Bölgə Region Xəbərləri 

Vəfatından 17 il keçsə də seyidin ocağına ziyarətlər bu gün də davam edir

Bərdənin müqəddəs yerlərindən biri də Seyid Yusif Ağanın ocağıdır. Tək Bərdədən yox, Azərbaycanın bütün bölgələrindən bura ziyarətə gələnlər olur. Niyyət edib gələnlər arzularına çatdıqlarından dəfələrlə bu sınanılmış ocağa gəlir, qurbanların burada kəsirlər.
Seyid Yusif Ağa ocağına inam hələ Sovet hökumətinin din əleyhinə ciddi qadağalar olan dövrlərdə də insanların ehtiram göstərdiyi müqəddəs ocaqlardan olub. Seyid Yusif ağanın kəraməti eldən elə yayılıb. Onun adını çəkənlər çətinliklərdən qurtulub, həyatlarında rahatlıq tapıblar. Bunun da sayəsində Seyid Yusif Ağanın ocağına inam getdikcə artıb. Könüllərdə ağaya məhəbbət yaranıb.
İllərlə Seyid Yusif Ağaya olan məhəbbətə görə Azərbaycanın hər yerindən Bərdənin Canavarlı kəndinə gəlib gedənlərin ardı arası kəsilməyib. Seyid Yusif Ağanın sağlığında ziyarətə gələnlər onun nurani çöhrəsinə nəzər salmaqla, maraqlı söhbətlərinə qulaq asmaqla bu ocaqdan könüllərinə fərəh doldurub qayıdırdılar, sanki. Seyid Yusif Ağa ilə həmsöhbət olub, onunla ünsiyyətdə olmaq insanların müsbət enerjilərini artırmış olurdu. Ocağa psixoloji cəhətdən yüklə gələnlər buradan qayıdanda özlərini çox xoşbəxt hiss edirdilər. Ocağın əsl möcüzəsi də elə bunda idi.
17 il əvvəl Seyid Yusif Ağa ömrün ixtiyar yaşına çatıb, dünyadan köçəndən sonra da həmişə olduğu kimi bu müqəddəs ocağa inam sarsılmadı. Seyidin nəvəsi Seyid Səbuhi ağa bu ənənəni davam etdirməli oldu. İndi həmişə olduğu kimi yenə də ziyarətə gələnlər çox olur. Kimisi Allahın adını çəkib, seyidin cəddinə nəzir gətirir, kimisi də qurbanın gətirib, burada kəsir. Hamı da böyük inamla niyyətinin yerinə yetməsinə inanır. Təkrar bura gələnləri görəndə bir fikir yaranır. Deməli insanların niyyətləri gerçəkləşib. Ona görə Seyid Yusif Ağa ocağına olan inam sarsılmır, həmişəki kimi and yeri olaraq qalır.
Onu da qeyd edək ki, Seyid Yusif Ağanın yaşadığı Canavarlı kəndi indi Seyid Yusifli adlanır.

Daha çox xəbərlər