Cənubi Qafqazda sabitliyin təminatçısı
Prezident İlham Əliyevin siyasi, hərbi, diplomatik uğurlarının Avropa İttifaqı tərəfindən dəstəklənməsi beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizi də daxil olmaqla qlobal nəqliyyat, enerji layihələrinin həllini sürətləndirir
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı reallıqlara marağın artması, beynəlxalq təşkilatların ölkəmizlə əlaqələrinin yeni mərhələ üzrə formalaşması bölgədə Prezident İlham Əliyevin liderlik fəlsəfəsinin məntiqi nəticəsi olan sabitliyin təminatına ən etibarlı təminatdır. 44 gün davam edən Vətən müharibəsində XXI əsrin döyüş taktikası, hərbi qüdrəti, təcrübəsi ilə supergücləri belə heyrətləndirən Silahlı Qüvvələrimizlə bağlı deyilənlər beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənən Azərbaycanın bölgədə yaratdığı reallıqların etirafıdır.
Son vaxtlar Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında təmasların daha da istiləşməsi, yeni format olan «Brüssel sülh gündəliyi» əsasında müzakirələrin aktuallaşması, Belçikada keçirilən üçtərəfli görüşlərdə Azərbaycan həqiqətlərinin etirafı, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin başlıca şərti olan və ölkəmiz tərəfindən irəli sürülən beş bənddən ibarət təklif paketinin dəstəklənməsi, respublikamızın çevik, konstruktiv siyasətinin qlobal miqyasda qiymətləndirilməsi ölkəmizin humanitar siyasətinin ifadəsidir. Dövlətlərin biri-birinin suverenliyini , ərazi bütövlüyünü, beynəlxalq səviyyədə qəbul olunmuş qaydalara uyğun sərhədlərin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, ərazi iddialarının olmaması son vaxtlarınə sas müzakirə mövzusudur. Həmçinin artıq dünya gücləri də anlayırlar ki, dövlətlərarası münasibətlərdə təhlükəsizliyə xələl gətirməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılması, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın yaradılması kimi təkliflərin əsas mahiyyəti Ermənistanın Qarabağın Azərbaycanın tərkibində olduğunu qəbul etməsindən və ölkəmizin ərazi bütövlüyünü tanımasından ibarətdir.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan üçlüyünün iştirakı ilə keçirilən görüşlərdə diqqətçəkən məqam Cənubi Qafqazda sabitliyin təminatında, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat –kommunikasiya layihələrinin reallaşmasında maraqlı olan dövlətimizin səylərinin dəyərləndirilməsidir.
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, qitə dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da artması ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəldir. Ötən ilin dekabrında Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitindən əvvəl Şarl Mişel və Prezident İlham Əliyev arasında keçirilən görüşlərdə əsası qoyulan Brüssel sülh gündəliyi, tərəflər arasında baş tutan intensiv əlaqələr, aparılan danışıqlar, telefon zəngləri Azərbaycanın regionda iqtisadi, hərbi güc mərkəzi olmasının təsdiqi, qlobal layihələrin müəllifi kimi böyük nüfuz qazanan ölkəmizin möhkəmlənən geosiyasi nüfuzunun etirafıdır. Bəlli olan budur ki, Azərbaycanın daxili və xarici siyasəti, həyata keçirdiyi islahatlar, gerçəkləşən qlobal layihələrin həlli ölkəmizdən əlavə qonşu dövlətlərin maraq və məafelərinə də uyğundur. Hazırda dünyanın siyasi müstəvisində aktuallığını qoruyan Zəngəzur dəhlizi kimi, digər qlobal enerji, nəqliyyat layihələri, kommunikasiyaların bərpası bu coğrafiyada ölkələrarası bağlantıların, siyasi, iqtisadi əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.
Aİ Şurasının Prezidenti Şarl Mişellə dövlət başçımız İlham Əliyev arasında intensiv dialoq və təmasların artması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanılması o deməkdir ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Son zamanlarda Prezident İlham Əliyev ilə dövlət və hökumət başçıları arasında intensivləşən dialoqlar, telefon danışıqları dövlət başçımıza beynəlxalq səviyyədə artan inam və etimadın göstəricisidir. Sülh anlaşmasının işlənməsi və hazırlanması prosesinin hər iki ölkənin Xarici İşlər nazirliklərinə həvalə olunması, Birgə Sərhəd Komissiyasının yaradılması iki ölkə arasında sərhədlərin delimitasiyası məsələlərinin həllinə inamı artırır. Ölkələr arasında kommunikasiyaların bərpası, Avropa İttifaqının qlobal dəmir və avtomobil yollarının bərpası istiqamətində irəli sürülən təşəbbüsləri dəstəkləməsi Zəngəzur dəhlizinin bərpasına beynəlxalq səviyyədə yandırılan «yaşıl işıq»dır. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir və avtomobil yollarının çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması ilə bağlı qərarın qəbulu bu sahədə işləri intensivləşdirəcək. İrəvanda müəyyən dairələr artıq anlayırlar ki, Zəngəzur dəhlizini əngəlləməklə Ermənistan özünü mühüm imkanlardan məhrum edir. Halbuki Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa və beynəlxalq yükdaşımalarda gəlir əldə etməsinə imkan verə bilərdi. İrəvanın düşünülməmiş siyasəti ona gətirib çıxardı ki, Azərbaycan bu marşrutu İran ərazisindən keçməklə reallaşdırmasına qərar verdi. Ermənistan yenə də oyundankənar vəziyyətdə qaldı”. Artıq proses başlayıb. Təbii ki, yeni mərhələdə Ermənistan öhdəliklərinə əməl etməsə İrəvanın daralan yolları çıxılmaz dalana dirənəcək.
Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasındakı telefon söhbətində də Azərbaycanın daha çox maraqlı olduğu və Aİ tərəfindən dəstəklənən regional təhlükəsizliyi təmin edəcək məsələlərin vacibliyi diqqətə çatdırılmışdır. Bu diqqət Prezident İlham Əliyevin beynəlxalq müstəvidə göstərdiyi siyasi-diplomatik səylərin, konstruktiv əməkdaşlığa əsaslanan təşəbbüslərinin dəstəklənməsidir. Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlərin əhəmiyyətini yada salan Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini də diqqətə çatdırıb. Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirən Aİ Şurasının Prezidenti Azərbaycanın bölgədə sabitliyin normalaşması istiqamətində fəallıq göstərən Prezident İlham Əliyevin diplomatik səylərini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək, ölkəmizin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə edib. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üzləşdiyi minatəmizləmə problemindən bəhs etməklə, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyini də Aİ rəsmizinə xatırladıb. Qeyd edək ki, əsl liderə layiq məntiqli çıxışları, dünya siyasətini, reallıqlarını düzgün təhlil etmə bacarığı, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının dünya birliyi və bölgə üçün əhəmiyyətini yaranmış vəziyyətə uyğun aydınlıq gətirməklə diqqətə çatdıran Prezident İlham Əliyevin arqumentləri reallıqların birbaşa ifadəsidir. Cənubi Qafqazda vəziyyətin müzakirəsini davam etdirmək, gərginliyin aradan qaldırılması ilə regionda təhlükəsiz, sabit, dinc və firavan həyat qurulmasında maraqlı olan Aİ-nin tərəfsiz mövqeyi təqdirəlayiqdir. Aİ, həmçinin Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, minatəmizləmə səylərini, o cümlədən ekspert məsləhətinin verilməsi və maliyyə yardımının artırılması, habelə münaqişədən zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işləri yolu ilə dəstəkləməyə, Aİ İqtisadi və İnvestisiya Planına uyğun və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə kommunikasiya kanallarının inkişafına dəstək verməyə hazırdır. Diqqətçəkən məqam isə bütün sənədlərdə «Dağlıq Qarabağ» ifadəsinə və ya keçmişin qalığı olan ATƏT-in Minsk qrupu həmsədrlik institutuna istinad olunmamasıdır. Yaranmış vəziyyətin açıqlaması budur ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və Cənubi Qafqaz siyasətində Azərbaycanın bölgədə yaratdığı reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Çünki Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır. Prezident İlham Əliyevin himayəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə «Qlobal dünya nizamına təhdidlər» mövzusunda IX Qlobal Bakı Forumda Minsk qrupunun ikili standartlardan faydalanma effekti yaradan fəaliyyətini «Sizin bilməyinizi istədiyim digər bir məsələ ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə fərziyyələrlə bağlıdır. Minsk qrupu 1992-ci ildə təsis edilib və onun mandatı münaqişənin həllinə yardım etməkdən ibarət olub. Lakin faktiki olaraq onun fəaliyyəti sıfırla nəticələnib. Təsəvvür edin ki, ATƏT-dən mandat almış bu qrup 28 il ərzində heç bir nəticə əldə etməyib. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Hesab edirəm ki, hər kəs bunu anlayır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq – bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Yəni, Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Təşəkkür edirik və əlvida yox, yalnız əlvida demək olar. Yəni, 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır» sözləri ilə tənqid edən Prezident İlham Əliyev «Düşünürəm ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik. Avropa İttifaqı bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, oynayacaq» ifadələri ilə Cənubi Qafqazda sabitliyin yaranmasında daha çox şansı olan tərəfin xoş məramını, ədalətli mövqeyini siyasi təcrübəsi, liderlik məharəti ilə dəqiqləşdirir.

