İSLAM 

Namaz hərəkətlərini edə-edə təkbir demək olar, yoxsa təkbir aram halda deyilməlidir?

Bu mövzuda İslam məzhəbləri arasında fikir ayrılığı vardır. Cəfəri (şiə) məzhəbinə mənsub olan müctəhidlərin fətvasına görə, namaz zamanı sözlər bədənin aramlıq anında deyilməlidir. (Rükudan və səcdədən qalxan zaman deyilən zikrlər istisnadır, onlar hərəkət zamanı söylənilir). Yəni həm namazın qiraəti (Fatihə və surə), həm rüku və səcdənin zikrləri, təşəhhüd və salam, həm də təkbirlər o zaman deyilməlidir ki, bədən aram (sakit) halda olsun. Hərəkət halında təkbirləri söyləmək bəyənilmir. Hətta təkbir deməzdən əvvəl əlləri qulaqların bərabərinə qaldıranda da gözləmək lazımdır ki, bədən aram hala gəlsin, sonra təkbirin sözləri deyilsin. Əhli-sünnə fiqhində üstün olan görüşə görə, namazda təkbir zamanı bədənin aram halda olması lazım deyil, əksinə, təkbirlər hərəkət zamanı deyilir. Yalnız namazın əvvəlində deyilən təkbir (iftitah – açılış təkbiri) zamanı əvvəlcə əllərin qulaq bərabərinə qaldırılıb, sonra təkbir deyilməsi bəzi sünni məzhəblərində qeyd edilir.

Daha çox xəbərlər