Gündəm 

Özgə atına minən tez düşər

30 il əvvəl Laçın şəhərində və kəndlərində zorla məskunlaşdırılmış ermənilər buradan məcburən çıxarılır

Ermənilərin qara günləri hələ bundan sonra başlayacaq. Çünki avqust ayının sonundan başlayaraq Laçın şəhərində və Laçın rayonun kəndlərində zorla məskunlaşdırılmış ermənilər bu əraziləri tərk etmək məcburiyyətindədirlər. Qeyd edək ki, erməni silahlı dəstələri 1992-ci il may ayının 18-də Laçını işğal etmişdilər. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Laçının bir neçə kəndi işğaldan azad olunub. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb.

Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyündən Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb. Ona görə də Laçının tamamilə Azərbaycana qaytarılması üçün buradan yan keçən yeni avtomobil yolunun  çəkilməsi planlaşdırılmışdı. Artıq həmin yol hazırdır. Yeni avtomobil yolunun uzunluğu 32 kilometr təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2×2.5 (5 m) metr təşkil edir.

Yeni yol dəhliz kimi istifadə olunacaq. Bundan sonra Laçın şəhəri daxil olmaqla rayonun Ağanus, Sus və Zabux kəndləri Azərbaycanın ixtiyarına veriləcək. Laçın şəhər mərkəzində və Zabux kəndində fəaliyyət göstərən Rusiya sülhməramlı qüvvələri artıq yeni çəkilmiş yolun mühafizəsini təşkil etməklə məşğul olacaqlar.

Burada mühüm məsələlərdən biri odur ki, Laçın şəhərindən yan keçən dəhlizin tikintisi artıq Azərbaycan dövləti tərəfindən başa çatdırılıb. Ermənistan da bu yolun öz ərazilərindən başlayan hissəsini tikməyə başlayıb. Bu barədə Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyindən bildirilib.

Təəssüf ki, ermənilər tərk edəcəkləri ərazilərdə vandallıqlarından geri qalmır, ekoloji cinayətlərini yenidən davam etdirirlər. Belə ki, 2020-ci ilin dekabr ayında həm Laçın, həm də Kəlbəcərdən çıxarkən ermənilər tərəfindən həyata keçirilmiş vandalizm bu gün Laçın şəhərində və ətraf kəndlərdə də təkrarlanmaqdadır. Onlar 1992-ci ildə işğal etdikləri və azərbaycanlılara məxsus olan evləri yandırmaqda davam edirlər. Təbii ki, bu, bir tərəfdən Azərbaycan ərazilərində yanğınların baş verməsi, digər bir tərəfdən isə Azərbaycan ərazisində ermənilərin indiyə qədər apardıqları vandal siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Ən dəhşətlisi isə odur ki, onlar bu yanğınları Rusiya sülhməramlılarının gözü qarşısında həyata keçirirlər. Halbuki, onların xidməti vəzifəsinə ermənilərin vandallığına mane olmaqda daxildir. Ona görə də Rusiya sülhməramlıları bu prosesin qarşısını dərhal almalıdırlar. Çünki bu torpaqlar Azərbaycanın əbədi-əzəli torpaqlarıdır və onun üzərindəki bütün əmlaklar da xalqımıza məxsusdur.

Təbii ki, Azərbaycan dövləti həmişə bu vandallıqla bağlı beynəlxalq ekoloji təşkilatları nəinki məlumatlandırıb, hətta onlardan ermənilərə qarşı sərt tədbirlər görməyi tələb edib. Eyni zamanda, dövlətimiz ermənilərin işğal etdikləri torpaqlarımızda törətdikləri ekoloji terror və vəhşiliklə bağlı hesablamalar aparmışdır. Hesablamaya görə, Ermənistan 30 illik işğal dövründə ölkəmizə təqribən 50 milyard dollar ziyan vurmuşdur. Ona görədə bu barbar ölkəyə qarşı beynəlxalq məhkəmələrdə təzminat davası irəli sürülmüşdür.

Düzdür, Ermənistan bu gün dilənçi durumunda olan bir ölkədir. Ancaq beynəlxalq hüququn vasitəsi ilə onlar bu  təzminatı gec-ya tez ödəməli olacaqlar. Məhz bu gün Laçın şəhərində baş verən yanğınlar və dağıntılar da həmin hesabata salınmalıdır ki, onların vəhşiliyinin miqyası dünya ictimaiyyətinə daha aydın şəkildə məlum olsun.

Laçını və ətraf kəndləri tərk edəcək ermənilər Ermənistana da getmək istəmirlər. Onlar Ermənistandakı aclıqdan və səfalətdən xəbərdardırlar və bilirlər ki, orada evsiz-eşiksiz, üstəgəl işsiz qalmaqla ölümə məhkumdurlar. Ona görədə xarici ölkələrə müraciət edərək onlara vətəndaşlıq verilmələrini istəyirlər. Hətta bəzi erməni ailələri Ermənistana köçməkdənsə ölməyi daha üstün tuturlar. Həmin ermənilər Ermənistanın baş naziri Nikol Paşinyandan və terrorçu başı Arayik Arutuyundan nifrət etdiklərini açıq şəkildə bildirməklə onları təhqir edirlər.

Xankəndidə yaşayan ermənilər də Azərbaycan Prezidenti İlham Əliyevə sosial şəbəkələr üzərindən video- müraciət də ünvanlayıblar. Həmin ermənilər yalvarırlar ki, onlara Azərbaycan vətəndaşlığı verilsin və onlar Azərbaycanın Xankəndi şəhərində Azərbaycan vətəndaşı kimi işləməyə və yaşamağa hazırdırlar. Qeyd edək ki, bu müraciətlərin sayı gündən- günə artmaqdadır və bu bir daha göstərir ki, ermənilər artıq ölkəmizin hərbi və iqtisadi gücü qarşısında acizdirlər. Əmindirlər ki,  Azərbaycan dövləti tezliklə Xankəndidə, Ağdərədə, Əsgəranda, Xocalıda öz üçrəngli bayrağını yüksəldəcək. Çünki Xankəndidəki separatçı və terrorçu rejimin məhvinə çox az qalıb. Necə deyərlər, özgə atına minən tez düşər.

Sonda xüsusi vurğulamaq lazımdır ki, bu vətənsizlər əsrlər boyu eşşək palanı üzərində həyat sürməyə, köç etməyə məhkum xalqdır.  Biz isə onların əksinə olaraq Ağalı kəndinə zurna-balabanla, el şənliyi ilə qayıtdıq. Demək, qısa zamanda Xankəndinə, Xocalıya, Ağdərəyə, Əsgərana da elə qayıdacağıq.

Daha çox xəbərlər