Əsas səhifə 

Dost da bilsin, düşmən də: Azərbaycan-Türkiyə birliyi sarsılmazdır!

Dövlət başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə dost ölkəyə işgüzar səfəri qardaşlığın sarsılmazlığının, hər zaman bir yerdə olduqlarının, bütün tarixi məqamları birlikdə qeyd etdiklərinin  növbəti təqdimatıdır

“Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.” Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həm xalqımız, həm də bütün dünya bunu  İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk gündən dünyaya  «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır» mesajını çatdırdı.

44 günlük Vətən müharibəsinin hər günü tariximizə Qələbə səhifəsi kimi yazılmaqla yanaşı, Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının dünyaya təqdimatı oldu. Çünki  bu sevinci Azərbaycan necə yaşadısa, qardaş Türkiyə də eyni şəkildə yaşadı. Tarixə qısa baxış əsasında dövlət başçısı İlham Əliyev  bu reallığı  qeyd edir ki,  bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik.

2018-ci ildə Bakının erməni işğalından azad edilməsinin 100 illiyinə  həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxdılar.  Bunun təkrarı  2020-ci  10 dekabr  tarixində  Zəfər paradında yaşandı. Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daha bir əyani nümunəsi oldu. Bütün dünya bir daha gördü ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq.

2021-ci il  15 İyun – Milli Qurtuluş Günündə  Şuşada Azərbaycan-Türkiyə müttəfiqliyini təsdiqləyən sənədin imzalanması mərasimi keçirildi. Dünyaya Şuşa Bəyannaməsi kimi səs salan bu sənəd iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafını özündə ehtiva edir.  Hər zaman Azərbaycanın, Prezident İlham Əliyevin yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin oktyabrında Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etdi. Rəcəb Tayyib Ərdoğan Qarabağımıza ilk səfər edən, həmçinin ilk xarici uçuşu həyata keçirən dövlət başçısıdır. Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Zəngilana səfər edən iki dost qardaş ölkənin Prezidentləri Ağalı kəndində «ağıllı  kənd» layihəsi çərçivəsində görülən işlərlə tanış oldular, eyni zamanda, «Dost Aqropark»ın təməlini qoydular. «Dost Aqropark» Azərbaycan və Türkiyənin birgə həyata keçirəcəyi investisiya layihəsidir. O da məlumdur ki, Füzuli Beynəlxalq Hava Limanı da Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə səyləri nəticəsində tikilib istifadəyə verildi. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa-qurculuq işləri başlanan zaman dost ölkələrin bu işlərə cəlb ediləcəyini bildirmişdir. Qardaş Türkiyə bərpa-quruculuq işlərinin uğurla həyata keçirilməsində ölkəmizə hər bir dəstəyi göstərməyə hazır olduğunu bildirdi. Rəcəb Tayyib Ərdoğanın 10 dekabr 2020-ci ildə Zəfər paradında səsləndirdiyi  «Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!» fikirləri də postmünaqişə dövründə iki müttəfiq, qardaş ölkənin görəcəyi işlərin anonsu kimi dəyərləndirildi.

«Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində» söyləyən dövlət başçısı İlham Əliyev Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının növbəti təzahürü olan  “TEKNOFEST Azərbaycan» Aerokosmik və Texnologiya Festivalında bir daha bildirdi ki, bu,  bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır: «Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar.»

Bu gün isə dünyanın diqqəti Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə avqustun 8-dən 12-dək davam edəcək  “2023- Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransına, eyni zamanda, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına, dövlət başçısı İlham Əliyevin Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə işgüzar səfərinə yönəlib.

Öncə Səfirlərin konfransına nəzər salaq. Daim vurğulandığı kimi, hər bir tədbir məkanı ilə yanaşı, müzakirə olunacaq mövzu baxımından da diqqətçəkəndir. «Müdrik və mərhəmətli türk diplomatiyası» özündə bütün məqamları ehtiva edir.  Bu mühüm məqam xüsusi xatırlanır ki,  erməni terror təşkilatları tərəfindən 1973-1984-cü illərdə xarici ölkələrdə fəaliyyət göstərən türk diplomatları və ailələri geniş miqyaslı terror hücumlarına məruz qalıblar. Məqsədli və amansızcasına törədilən 90 terror aktı nəticəsində 41 türk diplomat və ailə üzvü şəhid olub. Türkiyə diplomatiyası XX əsrin sonunda ən çox sayda və ağır nəticələr verər terror aktları ilə üz-üzə qalıb. Təəssüf ki, türk diplomatlarına qarşı bu bəşəri cinayətləri törədən erməni terrorçuların əksəriyyəti sonralar müxtəlif bəhanələrlə həbsdən azad ediliblər. Daha bir təəssüfləndirici vəziyyət isə Ermənistanın həmin terrorçuları qəhrəmanlaşdıraraq terrora dəstək verməkdə davam etməsidir.

