Əsas səhifə 

Bəşəriyyətin ali ideallarına xidmət nümunəsi

Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Vaxt axarı çoxşaxəli fəaliyyət istiqamətləri olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətinə nəzər salmağı şərtləndirir. Azərbaycanın görkəmli yazıçısı Mircəlal Paşayevin ailə şəcərəsindən olan birinci xanım Mehriban Əliyeva peşəcə həkim olsa da heç vaxt ətrafında baş vermiş hadisələrə laqeyd qalmayan, ictimai-siyasi hadisələrə daim adekvat münasibəti olan bir ziyalıdır.

Mehriban xanım Əliyeva   1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə Azərbaycanın mədəni həyatında fəal rol oynamağa başlamışdır.  Bu da səbəbsiz deyil. Çünki Mehriban xanım Əliyevanın fəaliyyətində Azərbaycan mədəniyyətinin dünyada təbliği, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsi, Azərbaycanın sivilizasiyalararası dialoqda fəal iştirakı və rolu xüsusi bir yer tutur.  Bu baxımdan Azərbaycan Mədəniyyətinin Dostları Fondu  müstəqilliyimizin ilk illərində təsis edilmiş və artıq böyük təcrübəsi olan fondlardandır. Fondun əsas fəaliyyəti incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə daha geniş tanınması, Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiyası, yeni beynəlxalq əlaqələrin formalaşmasında mühüm rol oynamaqdır. Fond “Azərbaycan-İrs” jurnalının xüsusi buraxılışları ilə öz məqsəd və məramının gerçəkləşdirilməsinə tövhə vermişdir.

Mehriban Əliyeva həm ölkənin birinci xanımı, həm də Heydər Əliyev  Fondunun rəhbəri kimi ölkənin ictimai-siyasi həyatında fəal şəkildə iştirak edir. Bu, çoxşaxəli fəaliyyəti nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da yüksək qiymətləndirilir.  Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizin beynəlxalq miqyasda təbliği və daha yaxından tanıdılması istiqamətində həyata keçirilən tədbirlər böyük qürur hissləri doğurur. Mehriban xanımın beynəlxalq səviyyədə gördüyü işlər cavabsız qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara və mükafatlara layiq görülmüşdür. Onun hər bir uğuru Azərbaycanın nailiyyəti və yüksəkliyidir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın bu fəaliyyəti UNESCO və İSESCO kimi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirlimiş və hər iki təşkilat Ona özünün xoşməramlı səfir statusunu vermişdir. Mehriban xanım Əliyeva  2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun, 2006-cı ilin noyabrında isə humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə, qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyinə görə ISESCO-nun xoşməramlı səfiri seçilmişdir.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Mehriban xanım Əliyeva bir çox mükafatlara layiq görülüb. İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara, təhsilə diqqət və s. Mehriban Əliyevanın humanizm prinsiplərindən qaynaqlanır. Öz fəaliyyətində hər zaman üstün tutduğu xeyriyyəçilik fəaliyyətinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə töhfələrinə görə Mehriban Əliyeva Rusiyanın “Yüzilliyin mesenatları”  Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni ilə təltif edilib. Mehriban Əliyeva 2005-ci ildə ölkəmizdə “İlin qadını” adına, xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində əldə etdiyi yüksək nailiyyətlərinə görə 2007-ci ildə “Qızıl ürək” Beynəlxalq Mükafatına layiq görülüb. Azərbaycanın birinci xanımının dövlət başçısı İlham Əliyevin 2009-ci il 5 may tarixli Sərəncamı ilə “Heydər Əliyev mükafatı”na layiq görülməsi də Onun əzmkar fəaliyyətinə verilən ən layiqli qiymətdir. Mehriban xanım Əliyeva Rusiya Federasiyasının dünya şöhrətli İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professorudur.

Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində qızlar üçün orta məktəb binasının tikilməsi də şübhəsiz ki, ən nəcib təşəbbüslərdən biri kimi dəyərləndirlməlidir. Belə ki,  2005-ci ilin oktyabrında baş verən güclü zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbin şagirdləri dərslərini çadırlarda və açıq səma altında keçmək məcburiyyətində qaldıqları bir vaxtda   dəyəri 750 min ABŞ dolları olan layihə çərçivəsində qısa müddətdə tikilən, müasir tələblərə cavab verən yeni təhsil ocağı fəaliyyətini bərpa etmişdir. Mehriban xanımın təşəbbüsü ilə Pakistanda inşa edilən məktəb binası Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində xarici ölkədə tikdirdiyi ilk təhsil ocağıdır. 44 günlük Vətən müharibəsi zamanı Pakistan dövlətinin və xalqının bizə verdiyi möhtəşəm dəstəyin qazanılmasında şübhəsiz ki, Mehriban xanım  Əliyevanın strateji dostluq və əməkdaşlıq sahəsində apardığı əməli fəaliyyətin böyük təsiri danılmazdır.

