Cəmiyyət 

Parklanmada özbaşınalıqlar: Nə vaxtadək?..

Bütün meqapolislərdə olduğu kimi Bakıda da nəqliyyat vasitələrinin çoxluğu səbəbindən parklanma problemi mövcuddur. Kifayət qədər aktual olan bu problem isə hələ də öz həllini tapa bilməyib. İnşa olunan yeni yerüstü və yeraltı parklanma yerləri bu problemin aradan qaldırılması üçün aparılan işlərin bir hissəsidir. Qanunsuz fəaliyyət göstərən park yerlərinin yığışdırılması da problemin həllində az rol oynamır. Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi qanunsuz park yerlərinin yığışdırılması üçün ciddi addımlar atır. Səkiləri, metro stansiyalarının və parkların girişini işğal edən parklama yerlərinə indi daha əvvəlki qədər rast gəlinmir. Məsələ ilə bağlı qəbul olunan qaydalar çərçivəsində şəhərin küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qeyri-qanuni yaradılmış duracaqlar ləğv edilib.

Lakin bütün bunlara baxmayaraq, paytaxtda qanunsuz parklama problemi tam aradan qalxmır. Bunun da bəzi obyektiv və subyektiv səbəbləri vardır. Əvvəla, ictimai nəqliyyatın, xüsusilə də avtobusların hərəkətinə nəzarət olduqca zəifdir. Demək olar ki, hər gün bəzi sürücülərin avtobusları harada necə gəldi saxlamalarının şahidi oluruq. Nəticədə onlar özləri qaydanı pozmaqla yanaşı, həm də digər sürücülərə problem yaradır, başqalarının həyatını təhlükə altına atırlar.

Problemin tam olaraq öz həllini tapmamasının ikinci səbəbi taksi sürücülərinin yol verdikləri qayda pozuntularıdır. Heç bir yol hərəkəti qaydasına məhəl qoymayan taksi sürücüləri hər on metrdən bir avtomobil park edir, piyada səkilərini, avtobus dayanacaqlarını, dayanma-durma və qadağan olunmuş yerləri zəbt edirlər.

Bəs görəsən bu qayda pozuntularına görə kim məsuliyyət daşıyır? Cərimə ilə canlarını qurtarıb sonra yenidən eyni səhvi təkrarlayan sürücülər, yoxsa müştəri tapmaq üçün piyada zolağında belə dayanmaqdan çəkinməyən taksi sürücüləri?

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı da parklanma ilə bağlı yaranmış xaotik vəziyyətin hökm sürməsinin səbəblərinə aydınlıq gətirir: “Çox təəssüflər olsun ki, bununla bağlı aidiyyatı qurumlar tərəfindən ciddi addımlar atılmır. Bir ara qanunsuz parklanma və orada çalışan işçilərlə bağlı reydlər keçirildi, lakin bu gün vəziyyət nizamından çıxıb.”

Elməddin Muradlı qeyd edib ki, tariflər müəyyən edilmədiyinə görə, müəyyən ərazilərdə parklanma ödənişsizdir. Lakin son vaxtlar qanunsuz ödəniş alınması halları artmağa başlayıb: “Vəsait yığılır və kimlərinsə cibinə gedir. Bu, özbaşınalıqdır, buna son qoymaq lazımdır. Parklanma üçün imkanlar yaradılmalıdır. Təbii ki, parklanmalarda nəzarətçilərin olması da vacibdir. Onlar rəsmi formada işə götürülməlidir, aylıq əməkhaqqı almalı, gələnin əlinə baxmamalıdır. Bu hallar təəssüf ki, reallıqdır və qarşısı hələ ki alınmır. Kim harada, hansı formada istəyir maşınını saxlayır. Bəzən görürsünüz ki, nişanlarla belə göstərilir ki, başınları bir cərgədə saxlamaq lazımdır. Lakin bu nişanlara belə əhəmiyyət verilmir.”

Ekspertin sözlərinə görə, bəzi insanlar tərəfindən qanunsuz parklanma yerləri yaradılır və yol polisinin müdaxiləsinə belə məhəl qoyulmur: “Hamı bilməlidir ki, parklanmaya hansı qurum nəzarət edir, yoxdursa da deməli rahat şəkildə ödəniş etmədən maşınlarını saxlaya bilərlər. Bunu vətəndaşlar bu gün hələ də müəyyənləşdirə bilmir və nəticədə əziyyət çəkirlər. Bu vəziyyətə artıq son qoymaq lazımdır.”

Yuxarıda sadalananlardan məlum olur ki, müvafiq dövlət qurumları paytaxt sakinləri üçün nə qədər rahatlıq yaratmaq istəsələr də, hələlik gözlənilən nəticə əldə olunmur və bu sahədə özbaşınalıqlar davam edir.

Görəsən, nə vaxtadək?..

Daha çox xəbərlər