Xalqımıza Zəfər sevinci yaşadan müzəffər Ordu
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104 ili tamam olur
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, o vaxtkı respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Həmçinin şəxsi mənafelərə qulluq edən ayrı-ayrı başıpozuq silahlı dəstələr vardı. Bütün bunlara yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra son qoyuldu. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. Dahi rəhbər, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizamlı, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başlandı. Varislik prinsipi əsas tutularaq ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd olunur.
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.
Azərbaycan Ordusunun hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda əyani nümayiş etdirildi. Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı.
Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra — 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. 2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısının alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına — Vətən müharibəsinə başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 44 gün ərzində — noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin üçtərəfli Bəyanat imzalamaları ilə başa çatdı.
Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər paradı keçirildi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən silah-sursat və hərbi texnikaları da nümayiş olundu. Şanlı Vətən müharibəsində qazanılan Böyük Qələbənin təbliği məqsədilə Bakı şəhərində yaradılan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşmən üzərində sarsıdıcı uğurunu əks etdirən — düşməndən qənimət götürülən silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur.
Hazırda Azərbaycan dövləti yerləşdiyi regionda yaratdığı yeni geostrateji və geosiyasi üstünlüklərdən faydalı şəkildə bəhrələnərək milli və dövlət maraqlarına cavab verən beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Dünyanın hərbi analitik mərkəzləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə qazandığı qələbəni təhlil edir, bir çox dövlətlərin müdafiə qurumları ordumuzun müharibədə qazandığı döyüş təcrübəsini öyrənir, hərbi taktikasından bəhrələnir.