Rusiyanın “LIVEJOURNAL” nəşri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirib: “Mehriban Əliyeva elə bir siyasətçidir ki, dünyanın hər yerində onun haqqında danışırlar və danışmaq istəyirlər. Heç şübhəsiz, Mehriban Əliyeva hazırda karyerasının zirvəsindədir. Lakin onun xarakterini, özünə inamını və son dərəcədə dözümlü olmasını nəzərə alaraq cəsarətlə deyə bilərik ki, kamilliyin son həddi yoxdur. Mehriban xanımın Azərbaycanda, Rusiyada və dünyanın digər ölkələrində inanılmaz dərəcədə populyarlığı əsl fenomendir”.

Birinci xanımın bəşər mədəniyyətinə verdiyi töhfələr beynəlxalq səviyyədə ən yüksək dairələrdə etiraf edilir. Latviyanın sabiq Prezidenti Valdis Zatlers Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini və liderlik xüsusiyyətlərini çox yüksək qiymətləndirir: “Bakı müxtəlif humanitar, mədəniyyətlərarası və dinlərarası sammitlərin keçirildiyi məkana çevrilib. Birinci vitse-prezident Mehriban Əliyeva bu proseslərdə fəal və vacib rol oynayır. Mən Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Forumu yaxşı xatırlayıram. Bu Forum 2008-ci ilin iyununda keçirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verir, eləcə də təkcə Azərbaycanda deyil, həm də bütün dünyada qadınları ruhlandırmaqla qadın liderliyinin parlaq nümunəsi kimi çıxış edir. Qlobal layihələrə, eləcə də təhsil, elm və mədəniyyətin inkişafına töhfələrinə görə Birinci vitse-prezident Mehriban Əliyeva Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı ilə təltif edilib”. V.Zatlers əlavə edir ki, Mehriban Əliyeva nümunəsi qadınları ictimai həyatda fəal iştiraka təşviq edir və bu, mükəmməl nümunədir: “Azərbaycan dövləti qadın hüquqları sahəsindəki tarixi ilə qürur duya bilər. Birinci vitse-prezident Mehriban Əliyeva öz nümunəsi ilə Azərbaycanın ictimai və siyasi həyatında qadınların artan rolunu nümayiş etdirən görkəmli şəxsiyyətdir”.

Azərbaycan xanımlarının ən parlaq nümunəsi olan Mehriban xanımın fəaliyyətində xalqa sədaqət, dövlətə xidmət ana xətt təşkil edir.  O, tarixi Zəfər qazandığımız Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın silahdaşı kimi daim Onun yanında oldu. Bu gün isə Birinci xanım Qələbədən sonra həyata keçirilən böyük bərpa-quruculuq işlərində dövlət başçısının böyük dəstəkçisidir! Bu dəstəyi hər sahədə müşahidə edirik. Bəşəriyyətin bəlasına çevrilmiş koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” aksiyasını həyata keçirtdi. Bu aksiya çərçivəsində aztəminatlı ailələrə yardımlar edilərək əsl vətəndaş həmrəyliyi nümunəsi ortaya qoyuldu. Ümumiyyətlə, Mehriban Əliyeva daim aztəminatlı ailələr və xüsusi qayğıya ehtiyacı olan şəxsləri diqqətdə saxlayır. Heydər Əliyev Fondu bu kateqoriyadan olan şəxslərlə bağlı mütəmadi  olaraq müxtəlif layihələr həyata keçirir. Respublika üzrə sosial yardım alan ailələrə Yeni il, Novruz və Ramazan bayramlarında sovqatlar çatdırılıb, sosial yardıma ehtiyacı olan minlərlə şəxs və ahıllar üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə xüsusi qayğı və həssaslıqla yanaşır. Heydər   Əliyev  Fondu  tərəfindən yüzlərlə Qarabağ   qazisinin  müalicəsinə  dəstək  göstərilib,  onların xaricdə   müalicəsinə   maddi  yardım  olunub. Mehriban xanım Əliyeva   tərəfindən  şəhid  ailələrinin  problemləri  daim  diqqətdə  saxlanılaraq  onlara  Fondun  vəsaiti  hesabına  mənzillər verilməsi, şəhid  övladlarının  təhsil  haqqının  ödənilməsi həyata keçirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə Qarabağ müharibəsi əlilləri yüksək texnologiyalı protezlərlə təmin olunublar. Göründüyü kimi Mehriban xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır.

Qədim dövrlərdən başlayaraq bugünə kimi Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sisteminin əsasında azərbaycançılıq ideyası təşəkkül tapmışdır. Azərbaycan tarixən çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınmış və bu üstün cəhətlər Azərbaycançılıq məfkurəsinin əsasını təşkil etmişdir. Böyük mütəfəkkirlərin, dövlət adamlarının, ictimai xadimlərin fəaliyyətində bu ideya zaman-zaman özünü göstərmişdir. Mehriban xanım Əliyeva Azərbaycanın məhz belə şəxsiyyətlərindəndir. O, həmişə  Ümummilli Lider Heydər Əliyevin ideya və ideologiyasına sadiq qalaraq  üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, ölkəmizin sürətli inkişafına, davamlı uğur qazanmasına mühüm töhfələr verir.

Daha çox xəbərlər