Gündəm 

Zəngəzur dəhlizinin açılması regional sülhün fundamental elementlərindəndir

IX Qlobal Bakı Forumundakı nitqində revanşist çağırışların nəticə verməyəcəyini, Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac olmadığını bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu həqiqətləri tarixi sənədlər də təsdiqləyir

«Qlobal dünya nizamına təhdidlər» mövzusunda keçirilən IX Qlobal Bakı Forumu işini müvəffəqiyyətlə başa vursa da, çıxışlarda səslənən, dünya syasətinin əsas problemlərinə həsr olunan, panellər üzrə müzakirə edilən məsələlər uzun müddət diqqətdə saxlanılacaq. Qlobal təhlükəsizliyin tərkib hissəsi olan, dünyanın ən qaynar nöqtələrindən sayılan Cənubi Qafqazda baş verən hadisələr, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı reallıqlar demək olar ki, Forum iştirakçılarının diqqət göstərdiyi əsas məsələlərdən oldu. Hazırda dünyada qlobal təhlükəsizlik üçün narahatlıq yaradan münaqişələr, terror aktları, ərzaq qıtlığı, pandemiyadan sonra baş verən iqtisadi böhrandan çıxış yolları, sayı artan miqrantların qayğısı, Ukrayna hadisələri… Forumun məntiqi nəticəsi bu oldu ki, milli mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq bütün dövlətlərdə baş verən, bilavasitə insan həyatı ilə bağlı olan problemlər dünya ictimaiyyətinin birgə mübarizəsi ilə aradan qaldırıla bilər. Bunun üçün ilk növbədə güclü dövlətlər, beynəlxalq təşkilatlar hadisələrə ədalətli yanaşmalı, ikili standartlara, siyasi, iqtisadi maraqlar naminə başqalarına təsir, təzyiq kimi neqativ hallara son qoyulmalıdır. Çox təəssüf ki, hələ də «böyüklərin» « kiçiklər» üzərində hökmranlıq istəkləri, gücsüzün gücün qarşısında boyun əymək məcburiyyətində qalmaq tendensiyası davam edir, ədalət, beynəlxalq hüquq normaları dünyanı idarə edənlərin istəklərinə uyğun korrektə olunur.

Ağalarının himayəsi ilə Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistanın təcavüzkar siyasətinin dəstəklənməsinin əsasında da kimlərinsə maraqlarının qorunması prinsipi dayanırdı. Prezident İlham Əliyevin vurğuladığı kimi, işğal altında qalan ərazilərini öz gücü hesabına azad edən Azərbaycan ədaləti bərpa etdi. 44 gün davam edən İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuraraq işğalçıya, onun himayədarlarına tarixi dərs verən, regionda yaratdığı reallıqlarla beynəlxalq ictimaiyyəti haqqı, ədaləti müdafiə üçün birlik və həmrəyliyə səsləyən, dünyada təhlükəsizliyin qorunması üçün Azərbaycanın hər zaman hazır olduğunu Forumdakı məntiqli nitqi ilə bildirən Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi təkliflərin tanınmış siyasətçilər, dövlət başçıları, politoloqlar tərəfindən rəğbətlə qarşılanması ölkəmizin dünyada möhkəmlənən mövqeyinin dəstəklənməsi idi. Dəfələrlə qeyd olunduğu kimi, Qarabağ münaqişəsinin həlli regionda təhlükəsizlik, sülh üçün bir fürsətdir. Vətən müharibəsindən sonra Qafqazda yaranan regional təhlükəsizliklə bağlı yanaşmalarını «Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Hesab edirəm ki, belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir» sözləri ilə ifadə edən Prezident İlham Əliyev Ermənistanla münasibətlərin normallaşması istiqamətində ölkəmizin dəyişilməz, sülhə sadiqlik prinsiplərindən də ətraflı bəhs etdi. Beynəlxalq hüququn beş əsas prinsipini ehtiva edən və sülh sazişi üçün etibarlı baza olan Azərbaycanın təkliflərinin Ermənistan tərəfindən qəbul edildiyini, lakin icra üçün əməli addımların atılmadığını diqqətə çatdıran dövlət başçımız İlham Əliyev hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək təklifləri də daxil olmaqla, başqa humanitar prinsiplərin icra mexanizminin praktikada təbiqinin gecikdirilməsini Azərbaycanla Ermənistan arasındakı sülhə göstərilən əngəl adlandırdı: «Çünki işğal vaxtının tarixindən bildiyimizə əsaslanaraq danışıqlar apararkən bəzən Ermənistan rəsmiləri tərəfindən hətta yüksək səviyyədə ifadə edilmiş sözlərin o qədər də böyük məna daşımadığını bilirik. Çünki bizə addımların atılması lazımdır. Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiyasını yaradıb və biz eyni addımın Ermənistan tərəfindən atılmasını da gözləyirik. Bu addım atılan kimi və ya atılan təqdirdə danışıqlar başlayacaqdır.»