Azərbaycan və Türkiyə hər zaman dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalıblar. Bu fakt dünya ictimaiyyətinə də çox yaxşı bəllidir ki, Azərbaycana qarşı  əsassız torpaq iddiası irəli sürən ermənilər qardaş Türkiyəyə qarşı qondarma «erməni soyqırımı» məsələsini qabardır, yalanları, ən əsası himayədarlarının dəstəyi ilə  həqiqətləri ört-basdır etməyə səy göstərirlər. Təəssüf doğuran hal budur ki, bəzi dünya gücləri tarixi faktları bir kənara qoyub, ədaləti  maraqlarının arxasında əritməklə «erməni soyqırımı»nı nəinki tanıyıb, hətta bunu digər dövlətlərdən də tələb edirlər. Fransa kimi dünyanın güc mərkəzi, ən əsası dünyada ədalətin, beynəlxalq hüququn bərpasında öz sözünü deyən BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri «erməni soyqırımı»nı tanıdı, hətta, Senatda bunu tanımayanlara qarşı cəzanın tətbiqi ilə bağlı layihəni müzakirəyə çıxardı. Bu qondarma «erməni soyqırımı» məsələsindən Türkiyənin Avropa İttifaqına üzv qəbul olunmasında bir təzyiq vasitəsi kimi bəhrələnir, qardaş ölkənin quruma üzv qəbul olunması üçün bu əsassız iddianı qəbul edəcəyinə hələ də ümidlər edilir. Amma reallıq göz önündədir. Rəsmi Ankara belə bir addımın mümkünsüzlüyünü hər zaman bəyan edir və dəyişməz mövqeyi göz önündədir. Azərbaycan dövləti Avropa İttifaqının  Türkiyə kimi güclü, qüdrətli dövlətə ehtiyacı olduğunu əsaslı şəkildə bəyan edir. İki qardaş ölkənin bütün beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmələri dünyanın diqqətindən kənarda qalmır. Azərbaycan və Türkiyənin bir-birlərinə qardaş dəstəyi bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Dövlət o zaman güclü, qüdrətli olur ki, onun  sabahını, gələcəyini düşünən, xalqını daim irəli aparan lideri vardır. «TEXNOFEST Azərbaycan» festivalında dövlət başçısı İlham Əliyevin  «Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var – o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim, Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır» fikirləri də deyilənlərin təsdiqidir.

Son iki ilə yaxın dövrdə hər bir beynəlxalq səviyyəli tədbirdə,  hər bir çıxışında Azərbaycanın tarixi Zəfərindən böyük sevinclə, qürurla bəhs edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransında çıxışında  «Ədalətsizliyə son qoymaq Azərbaycan Silahlı Qüvvələrinə nəsib oldu» söyləyərək onu da əlavə etmişdir ki,  təxminən 30 il sürən işğal, qətliam və soyqırımı siyasəti qarşısında təəssüf ki, beynəlxalq ictimaiyyət qanunlara uyğun heç bir təsirli addım atmadı. Azərbaycanlı qardaşlarımız həm işğalın, həm də itkilərin acısı ilə yaşamaq məcburiyyətində qalmışdı. Bu ədalətsizliyə son qoymaq Türkiyənin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinə nəsib oldu. Qırx dörd gündə dastan yaradan mübarizə ilə şükürlər olsun ki, Qarabağ yenidən azadlığına qovuşdu, 30 illik işğal sona çatdı.

Mövcud anlaşmalarla Cənubi Qafqazda yeni bir dövrün başladığını, yaranmış tarixi fürsətin boşa getməməsi üçün ciddi səylər göstərdiklərini xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan vurğulamışdır ki,  Azərbaycanla birlikdə sıx məsləhətləşmə əsasında ciddi addımlar atıldı. Erməni radikal dairələrinin təxribatlarına baxmayaraq, sülh istiqamətində mühüm yol getdik. Ermənistanın prosesləri düzgün dəyərləndirərək Türkiyə və Azərbaycanın səmimi çağırışlarına qarşılıq verməsi ilə bölgəmizdə qısa zamanda sabitliyin yaranacağına inanıram. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünyada sülh və sabitliyin qorunması üçün diplomatiyanın qarşısında dayanan vəzifələrdən danışaraq bildirmişdir ki, Can Azərbaycanın Zəfərinin yaratdığı münbit şəraitdən davamlı sülh üçün istifadə edirik. Xüsusi nümayəndələrimiz Ermənistanla danışıqları davam etdirirlər. Son günlər bölgədə baş verən gərginlik mövcud sakitliyin nə qədər kövrək olduğunu göstərdi. Dost da, düşmən də bilsin ki, Can Azərbaycan heç zaman yalnız deyil! Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov
hazırda ən yüksək mərhələdə olan Azərbaycan-Türkiyə münasibətlərinin nümunə təşkil etdiyini bildirmişdir. O,  Azərbaycan xarici işlər nazirinin dünyanın 144 ölkəsində təmsil olunan diplomatik missiya rəhbərlərinin, Türkiyə səfirlərinin konfransında çıxışının əlaqələrin ən yüksək səviyyəsinin göstəricisi olduğunu qeyd edərək ölkələrimiz arasında əlaqələrin gələcək inkişafı üçün geniş imkanların mövcudluğunu faktlar əsasında diqqətə çatdırmışdır.

