Bütün yollar sülhə aparır
Növbəti Brüssel görüşü regionda yeni münasibətlərin formalaşması prosesini sürətləndirəcək
Avropa İttifaqının (Aİ), xüsusilə qurumun Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səyləri və avqustun 31-də Brüsseldə keçirilmiş növbəti üçtərəfli görüş Cənubi Qafqazda uzun illərdən sonra nəhayət ki, dayanıqlı sülhün əldə olunacağına ümidləri bir az da artırdı. Belçika paytaxtından əhəmiyyətli irəliləyiş mesajı Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində atılmış mühüm addım oldu. Görüşün ən əhəmiyyətli tərəfi isə Azərbaycanın maraqlarının və yaratdığı yeni reallıqların qeyd-şərtsiz qəbul edilməsidir. İlk növbədə cənab Şarl Mişelin timsalında Avropada, daha sonra isə baş nazir Nikol Paşinyanın timsalında Ermənistanda.
Əminliklə söyləmək olar ki, Azərbaycan və Ermənistan liderləri arasında reallaşan dördüncü görüş əvvəlkilərlə müqayisədə daha məhsuldar keçdi və daha ciddi məsələlərin həlli istiqamətində ilkin razılıq əldə olundu. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin onun təşəbbüsü ilə baş tutan növbəti görüşün yekunları haqqındakı bəyanatı da bir neçə saat davam etmiş gərgin müzakirələrdə əhəmiyyətli irəliləyişdən xəbər verir. Belə ki, görüşün nəticəsi olaraq Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin xətti ilə bir ay ərzində sülh razılaşmasının mətni üzərində iş aparılması üçün işçi qrupların yaradılması qərara alındı. Gözlənildiyi kimi, razılaşma Ermənistanın müqaviməti və Brüssel görüşündə irəliləyişə nail olunmasına maneçilik törətmək cəhdləri fonunda əldə edildi.
Bəs başa çatmış müharibənin və münaqişənin qalib tərəfi olan Azərbaycan danışıqlar masasında da növbəti qələbəsini qazana bildimi? Görüşün nəticələrini ekspertlər necə qiymətləndirirlər və ermənilər həmişəki kimi nədən narazıdırlar?
Əminliklə söyləmək olar ki, iki ölkə liderləri arasında baş tutan görüşlərin dördüncü raundunun da qalibi Azərbaycan tərəfi oldu, Ermənistan növbəti nokdaunla üzləşdi. İlk olaraq ona görə ki, müzakirə edilən sülh müqaviləsi Azərbaycan tərəfindən irəli sürülən və Ermənistanın qəbul etdiyi beş prinsip üzərində qurulur. Həmin prinsiplərin əsas qayəsi isə iki ölkənin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıması və bir-birinə qarşı hər hansı torpaq iddiası irəli sürməməsidir. Burada bir məqamı mütləq qeyd etmək lazımdır ki, Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü təmin edib və bu vaxta kimi heç bir region dövlətinə qarşı torpaq iddiasında olmayıb. Halbuki hazırkı Ermənistan dövləti tarixi torpaqlarımızda qurulduğu üçün Azərbaycanın bu ölkədən son bir əsr ərzində mənimsədiyi ərazilərimizi geri istəməsi daha məntiqlidir. Müharibədə Qələbə qazanmış tərəf olaraq Azərbaycanın bu addımı daha məntiqli görünərdi, nəinki əksinə. Prezident İlham Əliyev də buna görə dəfələrlə bildirib ki, bizə qarşı bu əsassız iddialara son qoyulmasa biz də Ermənistana qarşı ərazi iddiası irəli sürməli olacağıq. Dolayısı ilə sülh müqaviləsinin əsasını təşkil edəcək dövlətlərin ərazi bütövlüyü məsələsi Azərbaycanın humanizminin və beynəlxalq qanunlara hörmətlə yanaşmasının təzahürüdür.
Belçika görüşündəki yeni sənəddə Qarabağ mövzusu, ATƏT-in Minsk qrupu barədə bir sözün belə işlədilməməsi isə Azərbaycanın diplomatik uğurunu bir daha təsdiqləyir. Nəticə tamamilə bizim maraqlarımıza uyğundur və razılaşmalar sərfəli şərtlər daxilindədir. Bunlar, eyni zamanda, Aİ-nin rəsmi Bakının maraqlarına nə qədər önəm verdiyinin göstəricisidir.
Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki keçmiş səfiri və ATƏT-in missiyasını bitirərək tarixin arxivlərinə göndərilmiş Minsk qrupunun həmsədri işləmiş politoloq Metyu Brayza da hesab edir ki, Brüsseldə keçirilən növbəti üçtərəfli görüş özündə “regionda sülhün bərqərar olması perspektivi ilə bağlı müsbət impulslar” ehtiva edir. O qeyd edib ki, Laçın şəhəri və rayonun digər yaşayış məntəqələri üzərində nəzarətinin yaradılması, şübhəsiz ki, Azərbaycanın daha üstün tərəfə çevrilməsini şərtləndirir. Ermənistanın baş naziri Nikol Paşinyan isə bu görüşlə ölkəsində siyasi mövqeyini gücləndirdiyini və danışıqları davam etdirməyə hazır olduğunu açıq şəkildə göstərir. “Hər halda ümid edirəm ki, belədir. Brüssel görüşünün baş tutması faktı özlüyündə müsbət haldır və bu, iki ölkə liderlərinin sülh müqaviləsi üzrə danışıqları davam etdirmək, eləcə də Ermənistanla Azərbaycan arasında sərhədləri dəqiqləşdirmək əzmində olduğunu göstərir.”
Gözlənildiyi kimi, Belçika paytaxtında baş tutmuş növbəti görüş Ermənistanda müxalifətin və revanşist qüvvələrin narazılığı ilə qarşılanıb. Ermənilər bu görüşü onlar üçün politoloq Stepan Həsən-Cəlalyanın təbirincə desək, “uduzmuş tərəfin davam edən uğursuz görüşlərindən biri” hesab edirlər. Ermənilərin bu “qiyməti” isə o deməkdir ki, avqustun 31-də keçirilmiş növbəti görüş Azərbaycanın mütləq qələbəsi ilə yekunlaşıb və artıq regionda dayanıqlı sülhün təmin olunmasına əlverişli şərait yaranıb. Növbəti mərhələdə yeni münasibətlərin formalaşması prosesi sürətlənəcək. Necə deyərlər, Cənubi Qafqazda bütün yollar sülhə aparır, özü də Azərbaycanın diktə etdiyi şərtlərlə…

