Gündəm 

Azərbaycanın «yaşıl enerji» çağırışı dünyanı ekoloji təhlükədən xilas edəcək

Avropa İttifaqı ilə «enerji dialoqu» adlanan format, «yaşıl enerji» layihələrinə artan maraq, Azərbaycanın «Yaşıl dünya naminə» birlik, əməkdaşlıq çağırışı Prezident İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə «Qlobal dünya nizamına təhdidlər» mövzusunda keçirilən IX Qlobal Bakı Forumunda da gündəmə gətirildi

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantılarının Bakıda keçirilməsi Azərbaycana beynəlxalq səviyyədə göstərilən etimad, ölkəmizin təşəbbüsü ilə reallaşan enerji layihələrinə dəstəkdir. XXI əsrin ən böyük layihələrindən olan Cənubi Qafqaz Boru Kəmərinin nəzərdə tutulduğu vaxtda istifadəyə verilməsi dünyanın enerji xəritəsinin dəyişilməsində xüsusi rolu olan ölkəmizə marağı da artırır.
Prezident İlham Əliyevin dünyada ilk olan «yaşıl enerji»” siyasəti ilə bağlı təşəbbüsünə uyğun həyata keçirilən layihələrin uğurlu həllinin, qarşılıqlı əməkdaşlıq prinsiplərini əks etdirən Azərbaycanın enerji diplomatiyasının xoşməramlı niyyətlərə əsaslanmasının nəticəsidir ki, neft və qaz yataqlarının işlənilməsində iştirak edən tərəfdaşların birgə səyləri, yeni yataqların kəşfi və yeni texnologiyaların tətbiqi müsbət nəticə verir.

Prezident İlham Əliyevin qürurla bildirdiyi kimi, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən azsaylı ölkələrdəndir. Azərbaycanın Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində dünyada ikinci yerdə qərarlaşması deyilənləri təsdiqləyir. Hesablamalar göstərir ki, Türkiyəyə, Rusiyaya, Gürcüstana və İrana elektrik enerjisi ixrac edən Azərbaycanın enerji nəqli imkanlarını Avropaya qədər genişləndirmək potensialı mövcuddur. Cənub Qaz Dəhlizini «davamlı uğur hekayəsi» adlandıranlar ölkəmizlə enerji sahəsində uzunmüddətli strateji əməkdaşlığa hər zaman ehtiyac duyduqlarını da bildirirlər. Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal qaydada tam yenidən qurulan 750 meqavatlıq «Yaşma» Elektrik Stansiyasının,” 330 kilovoltluq «Qobu” Enerji Qovşağı»nın istifadəyə verilməsi Azərbaycanın artan iqtisadi gücü, maliyyə imkanları, təbii resurslardan düşünülmüş istifadə nəticəsində mümkün olmuşdur.

«Bizim həm neft, həm qaz, həm elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir» söyləyən Prezident İlham Əliyev Azərbaycanın adının enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələr sırasında çəkilməsini respublikamızın möhkəmlənən nüfuzu, siyasi iradəsi və beynəlxalq səviyyədə vədinə sadiq etibarlı dövlət kimi tanınmağımız kimi dəyərləndirir.

Dünya dövlətləri arasında enerji sənayesində yaranan tələbatla bağlı müzakirələrin aparıldığı Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərində, Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunda da Avropa ölkələrinin Azərbaycanın enerji resurslarına artan tələbatı yenidən gündəmə gəldi. Ölkəmizin təşəbbüsü kimi maraq doğuran «yaşıl enerji» layihələri bütün dünya ölkələri tərəfindən dəstəkləndi. Regionda sabitliyin qarantı olan Azərbaycan Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyini Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə bir daha diqqətə çatdırdı. Vahid boru kəmərləri sistemi adlandırılan Cənub Qaz Dəhlizinin sonuncu hissəsi Trans-Adriatik Boru Kəmərinin genişləndirilməsi ilə bağlı Azərbaycanın təşəbbüskar kimi dialoqa hazır olduğu bildirildi. Yenilənən enerji kimi dəyərləndirilən «yaşıl enerji», bərpa olunan enerji layihələri qabaqcıl təcrübə kimi maraqla qarşılandı. «Yaşıl enerji» layihəsinin daha çox Ermənistanın işğalından azad edilən ərazilərdə tətbiq olunması ilə Kəlbəcər və Laçın rayonlarının enerjiyə tələbatı ödəniləcək və yeni layihələr nəticəsində ölkəmizdə əlavə enerji gücləri yaranacaq. Hazırda önəmli enerji layihələri nəzərdən keçirilir, bərpa olunan enerjiyə qoyulacaq sərmayələr müəyyənləşdirilir. Məqsəd də, hədəf də enerji təhlükəsizliyi məsələlərində səmərəliliyi artırmaq, itkiləri aradan qaldırmaq, Azərbaycanın tranzit imkanlarından səmərəli istifadə üçün yollar müəyyənləşdirməkdir.

