Azərbaycan öhdəliklərinə hörmətlə yanaşır, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir
Dünya gücləri ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı uğurlara imza atmasından məmnunluqlarını ifadə edərək dövlət başçısının yürütdüyü siyasəti alqışlayırlar
Tarixi Zəfərimiz ölkəmizin qarşısında yeni üfüqlər açdı. 30 illik işğal dövründə Azərbaycanın ədalətli mövqeyini kağız üzərində müdafiə edən dövlətlər konkret məqam yetişəndə susmağa daha çox üstünlük verdilər. Münaqişənin həlli prosesinin 30 il uzanmasına səbəb də məhz həmin dövlətlərin Ermənistanın sülh danışıqlarında imitasiya naminə iştirak etmək siyasətinə dəstək olmaları idi. Azərbaycan məsələnin sülh yolu ilə həllinə tərəfdar olduğu üçün danışıqların davam etdirilməsinə səy göstərdi, beynəlxalq ictimaiyyətin nə zamansa işğalçı Ermənistana sanksiyalar tətbiq edəcəyini gözlədi. Amma sonrakı proseslər göstərdi ki, əgər maraqlar ədaləti, beynəlxalq hüququ üstələyirsə artıq hansısa müsbət mənada gözləntidən danışmaq sadəlövhlük olar. Necə ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçını adı ilə çağırmaq istəmədilər, amma münaqişənin sülh yolu ilə ədalətli həllini tapacaqlarına əminliklərini ifadə etdilər. Maraqlı yanaşma deyildimi? Amma Azərbaycan ən yüksək tribunalardan hərb yolunun istisna edilmədiyini bildirməklə aparılan danışıqların müsbət nəticə verəcəyinə inanmadığını açıq-aşkar nümayiş etdirirdi. Nəhayət, ölkəmiz sülh danışıqlarını davam etdirməklə yanaşı, hərbi qüdrətini də gücləndirdi, Silahlı Qüvvələrimizi Qələbəyə hazırladı.
Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllini gözlədiyi dövrə nəzər salmağımız səbəbsiz deyil. Bu gün həmin dövrdə sadəcə özlərinə qarşı etimad mühitini yaratmaq üçün beynəlxalq hüququ dəstəklədiklərini bildirən bəzi dünya gücləri artıq postmünaqişə dövründə sözlə əməl birliyini nümayiş etdirmək məcburiyyətindədirlər. Sual olunur: Dəyişən nə oldu? Azərbaycan tarixi Zəfəri ilə ərazi bütövlüyünü, ədaləti bərpa etdi, kağız üzərində qalan qətnamələri təkbaşına icra etdi. Bu gün Zəfərin yaratdığı reallıqları qəbul edib, münasibətlərində səmimiyyət yaratmağa çalışan bəzi dünya güclərinin işğal dövründə tamamilə fərqli bir yanaşma, qeyri-ciddilik nümayiş etdirmələri nədən qaynaqlanırdı? Belə səpkili sualları xeyli sayda sadalamaq olar. Əsas olan budur ki, hazırkı dövrdə Azərbaycan ATƏT-in Minsk qrupunun mövcudluğu barədə düşünməyərək, neytral mövqe nümayiş etdirən Avropa İttifaqının vasitəçiliyinə daha çox önəm verir.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında dövlət başçısı İlham Əliyev bir daha bu reallığı diqqətə çatdırdı ki, Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər. Məscidlərimizin təhqir edilməsi, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Ermənipərəst qüvvələr nə qədər də bunu görməzdən gəlməyə çalışsalar da, buna müvəffəq ola bilmirlər. Çünki artıq minlərlə, bəlkə on minlərlə insan, o cümlədən xarici qonaqlar, siyasətçilər, parlament sədrləri və üzvləri, jurnalistlər, ekspertlər və sıravi insanlar azad edilmiş ərazilərə səfər ediblər.
Azərbaycan münaqişəyə son qoydu, ədaləti və beynəlxalq hüququ bərpa etdi. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki, ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. «Biz bunları bərpa edə bilməməyin, başqalarından asılı olmağın nə olduğunu yaxşı bilirdik. Biz uzun illər, təqribən 30 il ərzində bunu gözləyirdik. Gözləyirdik ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etmişdir ki, bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Yəni, işğala son qoyulmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi.
Tarixi Zəfərimizdən sonrakı dövrə nəzər salsaq görərik ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət edən görüşlərin, dövlət başçısı İlham Əliyevin dünyanın aparıcı ölkələrinin, təşkilatların rəsmiləri ilə telefon danışıqlarında bir dəfə də olsun «Dağlıq Qarabağ» ifadəsi, ATƏT-in Minsk qrupunun adı çəkilmir. Bu, onun təsdiqidir ki, dünya gücləri Qarabağ münaqişəsinin tarixə qovuşduğunu təsdiqləyir, ATƏT-in Minsk qrupuna ehtiyacın olmadığını bildirirlər.
İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olunub. Şarl Mişel Cənubi Qafqazda sabitliyin, sülhün və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib.
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək, ölkəmizin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə edib. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemini qeyd edib və Birinci Qarabağ müharibəsi zamanı etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə görüşündə də qeyd olunan məsələlər müzakirə edilmişdir. Bu, qurumun 28 illik fəaliyyəti dövründə özünə qarşı yaratdığı etimadsızlıq mühitinin təqdimatıdır. Beynəlxalq güclər zamanında maraqlarını bir kənara qoyub ədalətə ədalətin gözü ilə baxsaydılar, Ermənistana zəbt etdiyi torpaqlarımızı qeyd-şərtsiz qaytarmaq üçün sanksiyalar tətbiq etsəydilər bu gün adları nəinki fəaliyyətsiz qurumlar, eyni zamanda, varlığı bəlli olmayanlar arasında qeyd edilməzdi. Bu güclər dünyada sülhün və təhlükəsizliyin təminatına verdikləri töhfələrlə gündəmdə olardılar.
