Şuşanın tarixi əzəməti özünə qaytarılır
Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. 28 il davam edən işğal müddətdinə erməni vandallarının dağıntılarına məruz qalmasına baxmayaraq bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu unikal şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. «Şuşa İli» Azərbaycanın tarixən mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından da çox önəmlidir.
İlk növbədə məqsəd Qarabağın tarixini dünya ictimaiyyətinə yeni çalarlarla çatdırmaqdır. İl ərzində bütün qurumlar – dövlət, özəl, qeyri-hökumət təşkilatları, media nümayəndələri Şuşa şəhərinin Qarabağ xanı Pənahəli xan tərəfindən əsasının qoyulmasının 270 illik yubileyini təntənəli şəkildə qeyd edəcəklər. Bu tədbirlərin hər birində Şuşanın yaranması, onun paytaxt və əsas şəhər olaraq Qarabağın və bütövlükdə Azərbaycanın iqtisadi, mədəni həyatında oynadığı rol, işğal dövründə məruz qaldığı vandallıq, Azərbaycan Ordusunun şəhəri işğaldan azad edərkən göstərdiyi misilsiz qəhrəmanlıq və digər vacib məsələlər haqqında ətraflı məlumat veriləcək. Eyni zamanda, bu barədə yeni-yeni kitablar və nəşrlər çap olunacaq, filmlər çəkiləcək. Hazırkı postmünaqişə dövründə bu məlumatların yayılması bir tərəfdən Qarabağın əsl sahibinin kim olduğunu dünya ictimaiyyətinə bir daha təqdim edəcək, digər tərəfdən, uzun illər tarixi saxtalaşdırmağa cəhd edən erməniləri və onların yalanlarını əyani faktlarla ifşa edəcək.
Daha sonrakı məqsədimiz isə Qarabağdakı quruculuq prosesini və Qarabağa qayıdışı sürətləndirməkdir. 2022-ci ilin “Şuşa İli” elan olunması həm də o deməkdir ki, il ərzində əsas diqqət və resurslar ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın bərpasına və yenidən qurulmasına yönəldiləcək. Təbii ki, bütün bunlar imkan verəcək ki, Şuşa və ətraf ərazilərə əhalinin qayıtması üçün bütün lazımi imkanlar yaradılsın və orada normal həyat bərpa edilsin. Bu halda 2022-ci ili Qarabağa qayıdışın önəmli mərhələsinin başlanğıc ili kimi də qəbul edə bilərik.
«Şuşa İli» çərçivəsində görülən işlərin nəticəsi olaraq bu gün şəhər böyük tikinti-quruculuq sahəsini xatırladır. Bu gün biz azad Şuşada həyatı dirçəldirik. Binalar, evlər, tarixi abidələr bərpa olunur, küçələrdə abadlıq işləri aparılır. Bir sözlə, şəhərə həyat yenidən qayıdır. Prezident İlham Əliyevin də dediyi kimi, “Bu gün Qarabağ dirçəlir. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoyulmuşdur. Biz, bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik”.
İgidlərimiz bu ərazidəki cığırlarla üzü Şuşaya zəfər yürüşü etdikləri, bizi isə xəyallarımıza aparacaq olan, Prezident İlham Əliyevin Zəfər yolu adını verdiyi yol artıq ötən ildən bizi Şuşaya qovuşdurur. Bu yol Füzulinin Əhmədbəyli kəndindən başlayaraq Şuşa şəhərinə qədər uzanır. Yolun layihə uzunluğu 101,9 kilometrdir. İki hərəkət zolağından ibarət olan yol ötən ilin oktyabr ayının axırlarında istifadəyə verildi. Şuşaya çəkilən ikinci avtomobil yolunun isə uzunluğu 81,6 kilometrdir və bu yol dörd-altı hərəkət zolağından ibarətdir. Yol üzərində körpü və tunellər çəkilməsi nəticəsində yüksək sürət təmin ediləcək və Zəfər yolu ilə müqayisədə 20,3 kilometr qısa olacaq. Bu yolun isə 2024-cü ildə başa çatdırılması nəzərdə tutulub. Bir sözlə, zirvələrə aparan yollarımız davamlıdır.
Şuşanın elektrik təsərrüfatı bərpa edilib, buraya yüksəkgərginlikli xətlər çəkilib, yarımstansiya tikilib. Düşmənin Şuşada dağıtdığı su xətləri bərpa olunub. Natəvan bulağı əvvəlkindən də daha gözəl vəziyyətə gətirilib. Heydər Əliyev Fondu tərəfindən məscidlər əsaslı təmir davam edir. “Xarıbülbül” və “Qarabağ” otelləri yay aylarından istifadəyə verilib. Daha bir beşulduzlu otel tikilir. Bu tədbirlərin ən önəmlisi yeni yaşayış kompleksinin inşasına başlanılmasıdır.
“Şuşa İli” qədim şəhərin inkişafına çox güclü təkan olacaq. Bu qərarla Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin beynəlxalq aləmdə təbliği daha da genişlənəcək. Şuşada çörək zavodu, üç market, restoranlar işləyir. Hələlik qrup halında doğma şəhərin ziyarətinə gələnlər çoxdur, amma tezliklə bura həmişəlik köçəcəklər.
İl ərzində Şuşada yerli və beynəlxalq tədbirlərin, konsert və festivalların, yeni filmlərin çəkilişi planlaşdırılır. Keçiriləcək növbəti tədbirlər “Şuşa-2022” beynəlxalq incəsənət festivalı, “Şuşa yaradıcılıq emalatxanası” layihəsi, “Televiziya Muğam Müsabiqəsi-2022”nin final mərhələsinin və qaliblərin Qala-konserti, Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş silsilə tədbirlər, “Şuşa İli”nə həsr olunmuş çövkən oyunu üzrə turnir, “Wonderland-Azerbaijan 2022” beynəlxalq skaut düşərgəsi, şahmat turniri, “İşıq festivalı. Şuşa” adlı audiovizual layihə, Mədəniyyət Nazirliyinin və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə “Youth Art Camp Shusha” adlı beynəlxalq layihənin təşkili, Şuşa ətrafında “Yaşıl qurşaq” yaratmaq məqsədilə ağacəkmə aksiyalarının təşkili və meşə bərpa işlərinin aparılması tədbirlərdir ki, bunlar artıq Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Erməni işğalından azad olunan Şuşa bu gün azad nəfəs alır, gündən-günə inkişaf edir. Bu qədim türk yurdunun tarixi əzəməti özünə qaytarılır, işğaldan əvvəlki xoşbəxt zamanlarına qovuşur.