Təbii ki, bütün dövrlər üçün aktuallığını qoruyan əsas çağırış budur ki, ermənilərin və erməni diasporunun apardığı qərəzli təbliğatlara qarşı fəal mübarizəmizi davam etdirək, birliyimizi, həmrəyliyimizi atdığımız addımlarla təsdiqləyək. O da məlumdur ki, iki müttəfiq ölkənin mətbuatının birgə fəaliyyətinin təşkili  öz aktuallığını imzalanan Memorandumda, Ortaq Media Platformasının yaradılmasında öz təsdiqini tapdı.

Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu bütün sahələrdə özünü nümayiş etdirir. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin təminatçısı kimi dəyərləndirilir. Hər iki ölkənin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələrinin coğrafiyasının genişlənməsi, regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması dövlətlər, xalqlar arasında birliyi, həmrəyliyi, dostluq körpüsünü daha da möhkəmləndirir. Hər zaman adları birgə çəkilən Azərbaycan və Türkiyə sözlərinin imzaları qədər əhəmiyyətli olduğunu, hər bir məsələdə ədalətə və beynəlxalq hüquqa önəm verdiklərini atdıqları addımları ilə dünyaya nümayiş etdirirlər. Ədalətin, beynəlxalq hüququn qorunduğu məkanda etimad mühiti də yüksək səviyyədə olacaq. Bunun üçün  «Gücümüz birliyimizdədir»  bəyan edən dövlət başçısı İlham Əliyevin bütün türk dünyasının birliyi, həmrəyliyi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Türk Şurasına sədrliyi dövründə ölkəmizin bu birliyə verdiyi töhfələr təqdirəlayiqdir. Sədrlik qardaş ölkəyə verilərkən bu inam da ifadə edildi ki, Türkiyə öz potensial imkanlarından, mövqeyindən, qüdrətindən bəhrələnərək bu birliyi daha da möhkəmləndirəcək. Bircə faktı qeyd etmək kifayətdir ki, dövlət başçısı İlham Əliyev ötən il   «Türk Dünyasının Ali Ordeni»nə layiq görülmüşdür. Bu  qərar Türkdilli ölkələrin Dövlət Başçıları Şurasında qəbul olunmuşdur. Qərarda deyilirdi:  “Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Prezident İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması haqqında qərar qəbul etmişdir.»

Dövlət başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri münasibətlərin inkişafına öz töhfəsini verəcək. Hər bir səfər əlaqələrin inkişafında yeni mərhələ, gələcək prioritetlərin müəyyənləşdirilməsində mühüm hadisədir.  Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları təbii ki, idman tədbiri olmaqla yanaşı, dünyaya birlik, həmrəylik, dostluq, qardaşlıq mesajıdır. İslam dünyasının birliyi bütün dövrlər üçün öz aktuallığını qoruyur. 2017-ci ildə Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə yanaşı,  2017-ci il ölkəmizdə «İslam  Həmrəyliyi İli» elan edilmişdir. 57 ölkənin idmançılarını bir araya gətirən IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın bu sahədə də malik olduğu  imkanları, təcrübəni dünyaya təqdim etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Azərbaycan Prezidentinin qardaş ölkəyə işgüzar səfəri çərçivəsində  Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarını birgə  izləmələri də bu qardaşlığın sarsılmazlığının, hər zaman bir yerdə olduqlarının, bütün tarixi məqamları birlikdə yaşadıqlarının  növbəti nümunəsidir. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 28 May- Müstəqillik Günündə ölkəmizdə keçirilən tədbirlərdə dövlət başçısı İlham Əliyevlə birgə iştirakı, həmçinin «TEXNOFEST Azərbaycan» festivalında söylədiyi   «Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq. Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?» fikirləri  münasibətlərimizin gələcək inkişafının təqdimatı, həmçinin bu dostluğun dünyaya nümunə olduğunun təsdiqidir.

Daha çox xəbərlər