Cəmiyyət 

“Dəniz cəsurları sevir” – Baş leytenantdan MARAQLI AÇIQLAMALAR

Hərbi Dəniz Qüvvələrinin zabiti: “Qubadlının işğaldan azad edilməsi uğrunda döyüşlərdə HDQ 9 şəhid verdi, 3 nəfər ”Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü”

26 iyun Azərbaycan Silahlı Qüvvələr günüdür. Bu ərəfədə Müdafiə Nazirliyinin təşkilati dəstəyi ilə bir qrup media nümayəndəsinin Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi hissələrdən birinə səfəri təşkil edilib. Səfər çərçivəsində “Yeni Müsavat”ın əməkdaşı zabitlərdən biri ilə söhbətləşib.

Baş leytenant Şahin Fərəcov 1994-cü il iyunun 7-də Tovuz rayonunda dünyaya gəlib. 2010-cu ildə 9-cu sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. Daha sonra Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi dəniz qüvvələri fakültəsini müvəffəqiyyətlə bitirib. Baş leytenant Şahin Fərəcov “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, eləcə də fəxri fərmanlarla təltif olunub.

– Hərbçi həyatını seçmək arzu olduğu qədər həm də məntiqli seçim tələb edir. Sizi hərbçi olmağa həvəsləndirən nə oldu?

– Mən Tovuz rayonunda anadan olmuşam. Bildiyimiz kimi, Tovuz rayonu Ermənistanla həmsərhəd olduğuna görə daim düşmənlə üz-üzə olmuşuq. Hər gün hərbçiləri görürdük. Bizə uşaq vaxtı böyüyəndə “hansı peşəni seçəcəksən” sualını verəndə “əsgər olacağıq!” cavabını verirdik. Vətən torpağı illərlə düşmən tapdağı altında olub. Qarabağ uğrunda canından keçən şəhidlərin qanı yerdə qalmamalı idi. Ordu və xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək Qarabağı işğaldan azad etdi. Bu gün istər Cənubi Qafqazda, istərsə də digər regionlarda alnıaçıq gəzə bilirik. Üçrəngli bayrağımız şanlı Azərbaycan Ordusunun sayəsində Qarabağda dalğalanır. Bu gün bizim üzərimizə düşən məsələlərdən biri peşəkar zabit kimi qarşımıza qoyulan vəzifəni layiqincə yerinə yetirməkdir.

– Ailənizdə sizdən başqa hərbçi varmı?

– Hazırda qardaşım Ağdamda “N” saylı hərbi hissədə xidmətini davam etdirir. Hər iki qardaş Vətənə xidmət yolunu seçmişik.

– Dəniz sevgisi nədən yarandı? Nəyə görə məhz dənizçi zabit olmağa qərar verdiniz?

– Uşaq ikən dənizlə bağlı filmlərə baxırdım. Dənizçilərin ağ uniforması məni valeh edirdi. Buna görə də ixtisas seçimi mərhələsində dənizçiliyi seçdim.

– Hərbi sahədə idealınız varmı?

– Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bölük komandirim var idi, mayor Pərviz İslamov, Kara Harp Okulunun (Türkiyə) məzunudur. Onun savadı, dünyagörüşü məni valeh edirdi. Onu özümə örnək götürmüşdüm. Onun kimi peşəkar, nümunəvi zabit olmağı qarşıma məqsəd qoydum.

– Hərbçi şərəfli olduğu kimi çətin peşədir. Gördüyüm qədər dənizdə xidmət etmək xüsusilə çətindir. İstərdim, dənizçi həyatının xüsusiyyətlərindən danışasınız.

– Qurudan fərqli olaraq dənizçi daha çətin ixtisasdır. Dəniz cəsurları sevir. Cəsur olmayan biri dənizçi ola bilməz. İlk dəfə dənizə çıxanda həyəcan olur, sonra yavaş-yavaş keçir.