O da məlumdur ki, dövlət başçısı İlham Əliyev 4 iyul-Müstəqillik Günü münasibətilə ABŞ Prezidentinə təbrik məktubu ünvanlayıb. Məktubda bildirilir ki, 30 ildir Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Biz ilk gündən ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk.
Ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq ikitərəfli və çoxtərəfli müstəvidə uğurla davam edir. Beynəlxalq təhlükəsizliyin təmin olunması və terrorizmə qarşı mübarizədə uzun müddətdən bəri davam edən birgə fəaliyyətimiz məmnunluq doğurur. Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyi müvəffəqiyyətimizin əsas amillərindəndir. Bu gün Azərbaycan ilə ABŞ arasında bir sıra mühüm sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığımız siyasi əlaqələrimizin də genişlənməsinə şərait yaratmışdır. Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda biz ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik.
Göründüyü kimi, bu gün beynəlxalq və dövlətlərarası münasibətlərdə inam, etimad, etibarlılıq başlıca amildir. ABŞ Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, ölkəmizlə əlaqələrin müxtəlif istiqamətlərdə inkişafında maraqlıdır.
ABŞ Prezidentinin son iki məktubunda yer alan fikirləri də yada salaq. İstər 28 May-Müstəqillik Günü, istərsə də Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı münasibətilə dövlət başçısı İlham Əliyevə ünvanlanan məktubunda ABŞ-la ölkəmiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illik dövrünə nəzər salınaraq belə bir əminlik ifadə edilmişdir ki, transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Dövlət başçısı İlham Əliyev də öz növbəsində sərginin açılış mərasimindəki nitqində enerji siyasətimizin və fəaliyyətimizin bütün mərhələlərində Azərbaycana hər zaman böyük dəstək verən ABŞ hökumətinə təşəkkürünü ifadə etmişdir.
Qeyd edək ki, ABŞ-la Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq öz müsbət nəticəsini verir. Birləşmiş Ştatların ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında oynadığı rol yüksək dəyərləndirilir. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi reallaşan layihələrdən bəhrələnən, iqtisadi imkanlarını genişləndirən ölkələrin sayının artmasında da özünün aydın ifadəsini tapır. Azərbaycanın dövlətləri, xalqları birləşdirən layihələrin təşəbbüskarı kimi çıxış etməsi və onların uğurlu sonluqla başa çatması üçün göstərdiyi səylər, ikitərəfli və çoxtərəfli əməkdaşlığa böyük önəm verməsi ABŞ hökuməti tərəfindən daim diqqətlə izlənilir. ABŞ Prezidentinin məktublarında da bu məqamlar xüsusi qeyd edilirdi ki, bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə ABŞ həm də təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərini təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər edir. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir.
Dövlət başçısı İlham Əliyevin təbrik məktubu, eyni zamanda, ABŞ Prezidentinin ardıcıl ünvanladığı məktublar Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlara işıq salmaqla yanaşı, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun təqdimatları kimi dəyərləndirildi. Təbii ki, bu uğurlara yola açan dövlətimizin düşünülmüş və məqsədyönlü müstəqil siyasətidir. Enerjiyə olan daxili tələbaatını tam şəkidə ödəyən Azərbaycan dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, gündəmə gətirdiyi yeni layihələri uğurlu icrası ilə dünyanın enerji xəritəsini yenidən tərtib edib. Çoxtərəfli əməkdaşlığın göstəricisi kimi Cənub Qaz Dəhlizinin 2020-ci ilin 31 dekabr tarixində tam şəkildə uğurla başa çatması, sonuncu tərkib hissəsi olan TAP-ın istifadəyə verilməsi həm ölkəmizin, həm də iştirakçı dövlətlərin iqtisadi və siyasi həyatında yeni mərhələnin əsasını qoydu. Dövlət başçısı İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimindəki nitqində də Azərbaycanın artıq özünü etibarlı ölkə olaraq təsdiq etdiyini, öz öhdəliklərinə hörmətlə yanaşdığını təsdiqləyib. Hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər imzalanmış müqavilələrdə bir sözün belə dəyişdirilmədiyini xüsusi vurğulayan ölkə Prezidenti bunu mövqeyimizin təzahürü, öhdəliklərimizə hörmətlə yanaşmağımızın təsdiqi kimi dəyərləndirərək tərəfdaşlarımızdan da öz öhdəliklərinə hörmət etməyi gözlədiyimizi bildirmişdir.
Dünya gücləri Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı uğurlara imza atmasından məmnunluqlarını ifadə edərək dövlət başçısının yürütdüyü siyasəti alqışlayırlar. Bu gün tarixi Zəfərimiz fonunda regionda və dünyada yeni siyasi mənzərə formalaşıb, diktə edən tərəf kimi Azərbaycanın artan mövqeyi hər addımda özünü təsdiqləyir. Müstəqil siyasəti ilə qalib Azərbaycan kimi tanınmasına yol açan dövlətimiz xarici siyasətinin prinsiplərinə sadiqliyi ilə bundan sonra da möhtəşəm uğurları, dünya birliyində etibarlı yeri və rolu ilə diqqətdə olacaq. Artıq ədalət və beynəlxalq hüquq deyilən məfhumların mövcudluğu nəinki sözdə deyilir, eyni zamanda, onların tətbiqi istiqamətində addımlar atılır.

