Azərbaycan bu gün uğurlu müstəqil siyasəti nəticəsində dünya miqyasında lider ölkələrdən biridir
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. İndi Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır. Ulu öndərin hazırladığı mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə həlledici söz sahibi olan müstəqil dövlətə çevirdi. O vaxtdan başlayaraq regiondakı hər hansı bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi olmadan gerçəkləşə bilməz. Azərbaycanın sülhsevər, demokratik proseslərin inkişafına xüsusi önəm yetirən müstəqil dövlət olması barədə beynəlxalq aləmdə rəy formalaşdı və möhkəm inam yarandı. Azərbaycanın öz milli maraqlarının gerçəkləşdirilməsi, həmçinin regional və qlobal mövqelərinin möhkəmləndirilməsi üçün iqtisadi və siyasi imkanlardan məharətlə istifadə edildi. Ümummilli liderin davamlı daxili və xarici siyasəti nəticəsində Azərbaycan regionda lider və beynəlxalq aləmdə etibarlı, inamlı tərəfdaş ölkə kimi tanındı. Müstəqil dövlətimizin xarici siyasət istiqamətləri və strateji seçimləri müəyyənləşdirildi.
Prezidentimiz İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı. Son beş ildə xarici siyasətdəki uğurlar müstəqil dövlətimizin mövqelərini xeyli möhkəmləndirib. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə əldə edilmiş diplomatik uğurlar nəticəsində ölkəmizlə əməkdaşlıq edən demokratik dövlətlərin sayı xeyli çoxalıb. Azərbaycanın 160 ölkə ilə diplomatik əlaqələri vardır. Ölkəmizdə 57 səfirlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycanın isə 56 diplomatik nümayəndəliyi, o cümlədən 47 səfirliyi fəaliyyət göstərir. Bu qədər səfirliyin 30-u 2004-2008-ci illərdə cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə açılmışdır. Dövlət başçımızın təşəbbüsü və tapşırığı ilə Azərbaycan Diplomatiya Akademiyası yaradılmış və fəaliyyətə başlamışdır. Bu da müstəqil dövlətimizin xarici siyasətinin uğurla reallaşdırılmasında böyük əhəmiyyət kəsb edir.
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olan beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının yaradılmasına qarşı mübarizədə fəallıq göstərməsidir. Bu sahədə ölkəmiz çoxtərəfli və ikitərəfli çərçivədə beynəlxalq əməkdaşlığa cəlb olunub. Beynəlxalq terrorizmə qarşı mübarizə ilə əlaqədar bütün beynəlxalq sənədlərə qoşulan Azərbaycan bu sahəyə dair mütəmadi olaraq məlumat mübadiləsi həyata keçirir və müvafiq məruzələr hazırlayır. Bizim sülhməramlılar Kosovo, İraq və Əfqanıstanda beynəlxalq birliyin digər üzvlərindən olan əsgər və zabitlərlə çiyin-çiyinə xidmət göstərmişlər. Dünyanın inkişaf etmiş dövlətlərinin başçıları, həmçinin nüfuzlu beynəlxalq qurumların nümayəndələri Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədəki fəaliyyətini yüksək qiymətləndirirlər. Siyasi ekspertlər bunu dövlət başçımızın uğurlu xarici siyasətinin prioritetlərindən biri kimi dəyərləndirirlər. Transmilli cinayətkarlıq və insan alverinə qarşı mübarizə region ölkələri ilə, eləcə də Azərbaycanın ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, Avropa İttifaqı, NATO və digər tanınmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi xüsusi qeyd olunmalıdır.
Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasını davam etdirən Prezident İlham Əliyevin uğurlu müstəqil siyasəti dövlətimizin dünya birliyindəki mövqelərini daha da artıracaq.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