Bütün dünya ictimaiyyəti Azərbaycanın enerji diplomatiyasının təntənəsi olan «Hər bir ölkənin iqtisadi müstəqilliyi enerji təhlükəsizliyi ilə tamamlanır» deyiminin təsdiqini real həyatda görür. Bakı Enerji Həftəsi çərçivəsində Şuşada «Xalis sıfra aparan yol: İşğaldan azad edilmiş ərazilərin yaşıl enerji potensialının inkişafı» mövzusunda keçirilən Xüsusi Sessiyada qeyd olunduğu kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa-quruculuq prosesi çərçivəsində 20 meqavatlıq elektrik stansiyaları istismara verilib. Bu il daha 5 stansiya istifadəyə veriləcək. Şuşa da daxil olmaqla işğaldan azad edilmiş ərazilərdə 19 yarımstansiya inşa və bərpa edilib, hazırda 7 yeni yarımstansiya tikilir, 8-nin də inşası planlaşdırılır. Strateji hədəflər isə yenə də aktualdır: Azərbaycan bu ərazilərin yenidən qurulmasına enerji dayanıqlılığı ilə bağlı müasir çağırışlar və qlobal iqlim dəyişikliyi probleminin həllinə dəstək müstəvisində yanaşır. Neft-qaz sahəsində zəngin təcrübəyə malik Azərbaycanın «Yaşıl dünya naminə» birlik, əməkdaşlıq çağırışı Prezident İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə «Qlobal dünya nizamına təhdidlər»” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunda da gündəmə gətirildi. Forumdakı nitqində proqnozlaşdırılması mümkün olmayan qlobal fəsadlara qarşı birgə mübarizəni narahat dünyamızda siyasi sabitlik üçün əsas amil adlandıran Prezident İlham Əliyev bildirdi ki, hər bir ölkə bu prosesə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı mübarizəyə töhfə verməlidir. İki ildən artıq davam edən pandemiyadan sonra bütün ölkələrdə yaranan ərzaq böhranı, istehsalçılarla istehlakçılar arasında dərinləşən qeyri-bərabərsizlik enerji bazarlarındakı vəziyyəti də gərginləşdirir. Hazırda Avropa ölkələrində enerji təhlükəsizliyi qlobal dünya siyasətinin aktual problemləri kimi qalmaqda, Azərbaycanın enerji resurslarına ehtiyac artmaqdadır. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı ölkəmizə müraciətlər daxil olub. Son vaxtlarda bu məsələ ilə bağlı Avropa Komissiyası ilə müzakirələr aparalar. Müzakirələr yalnız qaz deyil, neft, elektrik enerjisi və hidrogen də daxil olmaqla geniş miqyasda davam etdirilir. İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranan reallıqların müəllifi kimi tanınan ölkəmizdə təhlükəsizliyin təminatı, dağıntıların aradan qaldırılması naminə görülən quruculuq işləri regionda sabitlik üçün fürsət kimi dəyərləndirilir və bu istiqamətdə işlər davam etdirilir. Başlanğıc kimi qarşıdakı bir il yarımdan sonra ölkəmizdə 700 meqavatdan artıq külək və Günəş enerjisindən geniş həcmdə istifadə ediləcək. Artıq ölkəmizlə xarici şirkətlər arasında 4 qeqavat enerji həcmi ilə bağlı razılaşma imzalanıb. Təkcə Xəzər dənizinin 157 qeqavatdan ibarət potensialı böyük enerji gücüdür. Respublikamızda zəngin alternativ enerji mənbələri isə tükənməzdir.

Təbiidir ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə daim yaddaqalan aktual mözvu ölkəmizin enerji diplomatiyasının uğurlarının dəstəklənməsidir. Mahiyyəti və əhəmiyyəti baxımından biri-birini tamamlayan «Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq», «Qlobal dünya nizamına təhdidlər» mövzularında təşkil olunan beynəlxalq tədbirlərdə respublikamızın karbohidrogen ehtiyatlarından səmərəli istifadə ilə bağlı açıqlamalar səsləndirildi. İlk təşəbbüs olan «yaşıl enerji» layihəsi dəstəkləndi. 4 ölkəyə ekstra elektrik enerjisi istehsalı və ixracı Azərbaycanın müəllifliyi və təşəbbüsü ilə formalaşan şaxələndirmə formatının genişləndirilməsi siyasətinin təsdiqidir.

«Avropa İttifaqı ilə biz bir neçə ay əvvəl «enerji dialoqu» adlanan formata başladıq, hansı ki, çox hərtərəfli proqramdır. O, neft, qaz, neft məhsulları, bərpa oluna bilən enerji və hidrogeni nəzərdə tutur. Hidrogendə biz çox fəalıq. Bütün təlimatlar verilmişdir. Hidrogen gələcəkdir. Biz onu başa düşürük. Bizim bu potensialımız vardır. Biz həmişə proseslərdən, innovasiyalardan qabaqdayıq. Bəlkə qabaqda deyil, düzgün desək, bəlkə digər bir sıra ölkələrdən qabaqda, lakin bir addım geridə, texnoloji inkişafdan bir addım geridə. Mən qəti əminəm ki, bərpa oluna bilən enerji sahələri enerji bazarını tamamilə dəyişəcəkdir və bizə təbiəti qorumaq və xalqımıza daha çox fayda vermək üçün əlavə imkanlar verəcəkdir» söyləyən Prezident İlham Əliyev bu sözləri ilə milli, iqtisadi, enerji müstəqilliyinin vəhdətini dövlətlərin qüdrətlənməsinin başlıca amili adlandırır.

Daha çox xəbərlər