Gündəm 

Özbəkistanla Azərbaycanın strateji müttəfiqliyi regionun inkişafına da təkan verəcək

Mərkəzi Asiya ölkələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini daima müdafiə etmişdir. Ancaq onların içərisində Özbəkistan digər dövlətlərdən fərqlənir. Çünki onlar da ermənilərin vəhşiliklərindən XX yüzilliyin əvvəllərində çox böyük əziyyət çəkiblər. Ermənistan indiyədək həmin illərdə törətdikləri cinayətlərə görə Özbəkistandan üzr istəməmişdir. Rəsmi Daşkənd SSRİ dağılandan 5 il sonra Ermənistanı tanısa da, indiyədək İrəvanda rəsmi səfirliyi fəaliyyət göstərmir. Bu, rəsmi Daşkəndin İrəvana qarşı mövqeyinin dəyişmədiyinin göstəricisi sayılır. Odur ki, Azərbaycanla Özbəkistan bir çox məsələlərdə ortaq olduqları kimi, Ermənistana münasibətdə də ortaq yanaşmaya malikdirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistana  səfərə getmişdir. Azərbaycan lideri sonuncu dəfə 2010-cu il sentyabrın 27-28-də bu ölkədə rəsmi səfərdə olub. Bu ilki səfər isə əvvəlkilərdən fərqlənir. Çünki Azərbaycan torpaqlarını işğaldan azad etmiş, Cənubi Qafqazın aparıcı dövlət olduğunu bütün dünyaya bir daha sübut etmiş ölkənin lideri olaraq Özbəkistana səfəri cənab İlham Əliyevin 12 ildən, xüsusilə müharibədən sonra məhz Özbəkistana səfər etməsinin də böyük əhəmiyyəti var. Bu, ötən illər ərzində qardaş dövlətin Azərbaycanın haqq işini, ədalətli mövqeyini müdafiə etməsinə verilən dəyərdir. Cənab İlham Əliyev nümayəndə heyətləri arasında keçirilən görüşdə bu məsələyə də toxunaraq ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəklədiyinə görə ayrıca təşəkkürünü bildirib: “Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi və mən Azərbaycan Prezidenti kimi qardaşım Şavkat Miromonoviçin qardaşlıq dəstəyini həmişə hiss edirdim. Bu bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir”.

Azərbaycan və Özbəkistan arasında 20-yə yaxın sənədin imzalanması iki ölkənin strateji müttəfiqliyinin göstəricilərindəndir. Səfər zamanı imzalanmış sənədlər ölkələr arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir. Xüsusilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” imzalanması bunu bir daha təsdiqləyir. Cənubi Qafqazda yaranan yeni şərait və Azəbaycanın dünyann karbohidrogen daşıyıcılarına tələbatın ödənilməsində tutduğu mövqe, Rusiya-Ukrayna müharibəsi və başqa amillər iki ölkənin qarşılıqlı münasibətləri və əlaqələrinin də yeni mərhələdə inkişafını aktuallaşdırır. Bu baxımdan, Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında bəyannamə qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətin yol xəritəsidir. Həmin sənəddə xarici siyasətin prioritetləri əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. İki ölkə arasında imzalanan müqavilələr əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi, habelə ölkələr və xalqlar arasında daha artıq əməkdaşlıq üçün gözəl imkanlar yaradacaq.

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” də müasir dünyada və regionda baş verən hadisələr baxımından çox vacibdir. Bu, tərəflərə hərbi -texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əlavə addımlar atmağa imkan verəcək. Kənar təhdidlərin olduğu bir dövrdə bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət mühüm əhəmiyyət kəsb edir. Prezidentin səfəri, imzalanan sənədlər, dövlət başçılarının çıxış və bəyanatları Azərbaycan Özbəkistan əlaqələrinin, münasibətlərinin dərinləşməsi, inkişafı, perspektivi baxımından əhəmiyyətlidir. Əvvəllər tərəflər bir-birini müxtəlif məsələlərdə dəstəkləyib, müdafiə edirdilər. Bundan sonra tərəflər beynəlxalq normalar çərçivəsinə uyğun olaraq daha əhatəli əməkdaşlıq edəcək. Səfər Azərbaycanın Mərkəzi Asiyada nüfuzunun artmasına, habelə etibarlı tərəfkeş olduğunu bir daha təsdiqləməyə əlavə imkanlar qazandıracaq. İki ölkə arasında perspektivdə təbii qaz, energetika sahəsində əməkdaşlığın genişlənəcəyi istisna olunmur. Zəngin mədəni, tarixi və dövlətçilik ənənəsi olan Özbəkistanla Azərbaycanın strateji müttəfiqliyi regionda da əməkdaşlığa, təhlükəsizliyin təmin olunmasına və inkişafa təkan verəcək.

Sailə Salahova,
YAP Pirallahı rayon təşkilatının gənc fəalı

Daha çox xəbərlər