İntiharlar və digər neqativ, tükürpədici halları şişirdib, ictimailəşdirmək məgər söz azadlığıdırmı?
Narahatlıq yaradan hadisələrin baş vermə səbəblərinin araşdırılmadan cəmiyyətə çatdırılması yolverilməzdir
Azərbaycanda torpaqlarımız uğrunda döyüşlərdə, Birinci və İkinci Qarabağ müharibələrində şəhid olanlara, qazilərə göstərilən diqqət və qayğı dünyanın heç bir ölkəsində müşahidə olunmayan sosial islahatların tərkib hissəsidir. Azərbaycanda insan amilinə diqqət dövlət siyasətinin ana xəttini təşkil edir. Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfərdən sonra şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına sosial dəstək daha da artıb. Bu kateqoriyadan olan insanlara, şəhid ailələrinə mənzillərin, minik avtomobillərinin verilməsi prosesi davam etdirilir. Reablitasiya mərkəzlərində müayinədən keçən qazilərin sağlamlığı üçün bütün tədbirlər görülür. Lazım olduqda onlar ən müasir tələblərə cavab verən əlil arabaları ilə təmin olunurlar. Şəhid ailələrinin, müharibədə yaralananların məşğulluq problemləri də daim diqqətdə saxlanılır.
Postmüharibə dövründə şəhid ailələri, müharibə əlilləri, Vətən müharibəsi iştirakçıları ilə keçirilən görüşlərdə onların ehtiyacları, istək və arzuları öyrənilir, yerinə yetirilir. Lazım gəldikdə əlillər aktiv məşğulluq proqramlarına cəlb olunurlar.
Müharibə əlilləri və veteranları arasında ehtiyacı olanlar sosial-psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb olunurlar. Onlara 21 min reabilitasiya vasitəsi təqdim edilib. 200 nəfər Vətən müharibəsi əlili ən yüksək texnologiyalı dördüncü nəsil müasir protezlərlə təchiz olunub. Sosial qayğının müvafiq qaydada həyata keçirilməsi üçün Vahid Əlaqələndirmə Mərkəzi yaradılıb. Bir sözlə , şəhid ailələrinə və müharbə əlillərinə göstərilən diqqət lazımi səviyyədə davam etdirilir.
Bu cür diqqətin qarşılığında son zamanlarda bir sıra media subyektləri
tərəfindən qazilər arasında intihar halları ilə bağlı xəbərlərin geniş tirajlanmasında məqsəd Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edən sosial islahatlara kölgə salmaq, cəmiyyətdə narahatlıq yaratmaqdır. Bilərəkdən, bəzən isə siyasi don geyindirilən bu cür feyk xəbərlər, jurnalist peşəkarlığı baxımından yol verilən qüsurlar cəmiyyətdə haqlı olaraq ictimai narazılığa, qınağa səbəb olur. Məsələyə münasibətini bildirən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında da qeyd olunduğu kimi, tək-tək hallarda rast gəlinən belə hadisələrin səbəb və detallarının araşdırılmadan yayınlanması jurnalist peşəkarlığının göstəricisi hesab edilə bilməz. Azərbaycan Respublikasının Audiovizual Şurası və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən bu ilin aprel ayında ölkənin bütün media subyektlərinə tövsiyə olunmuş «Redaksiya siyasəti və peşə etikası qaydaları”»nda qeyd olunduğu kimi, intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalı, onların təbliğinə yol verilməməlidir. Unutmaq olmaz ki, mətbuatda belə əsassız məlumatların yayılması azyaşlılara , yeniyetmələrə, əhalinin həssas quruplarına, fiziki, əqli və mənəvi inkişafına ziyan vuran amillərdir.
