Əsas səhifə 

İnsan amili dövlət siyasətinin əsasıdır FOTO

Prezident İlham Əliyev yalnız işğaldan azad edilmiş ərazilərin deyil, bütün rayonların inkişafını, Bakı və Bakıətrafı qəsəbələrin tərəqqisini  diqqət mərkəzində  saxlayır

“Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.» Ötən ay  Polşanın Katovitse şəhərində keçirilən  Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası Azərbaycanın bu sahədə də təcrübəsinin təqdimatında əhəmiyyətli rol oynadı.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki. Paytaxt Bakı ilə yanaşı, Bakıətrafı qəsəbələr, bölgələrimiz inkişafın yeni mərhələsini yaşayır. İyulun 6-da ölkə Prezidenti İlham Əliyevin Bakının Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanışlığı bu kimi məqamlara bir daha işıq saldı. Onu da qeyd edək ki, Regional inkişaf proqramları ilə yanaşı, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının  sürətləndirilməsinə dair Dövlət proqramları icra edildi.  İnfrastrukturun yenilənməsi istiqamətində atılan addımlar  paytaxt Bakının və qəsəbələrin simasında da özünü aydın şəkildə göstərir. Diqqət çəkən əsas məqam paytaxtda və qəsəbələrdə  müasirliklə qədimliyin vəhdətinin qorunmasıdır.   Ramana qəsəbəsinin timsalında bu vəhdətin necə qorunduğunu deyə bilərik. Belə ki, qəsəbə  Abşeron ərazisində turizm marşrutlarına daxil edilə biləcək abidələrlə zəngindir. Onlardan biri qəsəbənin girişində əzəməti ilə diqqəti cəlb edən, XII-XIV əsrlərə aid olduğu bildirilən Ramana qalası yüksək nöqtədə yerləşir. Ehtimal edilir ki, divarlarının hündürlüyü 15 metr olan qala müdafiə məqsədilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub. Məşhur “Koroğlu”, “Nəsimi” və “Babək” filmlərinin müəyyən səhnələri Ramana qalasında çəkilib. Ramananın qədim abidələrindən biri də Novruzqulu hamamıdır. Keçmişdə hamamda dörd quyu fəaliyyət göstərsə də, indi onlardan üçü mövcuddur. Novruzqulu Babakişi oğlunun adını daşıyan hamam Abşeron yarımadasında yeganə tikilidir ki, onun sənədləri toplanıb və təsdiqlənib. Hamamın binasında keyfiyyətli bərpa işləri görülüb. Tanışlıq zamanı o da bildirilmişdir ki, Ramanada yenidənqurma işləri zamanı ətraf mühitin qorunması, qəsəbənin ekoloji vəziyyəti prioritet məsələlərdən biri olub.

Ramanada əhalinin məşğulluğunun artırılması sahəsində də mühüm işlər görülüb. Qəsəbədə xalçaçılıq müəssisəsi və satış mağazası açılıb. Yaradılan yeni iaşə və xidmət obyektlərində məhsulların istehsalı və satışı həyata keçirilir. Bu obyektlər müştərilərə yüksək səviyyədə xidmət göstərmək, onların rahatlığını təmin etmək üçün zəruri vasitələr və avadanlıqlarla təchiz olunub. Ramanada reallaşdırılan layihələrdən biri də vertikal bağçılıq layihəsidir. Layihənin məqsədi özünəməşğulluğun artırılmasına, aztəminatlı ailələrin daha çox gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək olmaq, həmçinin yaşıllıqların genişləndirilməsinə, bitkiçiliyin və kənd təsərrüfatı məhsulları emalının inkişafına töhfə verməkdir.

Göründüyü kimi, dövlət siyasətimizin əsas prioritetlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması, məşğulluq probleminin həllidir. 2003-cü ildə ilk dəfə Prezident seçilən cənab İlham Əliyev müasirləşmənin, yeniləşmənin dövlət siyasətinin əsası olduğunu diqqətə çatdırdı. «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərək ölkənin inkişafında təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin qorunmasını vacib amil kimi dəyərləndirdi. Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 18 ildə ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir. Bu mühüm məqam Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir.

Təhlillər əsasında bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur.

Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurumuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır.

Ölkə Prezidenti bu uğurlarımızda bir məqamı xüsusi qeyd edir: “Mən xatırlayıram, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizidən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurumuşuq və müstəqil ölkə kimi yaşayırıq.»

Artıq son 18 il neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur. Davamlı inkişafın əsası olan Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Sözsüz ki, müsbət göstəricilərimiz verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur.

Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir. Dövlət başçısı qeyd edir ki, ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi. Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir.

Bu gün bölgələr arasında sağlam rəqabət gedir. Ölkə ictimaiyyəti irəli sürülən bütün təşəbbüsləri dəstəkləyir və bu, ümumilikdə hərtərəfli inkişafı daha da sürətləndirir. Hər dövrün öz tələbləri vardır. Zamana və dövrün tələblərinə uyğun olaraq təkmilləşmə islahatların davamlılığını, inkişaf strategiyasının təkmilləşdirilməsini bir zərurətə çevirir. Azərbaycan bütün sahələrdə uğurları, təcrübəsi ilə nümunə oldu. Yeganə problemimiz  Qarabağ münaqişəsi idi ki, o da dövlət başçısı İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, xalqımızın birliyi sayəsində həll olundu, işğala son qoyuldu. Bu gün artıq doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız Böyük Qayıdışa hazırlaşır. 2022-ci il Azərbaycanın həyatında quruculuq,  bərpa dövrü ilə yanaşı, Böyük Qayıdışın ilk addımlarının atılması ilə xarakterizə  olunacaq.

İşğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə institutu yaradılır.  Yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və icrasına böyük ehtiyac duyulduğundan dövlət başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiq edildi. Ölkə Prezidentinin «Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında» Fərmanı da Vətən müharibəsində əldə edilmiş parlaq Qələbənin daha bir uğurlu nəticəsi, yalnız iqtisadi deyil, həm də gələcəyə yönəlmiş mühüm siyasi-strateji qərardır. Sənəd ümumilikdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrasının bölgələrimizin davamlı və tarazlı inkişafının təmin olunmasında, ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətinin daha da güclənməsində əhəmiyyətini, 44 günlük Vətən müharibəsində parlaq Qələbənin qazanılmasında güclü zəmin olduğunu açıqlayır. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirdi. Ümumilikdə imzalanan son Fərman və sərəncamlar, təsdiqlənən Milli Prioritetlər tarixi torpaqlarımızın əvvəlki vəziyyətinə qaytarılmasına, iqtisadi inkişafının bərpa olunmasına, bir sözlə, Azərbaycanın gələcəyinə hesablanıb.

Dövlət başçısı İlham Əliyev yalnız işğaldan azad edilmiş ərazilərin deyil, bütün rayonların inkişafını diqqətdə saxlayır və bunu bölgələrə davamlı səfərləri ilə təsdiqləyir. Hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi, eyni zamanda, səfərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün əlavə Tədbirlər Planının təsdiqlənməsi, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması ilə yadda qalır. Atılan bütün addımların əsasında vətəndaş məmnunluğunun artırılması dayanır. Cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, əhali görülən işlərdən nə zaman razı qalarsa, mən də razı olaram. Dövlət başçısı bu fikirləri ilə bir daha insan amilinə yüksək dəyər verdiyini, hakimiyyətin əsas mənbəyinin xalq olduğunu təsdiqləyir.

 

Daha çox xəbərlər