Gələcəyə baxış: Azərbaycan dördüncü sənaye inqilabında lider olmalıdır
Dövlət başçısı İlham Əliyev daim bu reallığı önə çəkir ki, texnoloji inkişafda kim qabağa gedibsə, o da udacaq, kim geridə qalıbsa, asılı vəziyyətdə qalacaq
“Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın.” Dövlət başçısı İlham Əliyev bu fikirləri ilə ölkəmizin iqtisadi imkanlarının aydın mənzərəsini təqdim edir. Təbii ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır. Bu baxımdan iqtisadi müstəqilliyin təmin edilməsi daim prioritet məsələ kimi öndə olub. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə verdiyi önəm bugünümüzə hesablanmış mühüm addımlar sırasındadır. Hazırda neft gəlirlərindən səmərəli istifadə qeyri-neft sektorunun inkişafını sürətləndirir, ən əsası işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət almasını şərtləndirir. Tezliklə bu torpaqların malik olduğu imkanlardan istifadə etməklə dayanıqlı inkişafı təmin edəcək, iqtisadi müstəqilliyimiz daha da möhkəmlənəcək.
Cari ilin 6 ayında iqtisadi və qeyri-neft iqtisadiyyatının artımına diqqət yetirək. “Hər iki istiqamət üzrə yaxşı nəticələr var” söyləyən dövlət başçısı İlham Əliyev bunu sosial-iqtisadi göstəricilər əsasında diqqətə çatdırır. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Əhalinin gəlirləri təxminən 20 faiz artıb.
Reallıqlara söykənərək bu fikri böyük inamla qeyd edirik ki, ölkəmizin inkişafı üçün indi yeni imkanlar yaranıb. Azərbaycan özünü dünyada güclü, qüdrətli, hər bir hədəfə daxili imkanları hesabına nail olan, təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi təqdim edir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın potensialının nədən ibarət olduğunu nümayiş etdirdi. Azərbaycan döyüş meydanında qələbə qazandı. Əgər güclü iqtisadiyyat yaratmasaydıq, güclü ordu da qura bilməzdik. Eyni zamanda, yeni texnologiyaların inkişafına xüsusi önəm verilməsi hərtərəfli inkişafa stimuldur. Ona görə bütün amillərin vəhdəti həm qələbəni, həm də bundan sonra ölkəmizin inkişaf dinamikasını şərtləndirdi.
Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alan dövlət başçısı İlham Əliyev 2003-cü ildə «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərkən bu məqamı xüsusi qeyd etmişdir ki, inkişaf etmiş ölkələrə diqqət yetirsək onları irəli aparan bilikdir, savaddır, yeni texnologiyalardır. Bu reallıq da daim önə çəkilir ki, texnoloji inkişafda kim qabağa gedibsə, o da udacaq, kim geridə qalıbsa, asılı vəziyyətdə qalacaq: «İndi sirr deyil, elə peşələr var ki, 5 ildən sonra bu peşələr sıradan çıxacaq, yəni olmayacaq. Yeni peşələr meydana çıxacaq və biz hazır olmalıyıq ki, bu peşələrə yiyələnək. Hazır olmalıyıq, kadr potensialımız imkan versin ki, dünyada gedən sənayeləşmə, xüsusilə Dördüncü Sənaye İnqilabı ilə bağlı proseslər daim Azərbaycanın inkişafını təmin etsin. Təsadüfi deyil ki, Davos Ümumdünya Forumu məhz Azərbaycanı Dördüncü Sənaye İnqilabının mərkəzlərindən biri seçdi. Məhz onların təşəbbüsü ilə bu baş verdi və müvafiq sənəd də imzalandı.»