Jurnalist peşəsinin məsuliyyətini dərk edən və cəmiyyəti məlumatlandırmaq kimi şərəfli missiyanı yerinə yetirən qələm sahibləri bu cür məqamlarda daha çox həssaslıq göstərməlidirlər. Narahatlıq yaradan hadisələrin, intiharların baş vermə səbəblərinin araşdırılmadan cəmiyyətə çatdırılması yolverilməzdir. Halbuki jurnalistin peşə etikası qaydalarında qeyd olundu kimi informasiyaların oxucuya düzgün, obyektiv çatdırılması jurnalistin peşəkarlığı olmaqla həmin şəxsin bir vətəndaş kimi cəmiyət qarşısında vicdan borcudur.
Tez-tez rast gəlinən halların, məişət müstəvisində baş verən adi hadisələrin də cəmiyyətə intihar kimi təqdim olunması başqalarının da bu cür neqativ hallara marağını artıra bilər. Cəmiyyətə ictimai mahiyyət daşıyan məsələ kimi çatdırılan özünə qəsd hallarına maraq oyadan belə cızmaqaraçılar mütləq ictimai qınağa məhkum olacaqlar.
Unutmaq olmaz ki,tarixin bütün dönəmlərində, cəmiyyətlərdə intihar halları baş verir. Heç bir dövlət bu kimi hallarla rastlaşmaqdan sığortalanmayıb.
Müasir dövrümüzdə həyat şəraiti kifayət qədər yüksək olan Skandinaviya ölkələrində intihar hallarının yüksək rəqəmlərlə qeydə alınması o demək deyildir ki, özünə qəsd vəziyyəti yalnız sosial problemlərlə bağlıdır. İntiharların ictimai, psixoloji, mənəvi problemlərlə də bağlı olduğunu hər kəs bilir və həyatda bu cür hallarla rastlaşır. Əlillər arasında intihar hallarının baş verməsinin artdığını ictimailəşdirməyə, insanlara mənfi təsir edən bu cür məsuliyyətsiz yanaşan, bu cür problemlərə adi hal kimi baxan bəzi media təmsilçiləri insanın mənəiviyyatını korlayan həssaslığı nəzərə almaqdan hələ də uzaqdır. Bir insan, vətəndaş kimi, hamı baş verən intiharları məyusluqla izləyir, narahat olur, həyatına qəsd edənlərin ailəsinin ağrı-acısına şərik olmağa çalışır.
Belə həssas məqamlarda tamaşaçı auditoriyası yaratmaq cəhdi medianın tələblərinə cavab verməyən çirkinlikdir. Mətbuatda yoxlanılmamış , çox vaxt isə əsası olmayan yalan məlumatların yayılması oxucusu olmayan mətbu orqanlarının reytinq qazanmaq naminə istifadə etdikləri fırıldaqdır. Bu cür yolla ucuz şöhrət qazanmağa çalışan üzdəniraq jurnalistlər medianın formalaşdırdığı auditoriyanın ictimai mahiyyət və əhəmiyyətini anlaya bilməyəcək dərəcədə kordurlar.
Bəzi hallarda şəxsi maraq naminə başqaları haqqında əsası olmayan məlumatların yayımı isə mənəvi terror qədər zərərlidir.
Əsl vicdanlı mətbuat nümayəndələri ilk növbədə oxucuya çatdıracağı informasiyanın insanlarda yaradacağı mənfi və müsbət emosiyanı nəzərə almalıdır. Söz azadlığından istifadə edərək isterik yazıları ilə gündəmə gəlməyə çalşanlar zamanın qınağı ilə rastlaşırlar.
İstər- istəməz belə bir sual yaranır: İntiharlar və digər neqativ, tükürpədici halları şişirdib, ictimailəşdirmək məgər söz azadlığıdırmı?
Çox təsssüf ki, mediaya başqa yollarla sızanların özləri bu sualın qarşısında acizdirlər. İntihar edən şəxsin kimliyindən asılı olmayaraq ilk növbədə hadisəyə insan amili baxımından yanaşmaq lazımdır. Narahatlıq doğruan hadisələrə vicdanla, insanlıq naminə yanaşmaq peşəsindən asılı olmayaraq hamının vicdan, insanlıq borcudur. Bunu unutmayaq!