44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin hər bir qoşun növü Qarabağın azad edilməsi uğrunda fədakarlıq göstərdi. Bu müharibədə  Hərbi Dəniz Qüvvələri xüsusilə fərqləndi. Təkcə İkinci  Qarabağ müharibəsində deyil, Birinci Qarabağ müharibəsində də Hərbi Dəniz Qüvvələrinin dəstə qrupu fəal iştirak edib. Ağdərə əməliyyatında HDQ-nin müəyyən heyəti iştirak edib, şəhidlik zirvəsinə yüksəlib. Biz Vətən müharibəsində Fərrux Həşimov kimi yüzlərlə qəhrəmanı itirdik (Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin “Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kapitan-leytenantı olan Fərrux Həşimov Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərrux Həşimov noyabrın 1-də Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində gedən döyüşlər zamanı şəhid olub). Qarabağın işğaldan azad edilməsinə nə qədər sevinmişdiksə, şəhid yoldaşlarımıza görə bir o qədər kədərlənmişdik. 44 günlük müharibədə HDQ demək olar ki, hər yerdə iştirak edib. Eyni zamanda yalnız döyüş meydanında deyil, təminatla dəstək də önəmlidir.

Qeyd etmək istəyirəm ki, Qubadlının işğaldan azad edilməsi uğrunda döyüşlərdə HDQ 9 şəhid verdi, 3 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü. Eyni zamanda cəbhəboyu bütün döyüşlərdə HDQ-nin şəxsi heyəti fəal iştirak edib. Hazırda Şuşa və Kəlbəcərin müdafiə və mühafizə edilməsində  də fəaliyyətimiz davam edir. Ümumiyyətlə, Hərbi Dəniz Qüvvələri təkcə Xəzər dənizinin Azərbaycan sektoruna mənsub olan hissəsində deyil, quruda da fəal xidmət göstərir. Biz təkcə sularda deyil, hər bir şəraitdə torpaqlarımızı müdafiə və mühafizə etməyə hazırıq.

– Hazırda Hərbi Dəniz Qüvvələrində gənc kadrların hazırlıq səviyyəsini necə dəyərləndirirsiniz?

– Hazırlıq real şəraitə uyğun davam etdirilir. Təlim-tədris mərkəzində nəzəri biliklərə yiyələndikdən sonra gəmilərdə ixtisaslara uyğun olaraq xidmət davam edir. Dənizə çıxdıqda ekipajın hər bir üzvü tam hazır olmalıdır. Bir nəfərin yanlışı bütün gəmi heyəti üçün təhlükə yarada bilər.

– Fırtınaya düşmüsünüz yəqin…

– Əlbəttə, çox düşmüşük. Döyüş tapşırıqlarını yerinə yetirərkən hava şəraitindən asılı olmayaraq qarşıya qoyulan tapşırığı icra etmək lazımdır. Gəmini A nöqtəsindən B nöqtəsinə çatdırmaq vəzifə borcumuzdur. Təbii ki, şəraiti nəzərə alıb dəyərləndiririk. Mülki dənizçilərdən fərqli olaraq, biz hərbçiyik. Hava şəraiti necə olursa-olsun, biz xidmətimizi davam etdiririk. Açıq dənizdə çətin vəziyyət yarandıqda çıxış yolu komandirin və ümumiyyətlə, şəxsi heyətin peşəkarlığıdır.

– Bu yaxınlarda Bakıda möhtəşəm “Teknofest” festivalı keçirildi. Hərbi Dəniz Qüvvələrimizin xüsusi təyinatlılarının sərt gövdəli kater və hava yastıqlı qayıqlarla sahil əməliyyatları üçün nəzərdə tutulmuş manevrləri də izləyicilərin böyük marağına səbəb olmuşdu. Ümumiyyətlə, gənc startapçıların layihələri arasında diqqətinizi cəlb edən oldu?

– Festivalda bizim texnologiyalar nümayiş etdirildi. Avadanlıqlarımızın, silah və texnikamızın inkişaf etdirilməsi üçün festival faydalı oldu. Müəyyən əməliyyat-axtarış tədbirlərinin aparılması üçün müasir tipli texnikanın hazırlanması nümayiş etdirilib. Gənclərin üzə çıxarılması üçün önəmli festival idi.

Daha çox xəbərlər