Siyasət 

İdarəetmə işinin ustadı və siyasətin kamil bilicisi

Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sübut etmişdir. Həmin illərdə Azərbaycanda dövlət quruculuğunda, iqtisadiyyatda, elmdə, mədəniyyətdə, bir sözlə müxtəlif sahələrdə böyük nailiyyətlər qazanılmış, coşqun bir tərəqqi dövrü yaşanmışdır. Məhz bu illərdə milli və mənəvi dəyərlərin qorunub saxlanılmasında, dövlətçilik, o cümlədən parlamentarizm ənənələrinin inkişafı istiqamətində əməli addımlar atılmış, xalqın intellektual keyfiyyətlərinin meydana çıxması üçün əsaslı zəmin yaradılmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra görkəmli dövlət xadimi Heydər Əliyevin çoxcəhətli siyasi fəaliyyəti daha geniş miqyas almış, sistemli, ardıcıl və açıq xarakter daşımışdır. 1990-cı ilin şaxtalı qış günlərində Moskvadakı Azərbaycan Daimi Nümayəndəliyinə gələrək respublikada 20 Yanvar faciəsi törətmiş Sovet ittifaqı rəhbərliyini kəskin şəkildə ittiham edən qətiyyətli bəyanatla çıxış etməsi Heydər Əliyevin müstəqillik uğrundakı mübarizəsində xalqımız üçün böyük əhəmiyyət kəsb edir. Bundan sonra taleyin hökmü ilə doğulub boya-başa çatdığı Naxçıvanda yaşayıb-işləməsi onun doğma xalqının dövlət müstəqilliyi uğrunda mübarizəsinə rəhbərlik etməsinə meydan açmışdır. Qarabağ savaşının çətin, mürəkkəb dövründə o, Naxçıvan Muxtar Respublikasının əhalisini öz ətrafında birləşdirərək Azərbaycanın bu qədim diyarını erməni işğalından xilas etmişdir. Heç tərəddüd etmədən demək olar ki, Ermənistanın təcavüzündən xilas olunmuş Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin müstəqil Azərbaycana mühüm ərməğanı, böyük xidmətidir. Əslində, onun Naxçıvana qayıdışı da taleyin hökmü, Ulu Öndərin xilaskarlıq missiyasının növbəti mərhələsi idi. Çünki o vaxt çox ağır şərtlər altında olan Naxçıvanın işğal edilməsi erməni separatçılarının və onların havadarlarının Azərbaycana qarşı məkrli planlarında ilk sıralarda dayanırdı. Məhz Heydər Əliyev Naxçıvana qarşı işğal planlarını alt-üst edərək muxtar respublikanı qorumağa nail olmuşdur. Naxçıvan parlamentində böyük öndərin sədrliyi ilə əsas milli dövlətçilik atributu olan üçrəngli bayrağın Azərbaycan Respublikasının dövlət rəmzi kimi qəbul edilməsi müstəqillik dövrü tariximizin ən şanlı hadisələrindən biridir.

Ulu Öndərin keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə dərin özüllər, neft emalı və maşınqayırma zavodları kimi gələcəyə hesablanmış 250-dən çox strateji obyekt istifadəyə verildi və bununla da Azərbaycanda əvvəlki 50 ildə mövcud olmuş 735 iri sənaye müəssisəsinin sayı 1982-ci ilədək 1048-ə çatdırıldı, respublikada buraxılan 350 adda sənaye məhsulu dünyanın 65 ölkəsinə ixrac edildi. Bütövlükdə, 14 il ərzində respublikada əvvəlki yarım əsrdəki qədər sənaye məhsulu istehsal olundu, sənaye istehsalı 2,7 dəfə artdı və 1969-cu ilə qədər aqrar respublika hesab olunan Azərbaycanın ümumi daxili məhsulunda sənayenin payı 66 faizə yüksəldi.1969-1982-ci illərdə milli gəlir 2,6 dəfə artdı və Azərbaycan iqtisadiyyatının inkişafına əvvəlki 50 ildəkindən 4,5 dəfə çox kapital qoyuldu. Artıq 1982-ci ildə bu rəqəm 1952-ci ildəkini 30 dəfə üstələyirdi. Fəaliyyət göstərdiyi bütün sahələrdə özünü lider kimi təsdiq etmiş Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı. O, öz nəhəng fəaliyyətində həmişə xalqa birlikdə olmuş, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, idarəetmə işinin ustadı və siyasətin kamil bilicisi Heydər Əliyev müstəqilliyi, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir. Ulu Öndər elmimizi və mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini daim yüksək qiymətləndirirdi. Təsadüfi deyil ki, Azərbaycanın onlarla böyük alimi, görkəmli yazıçısı, tanınmış incəsənət xadimi və sənətkarı sovet dövründə məhz onun qayğısı sayəsində Sovetlər Birliyinin Sosialist Əməyi Qəhrəmanı kimi ən yüksək fəxri adına və dövlət mükafatlarına layiq görülmüşlər.

Aynurə Mahmudova,
Bakı şəhəri, 55 saylı tam orta məktəbin Biologiya müəllimi,
YAP Xətai rayon təşkilatının “İ.Orucova 21A” ərazi partiya təşkilatının sədri

Daha çox xəbərlər