Gündəm 

Azərbaycan “Gələcəyin toxumları”nı Dubay EXPO-2020-də atır

ARANTV.AZ xəbər verir ki, “Dubay EXPO-2020-də Azərbaycanın da yüksək səviyyədə iştirakının təmin olunması üçün tərəfimizdən hər cür texniki və logistik dəstək göstəriləcək. Bu xüsusi yanaşma Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana olan hörmətini ifadə edir.” Dubay EXPO-2020 Təşkilat komitəsinin icraçı direktoru Nəcib Muhammed Əl Ali Azərbaycan Televiziyasına müsahibəsində belə deyib.

2020-ci ildə keçiriləcək Ümumdünya sərgisinə Dubay şəhəri evsahibliyi edəcək. Beynəlxalq sərginin təşkili üçün ayrılmış 438 hektarlıq “EXPO” şəhərciyində inşaat işlərinə start verilib. 190 ölkəni təmsil edəcək pavilyonların inşası 2020-ci ilin sentyabrında başa çatacaq. Şəhərciyin mərkəzində ucaldılacaq Azərbaycan pavilyonu ev sahibinin stendinə ən yaxın nöqtədə yerləşir. “Gələcəyin toxumları” adı verilən milli pavilyon Heydər Əliyev Fondu tərəfindən təşkil olunur.

EXPO-2020 indiyədək keçirilmiş ümumdünya sərgilərinin keyfiyyətcə və miqyasca ən görkəmlisi olacaq. Hazırki mərhələdə beynəlxalq sərginin keçiriləcəyi ərazidə pavilyonların, o cümlədən Azərbaycan pavilyonunun inşasına başlanılır. Milli stendimiz EXPO-2020-nin baxımlı pavilyonlarından biri olmağa iddialıdır.

Dubay EXPO-2020 Təşkilat komitəsinin icraçı direktoru Nəcib Muhammed Əl Ali Azərbaycan pavilyonunun dizayn və estetik gözəlliyinə görə digərlərindən seçildiyini dedi. Direktor bildirdi ki, Azərbaycanın iştirakını yüksək səviyyədə təşkil etmək üçün Ərəb Əmirlikləri hər cür texniki və logistik dəstəyə hazırdır.

Azərbaycan dövləti ümumdünya sərgilərində iştiraka xüsusi diqqət ayırır. Dubay EXPO üçün hazırlanan layihə də bu diqqətin nəticəsidir. Azərbaycan pavilyonu EXPO şəhərciyinin mərkəzində yerləşir və ecazkar dizaynı ilə seçilir. Bizim iqtisadi-ticari əlaqələrimiz ildən-ilə genişlənir. Ərəb Əmirliklərinin etibarlı tərəfdaşı olan Azərbaycana bu sərgidə layiqli təmsil olunması üçün hər cür dəstək göstəriləcək. Bu dəstək Azərbaycan dövlətinə olan hörməti  ifadə edir.

Milli pavilyonumuz 2086 kvadratmetr ərazini əhatə edir. 3 mərtəbəli pavilyon binasının ümumi hündürlüyü 18 metr olacaq. Onun 4 metrini yeraltı, 14 metrini isə yerüstü tikili təşkil edəcək. Memarlıq 2 təbii element – ağac və yarpaq əsasında hazırlanıb. Dizaynın başlıca mesajı ondan ibarətdir ki, davamlı inkişafa aparan yol insan kapitalına qoyulan investisiyadan keçir. Milli pavilyonumuzun mövzusu Dubay EXPO-nun “Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” devizilə ahəng təşkil edir.

Daha çox xəbərlər