Bütün sahələrdə islahatlar gedir, ölkə qarşısında yeni vəzifələr dayanır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Dünyanın, o cümlədən Azərbaycanın koronavirus infeksiyası ilə mübarizə apardığı dövrdə hər bir ölkə malik olduğu imkanları ortaya qoydu. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması hər bir çətinliyin öhdəsindən layiqincə gəlməsinə əsas yaradır. Dövlət başçısı İlham Əliyev mübarizə tədbirlərinə başlandığı gündən insanların sağlamlığının təmin olunması ilə yanaşı, dayanıqlı inkişafı qorumaq, yüksək rifahı təmin etmək istiqamətində də əhəmiyyətli addımları ilə diqqət çəkir. İlk gündən bildirildi ki, heç bir sosial layihə təxirə salınmayacaq, islahatlar daha da dərinləşdiriləcək. Özünüməşğulluq proqramına minlərlə insanın cəlb olunması təmin edildi. Bu məqsədlə beynəlxalq maliyyə qurumları, xüsusilə Dünya Bankı ilə birgə tədbirlərə start verildi. Azərbaycanın pandemiyaya qarşı mübarizə dövründə 80-dən artıq ölkəyə humanitar və maddi yardım göstərməsi də ölkəmizin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır.
2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan ölkə Prezidenti İlham Əliyevin bu məqsədə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadəyə yol açan regional inkişaf proqramlarını təsdiqləməsi və uğurlu icrasına xüsusi diqqət göstərməsi bugünkü inkişafı şərtləndirən əsas amillərdəndir. Təkmil islahatların şərtləndirdiyi iqtisadi tərəqqi güclü sosial siyasətin həyata keçirilməsini təmin edir. Minimum əməkhaqqının, minimum pensiyanın artırılması, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra dövlətimizin başçısı İlham Əliyevin şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımları da sosial siyasətin prioritetliyini önə çəkir. Dövlət başçısı İlham Əliyev daim vətəndaşının yanında olduğunu, həyata keçirilən siyasətin təməlində vətəndaş amilinin dayandığını nümayiş etdirir. Əvvəldə də qeyd etdiyimiz kimi, bunun üçün təbii ki, ilk növbədə iqtisadi tərəqqinin təmin oluması əsasdır. O da məlumdur ki, avqustun 2-dən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanıldı.
Əhalinin yüksək rifah şəraitində yaşayışı əsas hədəflər sırasındadır. 2003-cü ildə cənab İlham Əliyevin vədləri sırasında yoxsulluq kimi sosial bəlanın aradan qaldırılacağı xüsusi qeyd edilmişdi. Son 19 ilə yaxın dövrdə ölkəmizdə yoxsulluq 5, işsizlik 4,8 faiz səviyyəsinə enib. Dövlət başçısı İlham Əliyev bildirir ki, bu, “qara qızıl”ın insan kapitalına çevrildiyini göstərir: “Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olmuşdur ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri cəmiyyətdə bərabər, ədalətli şəkildə bölək və ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan layihələrə yönəldək.” Cənab İlham Əliyev çıxışlarında bu mühüm məqamı da qeyd edir ki, hər şeyi Azərbaycan vətəndaşı üçün edirik: “Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar.”
Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində idarəçilik sisteminin təkmilləşdirilməsi də əhəmiyyətli rol oynayır. Son illərin mühüm addımları sırasında cənab İlham Əliyevin Fərmanı əsasında «Dövlət Nəzarəti İnformasiya Sistemi»nin yaradılmasını qeyd etmək istərdik ki, burada da məqsəd ölkə Prezidentinin Fərman və sərəncamlarının, tapşırıqlarının icrasına, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasına nəzarətin təmin edilməsidir. Yeni texnologiyaların inkişaf etdiyi, daha dəqiq desək, bütün reallıqların ictimaiyyətə çatdırılmasında dəstək missiyasını yerinə yetirən yeni texnologiyalardan istifadə etməklə bu nəzarəti vaxt itkisi olmadan həyata keçirmək və hədəfə qısa zamanda nail olmaq mümkündür. Azərbaycan hər bir yeniliyin ölkəmizdə tətbiqinə maraq göstərir. Necə ki, «ASAN xidmət», DOST kimi layihələrimiz insanlara rahat, səmərəli xidməti həyata keçirir, süründürməçilik halları ilə üzləşmədən hər kəs bu mərkəzlərin yaratdığı imkanlardan bəhrələnir. Aparılan sorğular əsasında vətəndaş məmnunluğunun 100 faiz olması bu yeniliklərin həyatımızda xoş ab-hava yaratdığının nümayişidir. Hər bir yenilik, islahatların dərinləşməsi öz növbəsində kadr tələbatını aktuallaşdırır. Çünki yeni texnologiyaların tətbiqi öncə bunları dərindən bilən və tətbiq etməyi bacaran kadrların olmasını tələb edir.