İlk növbədə kommunikasiyaların açılması ilə iki ölkə arasındakı münasibətlərin normallaşması üçün mümkün variantlardan istifadə edən Azərbaycandan fərqli olaraq Ermənistan hələ də imzalanmış sənədlərdən irəli gələn öhdəliklərinə əməl etmir.

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə götürdüyü öhdəliyinə bu gün də sadiqdir. İl yarımdır ki, Azərbaycanda yaşayan erməni əhalisi Laçın dəhlizindən istifadə edir və maneəsiz əlaqəyə malikdir. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, respublikamızın digər rayonlarını Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Dövlət başçımızın vurğuladığı kimi, Ermənistan tərəfindən bizə belə bir əlaqə yolunun verilməsi məsələsinin məqsədyönlü şəkildə gecikdirilməsi səmərəsizdir. Halbuki, Zəngəzur dəhlizinin açılması regional sülhün fundamental elementlərindəndir. İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycanın tarixi torpaqlarında bunu tələb etməyə qanunla haqqı vardır. Bu məsələ Avropa İttifaqı Şurasının Prezidenti , Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistanın baş naziri Paşinyanın Brüsseldə baş tutmuş üçtərəfli görüşündə qəbul olunmuş Bəyanatda da aydın şəkildə açıqlanmışdır.

Lakin təslimçilik aktını imzalayan Ermənistanın artıqtarixin arxivinə göndərilmiş Dağlıq Qarabağın statusu ilə bağlı iddialarını gündəmə gətirməsi, müharibəyə təhrik olan revanşist fikirlərin səslənməsi yeni qarşıdurmaya gətirib çıxaracaq. Rəsmi İrəvan sülh danışıqlarını pozacaqsa Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Tarixi sənədlər də təsdiqləyir ki, Azərbaycanın bunu etməyə hüququ var.

«Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir» sözləri ilə Ermənistanı bir daha ağıllı olmağa, reallıqla barışmağa çağıran dövlət başçımız regional əhəmiyyətli məsələlərin həllinə ədalət prinsipləri baxımından yanaşmağı ən səmərəli yol adlandırır.

Bu günlərdə İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurası Katibləri Komitəsinin növbəti iclasında Zəngəzur dəhlizi ilə bağlı eşidilən revanşist çağırışlar göstərir ki, işğalçının daha bir dəmir yumruğa ehtiyacı vardır. Regionda hələ də problemlərin olduğunu bildirən Armen Qriqoryan unudur ki, bölgədə sabitliyə bütün əngəlləri yaradan Ermənistandır. Regional kommunikasiyaların blokadadan çıxarılmasından danışan Qriqoryan xəyalpərəstliyini bu sözlərlə ifadə edib: «Ölkəmizin ərazisində dəhliz məntiqində heç bir nəqliyyat marşrutu ola bilməz”.» Gorbagor olmuş Qarabağ münaqişəsindən havadarlarının dili ilə danışan Qriqoryanın xəstə təfəkkürünə görə «status» hələ də həll olunmayıb və onun hərtərəfli həlli ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində müəyyənləşdirilməlidir. Ermənistan prezidentinin Rusiyadakı erməni icmasının nümayəndələri ilə görüşündə «Zəngəzur dəhlizini istəmirik, Sisyandan Naxçıvana yol var»” fikrini səsləndirməsi də işğalçı dövlətin hələ də sərsəm xəyallarla dünyada yaşadıqlarını göstərir.

Bu «yan»lara xatırladırıq ki, Laçın dəhlizinin «açarı»” bölgəyə müvəqqəti dislokasiya edilən rus sülhməramlılarının deyil, rəsmi Bakının ixtiyarındadır. Əsasən sabiq prezidentlər Robert Koçaryan və quldur, uşaq qatili Serjik Sarkisyanın tərəfdarlarının xəyalları olan belə sərsəmləmələrə «Odur ki, bir də deyirəm, bax, mən buradayam, Suqovuşandayam, mən Şuşadayam, mən Hadrutdayam, mən Xocavənddəyəm, hər yerdəyəm. Siz haradasınız?! Cəhənnəmdə, gorbagor statusla bir yerdə. Vəssalam, qurtardı, bitdi» sözləri ilə cavab verən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev
revanşist hisslərlə yaşayanlara bu sözləri ilə xəbərdarlıq edir: «Ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz.» Bəlli olan budur ki, hələ də ağlı başqalarının ciblərində olan İrəvanın «başsız atlılarının» başlarının və babaları Andranik kimi qulaqlarının kəsiləcəyi günə də az qalıb. Necə deyərlər, revanşistlər, saydığınızı sayın…amma həddinizi aşmayın!

Daha çox xəbərlər