Şəhid ailələri və qazilər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub
Bu kateqoriyadan olan insanlara verilən təqaüd və müavinətlər üç dəfəyə qədər artırılıb. Həmçinin Prezident İlham Əliyevin imzaladığı proqram çərçivəsində 2021-2025-ci illərdə 11 min ailənin mənzil və fərdi evlərlə təmin edilməsi nəzərdə tutulur:
Bu gün Azərbaycanda uğurla həyata keçirilən sosial siyasətin tərkib hissəsi olaraq ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Qırx dörd günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən silsilə fərman və sərəncamlar imzalanır.
Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Belə ki, məhz şəhid ailələri və müharibə əlillərinə verilən təqaüd və müavinətlər üç dəfəyə qədər artırılıb. Prezident İlham Əliyevin imzaladığı proqram çərçivəsində 2021-2025-ci illərdə 11 min ailənin mənzil və fərdi evlərlə təmin edilməsi nəzərdə tutulur. Ölkə başçısının müvafiq Sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün Dövlət Proqramı təsdiqlənib. Nəticədə bu günə kimi bu kateqoriyaya aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlərlə təmin edilib. Bunun təxminən 3 500-ü postmüharibə dövründə verilib. Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində son 4 ildə 1500-dək, ümumilikdə ötən dövrdə 7450 müharibə əlili avtomobillə təmin edilib.
2022-ci il fevralın 25-də Prezident İlham Əliyevin əsaslı təmirdən sonra açılışında iştirak etdiyi Bakının Xəzər rayonundakı Şağan Reabilitasiya Pansionatı da bu qəbildən olan müalicə mərkəzlərindəndir. Yenidən qurulan 250 çarpayılıq pansionatda ildə 5 min nəfərədək qazi müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Bu tibb müəssisəsində ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlərə xidmət göstəriləcək. Əsas xidmətlər isə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiyadır. Pansionatda müalicə alanların reabilitasiyasında müasir metodika ən qabaqcıl texnologiyanın tətbiqi ilə paralel təşkil olunacaq.
Bundan başqa, Heydər Əliyev Fondu da Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır, onların qayğısına qalır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Fondun dəstəyi ilə Vətən müharibəsində ağır yaralanan bir neçə qazimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib.
Prezident İlham Əliyevin fərmanı ilə yaradılan “YAŞAT” Fondu tərəfindən şəhid ailələrinin və Qarabağ qazilərinin, eləcə də onların ailə üzvlərinin sosial təminatının gücləndirilməsi ilə bağlı mühüm işlər uğurla davam etdirilir. Bütün bunlar bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin başçısının sosial siyasətinin əsas tərkib hissəsidir.
Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, ordumuzun qalib əsgərləri Yeni Azərbaycan Partiyasının (YAP) da xüsusi diqqət mərkəzindədir. Partiya tərəfindən həyata keçirilən “Şəhid ailələrinə qayğı!” aksiyası partiyanın rayon təşkilatlarıı tərəfindən uğurla davam etdirilir. Rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət edir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə, sağlamlığını itirən qazilərimizə xüsusi diqqət və qayğının artırılması istiqamətində gündəlik fəaliyyət göstərirlər.
Bu ilin may ayının 2-də Azərbaycan Prezidenti İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında çıxış edərək bildirib: “Biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər”. Dövlətimizin başçısı qeyd edib ki, yaxın, doğma adamın itirilməsinin yarası heç vaxt sağalmayacaq. Amma həyat davam edir və davam edəcək: “İndi torpaqların yenidən qurulması işinə start vermişik. Azad edilmiş torpaqlarda, indi yaradılan binalarda, evlərdə, məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün həlak oldular, Vətəni hər şeydən üstün tutdular” deyən ölkə başçısı vurğulayıb ki, dövlət şəhid ailələrinin və qazilərin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək.

