itkilərə səbəb ola bilər. Ara-sıra Ermənistanda baş qaldıran revanşist qüvvələr unutmamalıdırlar ki, bu, işğalçı ölkə üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Ermənistan sülhlə hərb arasında seçim etməlidir. Erməni xalqı başa düşməlidir ki, regionda sülh və sabitlik bərqərar olunmazsa, ölkə daha da geri gedəcək və heç vaxt inkişaf və tərəqqi yoluna qədəm basa bilməyəcək. Bir sözlə, Ermənistan Azərbaycanın təklif etdiyi ədalətli sülhün şərtləri ilə razılaşmalıdır.
Uzun illər Azərbaycan-Ermənistan arasındakı münaqişəyə səssiz qalmaqla, öz nüfuzlarını zərbə altına qoyan beynəlxalq qurumlar, xüsusilə də BMT, ATƏT və digərləri sülh müqaviləsinin imzalanması üçün öz təşəbbüslərini ortaya qoymalıdırlar. Əks halda, rəzil sosial partlayışlar fonunda məhv olan Ermənistan bundan sonra da region üçün əsas təhlükə mənbəyi kimi qalacaqdır.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti hər zaman sülh təşəbbüslərindən danışarkən, mühüm bir məqama da toxunmağı unutmur. Bu, ermənilərin Azərbaycanda yaşaması ilə bağlı məsələdir. Dövlətimizin başçısı daim bildirir ki, istər Qarabağ bölgəsində, istərsə də digər ərazilərimizdə bununla bağlı heç bir problem yoxdur. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Respublikamızda bütün xalqların hər bir nümayəndəsi rahat yaşayır, bütün hüquqlardan istifadə edir.
Azərbaycanda tolerantlıq mühiti hökm sürür, milli, dini zəmində ayrı-seçkilik yoxdur. Belə şəraitdə, təbii ki, respublikamızda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi də digər xalqlarda olduğu kimi, önəmlidir. Burada hansısa xüsusi imtiyazdan söhbət aparılması təəccüblüdür. Eyni zamanda, bununla bağlı dünya, Avropa təcrübəsi var və Azərbaycan da bu məsələdə beynəlxalq konvensiyalara, Avropa İttifaqı ölkələri çərçivəsində qaydalara və rəsmi sənədlərə əsaslanır.
Postmüharibə dövrü reallıqlarının diktə etdiyi zəruri məsələlərdən biri iki ölkə arasındakı münasibətlərin tənzimlənməsidir. Dünyanın bir çox dövlətləri arasında olduğu kimi, Azərbaycan və Ermənistan arasında da müharibədən sonra yeni səhifənin açılması, yeni sazişin imzalanması bölgədə gələcək sülh və mehriban siyasət üçün lazımlı nüans kimi qəbul edilir. Vaxtilə Avropanın bir çox dövlətləri də bu mərhələdən keçdi, tarixi səhvlərini unudaraq gələcəyə baxdı. İndi Ermənistan da keçmişdəki səhvlərindən dərs çıxarmalı və bir daha Azərbaycan Respublikasının torpaqlarına göz dikməməlidir.

