Xəyallarla yaşamasınlar: “Status” və müstəqillikdən söhbət gedə bilməz!
Avqustun 12-də Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibədə çox maraqlı məqamlar olmaqla bərabər, Ermənistana yönəlik sərt mesajlar da ünvanlanıb. Bu mesajlarda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair aparılan danışıqların məzmununun bəzi detalları da ictimaiyyətə açıqlanıb.
Qeyd edək ki, 44 günlük tarixi Zəfərimizdən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanat ölkəmizin qələbəsini və hərbi üstünlüyünü təsdiq etməklə bərabər, təcavüzkar Ermənistanın kapitulyasiyasını da rəsmiləşdirdi. Həmin sənəddə göstərilib ki, Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalı və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Lakin Ermənistan hər zaman olduğu kimi, qeyri-konstruktiv mövqe göstərməklə Bəyanatın imzalanmasından keçən 2 ilə yaxın müddətə baxmayaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən boyun qaçırıb, qeyd edilən müddətdə dəfələrlə təxribat törədib. Onların törətdikləri növbəti təxribata qarşı avqustun 3-də Azərbaycan Ordusunun apardığı «Qisas» antiterror əməliyyatı Ermənistanı yenidən diz çökdürdü. Məhz bu amili xüsusi dəyərləndirən Müzəffər Ali Baş Komandanımız bildirib ki, «Qisas» antiterror əməliyyatından sonra Ermənistan növbəti dəfə Azərbaycanın diqtə etdiyi şərtlər qarşısında boyun əymək məcburiyyətində qaldı. Azərbaycan bu əməliyyatla həm Ermənistana, həm də onun havadarlarına dəmir yumruğun yerində olduğunu növbəti dəfə göstərdi.
Digər mühüm məqam odur ki, Laçın dəhlizinə alternativ marşrutun inşasının yekunlaşması ərəfəsində ermənilərin Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaltmaq üçün Azərbaycan dövlətindən vaxt istəməsi də artıq Ermənistan hakimiyyətinə inamın azaldığının sübutlarından biridir. Azərbaycan dövləti isə Prezident İlham Əliyevin vurğuladığı kimi, hər zaman humanizm prinsiplərinə sadiq qalır.
Müsahibədə ölkəmizin başçısı Qarabağda yaşayan ermənilərə açıq şəkildə bildirib ki, status və ayrıca müstəqillikdən söhbət gedə bilməz: «Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə…»
Ali Baş Komandanımızın ortaya qoyduğu qətiyyətli mövqe onu göstərir ki, Azərbaycan dövləti bu məsələlərdə yeni və daha ciddi mərhələyə start verib. Artıq ermənilər də anlayırlar ki, Azərbaycanın haqq işini yalançı vədlərlə, müxtəlif manevrlərlə ləngitmək mümkün deyil. Azərbaycan dövləti qəti addımlarla öz planlarına doğru inamla irəliləyir. Prezident İlham Əliyevin Ermənstana üvanladığı mesajda aydın şəkildə ifadə olunur ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidirlər: «Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq”.»
Təbii ki, bu mesajlar yalnız Ermənistan hakimiyyətinə ünvanlanmayıb. Həmçinin Ermənistanda hakimiyyətə gəlmək istəyən revanşistlərə açıq hədədir. Məlumdur ki, əsasən, «Qarabağ klanı»nı təmsil edən keçmiş prezidentlər Koçaryanla Sarkisyanın əsas iddiaları belədir ki, guya yenidən hakimiyyəti ələ keçirsələr Ermənistanın məğlub baş naziri Nikol Paşinyanın İlham Əliyevlə imzaladığı bütün sənədləri qeyri-legitim, qanunsuz hesab edəcəklər.
Lakin Prezident İlham Əliyev müsahibəsində erməni cəmiyyətinə qətiyyətlə bildirir ki, xəyallarla yaşamasınlar. Çünki nə indi, nədə illər sonra belə şey gözlənilmir və olmayacaq. 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatının müddəaları bütünlüklə reallaşacaq, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı bənd hər cür müqavimətə rəğmən gerçəkləşəcək! Əks təqdirdə, müharibə qaldığı yerdən davam edə, erməni xalqı yeni fəlakətlərə tuş gələ bilər: «İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar.»
Bir sözlə, Ali Baş Komandanımız erməniləri bir daha xəbərdar etdi və onları bölgədəki reallıqla, Azərbaycanın haqlı tələbləri ilə razılaşmağa çağırdı: «Yəni Azərbaycan hərbi cəhətdən nə qədər qüdrətli dövlət olsa da, qat-qat üstün gücə malik olsa da, müharibə istəmir, müharibə bizim hədəfimiz, məqsədimiz deyil. Hədəfimiz köhnə səhifəni tezliklə qapadıb sülh, barışıq, əməkdaşlıq içində, dinc, yanaşı yaşamaqdır… Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil… Onlar düzgün addım atmalı, başa düşməlidirlər ki, gələcəkləri ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.»