Artıq tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri uğurla davam edir. Bu işlərin müasir tələblər səviyyəsində həyata keçirilməsi Azərbaycanın yeniliyə, təkmilləşməyə nə qədər maraqlı olduğunu göstərir. Ən əsası dünyaya səs salan “ASAN xidmət”, DOST kimi Azərbaycan brendlərinin sırasına yeniləri əlavə olunacaq. Ölkəmiz “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ilə də dünyanın diqqətindədir. Bu layihənin ilk iştirakçısı olan Zəngilanın Ağalı kəndi artıq 41 ailəni, 201 sakinini qarşıladı. Soydaşlarımızın bu gözəl məkandan təəssüratlarından da göründüyü kimi “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlər əsasında ümumilikdə işğaldan azad edilmiş ərazilərimiz müasir tələbləri yüksək cavablandırmaları ilə diqqətdə olacaqlar. Zəngilanın Ağalı kəndi ilk olaraq bu təqdimatı etdi.
Müasir dövrün ən aktual mövzularından biri dördüncü sənaye inqilabıdır. Bu, innovasiya dövrü deməkdir. Dördüncü sənaye inqilabının ən mühüm potensialı yaşayış şəraitinin keyfiyyətinin yüksəldilməsidir. Yeni ağıllı cihazların tətbiqi şəraitində hədəflərə yüksək səviyyədə nail olunur. Bir sözlə, danışan və məqsədləri gerçəkliyə çevirən yeni texnologiyalar olur. Ümumiyyətlə, yeni texnologiyaların tətbiqi ilə bütün istiqamətlərdə görünməmiş rəqəmsal inkişaf olacaq ki, bu da istehsal və iqtisadiyyatda insan faktorunun rolunu azaldacaq. İnsanların qabiliyyəti yalnız texnologiyanın tətbiqi ilə ölçüləcək. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bu hədəfi açıqlamışdır ki, Azərbaycan dördüncü sənaye inqilabında lider olmalıdır: “Ölkəmizin əhəmiyyətini, rolunu və bizə olan münasibəti əks etdirən son hadisə Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında dördüncü sənaye inqilabı üzrə Bakıda regional mərkəzin yaradılması hadisəsidir. Bu, çox əlamətdar hadisədir. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyada birnömrəli forumdur, bundan yuxarısı yoxdur. Bu, həm siyasi, həm iqtisadi sahədə nömrə birdir və bu bölgədə – Cənubi Qafqazda, Orta Asiyada Azərbaycanı mərkəz kimi seçmək, əlbəttə, böyük hadisədir…Dördüncü sənaye inqilabında Azərbaycan lider olmalıdır. Necə ki, Davos Forumu bizi lider kimi görür, biz də lider olmalıyıq. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir. Biz elmi tərəqqini, inkişafı təmin etməliyik, ölkəmizi gələcəyə aparmalıyıq, müasirləşdirməliyik. Beləliklə, hesab edirəm ki, bu hadisə bizim növbəti uğurumuzdur, növbəti qələbəmizdir. Əminəm ki, bundan sonra qələbələrimizin sayı çox olacaq.”
Göründüyü kimi, yeni dövrün reallıqları yeni hədəflərlə bağlı çağırışlar edir. Bu da öz növbəsində islahatlar prosesini dərinləşdirməyi, kadr islahatlarını zərurətə çevirir. Bütün yeniliklərin, təkmilləşmənin mərkəzində olan Azərbaycanın işğaldan azad edilmiş ərazilərimizi yeni texnologiyalar əsasında yenidən qurması da özündə bütün məqamları, çağırışları ehtiva edir. İnsanların rahat yaşayışını təmin etmək üçün müasir dövrün tələbləri yeni texnologiyalar vasitəsilə reallığa çevrilir. Bu baxımdan idarəetmə sistemində təkmilləşmələr gələcək inkişafın aydın mənzərəsini təqdim edir. Dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı da bu tərkibdəndir.

