Bardağı daşıran son damla!
Ermənistanın təxribatları əks-hücum əməliyyatını qaçılmaz etdi
Son vaxtlar demək olar ki, hər gün atəşkəsin pozulması, Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərində yaşayan ermənilər tərəfindən təxribat törətmək cəhdlərinin mütəmadi hal alması cavab tədbirlərinin görülməsini zərurətə çevirməkdə idi. Sentyabrın 12-dən 13-ə keçən gecə düşmənin avantürist mövqe nümayiş etdirməsi isə vəziyyətin son dərəcə gərginləşməsinə, silahlı toqquşmalara səbəb oldu. Hadisələrin ardıcıllığı Ermənistanın hərbi-siyasi rəhbərliyinin açıq şəkildə təxribatların baş verməsində maraqlı olduqlarını göstərirdi. Belə ki, düşmənin davam edən hərbi avantüra və revanşizm siyasəti nəticəsində son bir ay ərzində Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy rayonları istiqamətlərində ordumuzun mövqeləri intensiv şəkildə atəşə tutulurdu. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ermənilər təxribat törətmək mövqeyindən əl çəkməyərək Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatların müddəalarını, həmçinin Avropa Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə keçirilmiş görüşlər zamanı əldə edilmiş razılaşmaları pozmaqda davam edirdilər. Bununla da Ermənistan sülh danışıqlarını pozmaq, üzərinə götürdüyü öhdəliklərdən yayınmaq, həmçinin işğaldan azad edilmiş sərhədyanı rayonlarımızda reallaşdırılan irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədi güdürdü.
Bəs sentyabrın 12-dən 13-ə keçən gecə “Qətiyyətli cavab” əks-hücum əməliyyatını zəruri edən səbəblər, daha dəqiqi, “bardağı daşıran son damla” nə oldu? Baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun məlumatında bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyası və onun Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatının tələblərini kobud şəkildə pozaraq 2022-ci il sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Düşmənin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə ordumuzun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bununla yanaşı, Ermənistan ordusunun Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Silahlı Qüvvələrimizin Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə ordumuzun şəxsi heyəti arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Baş vermiş hadisələrlə bağlı toplanmış materiallar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Gəncə, Qubadlı və Kəlbəcər hərbi prokurorluqlarında cinayət işləri başlanıb, istintaq qrupları yaradılmaqla operativ istintaq hərəkətləri icra olunur.
Təəssüf ki, ermənilərin növbəti təxribatları nəticəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itkilərimiz də oldu. Ancaq rəşadətli Azərbaycan Ordusu şəhidlərimizin və yaralılarımızın qanını yerdə qoymadı. Cəmi bir neçə saat sürən “Qətiyyətli cavab” əks-hücum əməliyyatı nəticəsində düşmənin Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna biləcək bütün hərbi infrastrukturu ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edildi.
Sentyabrın 13-də parlamentin növbədənkənar iclasında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan ilkin olaraq 49 nəfər itirdiklərini etiraf etdi və sayın arta biləcəyini bildirdi. Əslində isə ermənilərin itkilərinin daha çox – yüzlərlə olduğu ehtimal edilir. Görünür, Paşinyan hökuməti 44 günlük İkinci Qarabağ müharibəsində olduğu kimi, bu dəfə də məhv edilmiş erməni əsgərlərinin sayını gizlətmək fikrindədir. “Caliber” nəşrinin məlumatına görə isə ordumuzun əməliyyatı nəticəsində Ermənistanın itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralı var. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib. Onların dəyəri yarım milyard dollardan çoxdur. Azərbaycan Ordusu sərhədyanı bölgədə delimitasiya olunmayan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib və bununla da Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual və atəş nəzarətinə götürülüb.
Yeri gəlmişkən, Ermənistan ordusunun bölmələri tərəfindən təxribat törədildikdən dərhal sonra bu ölkənin baş naziri Nikol Paşiyanın elə gecə saatlarındaca Rusiya, ABŞ və Fransa rəhbərlərinə zəng edərək guya Azərbaycanın Ermənistanın dövlət sərhədini pozduğunu iddia etdi. Paşinyanın, həmçinin BMT Təhlükəsizlik Şurasına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da müraciət ünvanlaması təxribatın düşmən tərəfindən məqsədli şəkildə törədildiyini bir daha təsdiqləyir. Üstəlik Paşinyandan soruşan lazımdır ki, axı sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməyib, hansı əsasla Azərbaycan Ordusunun sərhədi pozduğunu iddia edirsən? Özü də Azərbaycanla dövlət sərhədləri Ermənistanın təqsiri ucbatından hələ müəyyənləşməyib. İki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiyası məsələlərində pozuculuq fəaliyyəti göstərən rəsmi İrəvanın suverenlik, beynəlxalq hüquq kimi siyasi terminlərdən istifadəsi daha çox öz əməllərini ört-basdır etmək cəhdindən başqa bir şey deyil.
Qeyd edək ki, sentyabrın 13-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyev Ermənistan –Azərbaycan sərhədində düşmənin törətdiyi təxribatlarla bağlı Silahlı Qüvvələrimizin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib. Müşavirədə aidiyyəti üzrə məruzələr təqdim edilib, Ermənistan ordusunun iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün müvafiq vəzifə və tapşırıqların yerinə yetirildiyi, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət etdiyi bildirilib.
Bundan sonra da həmişə belə olacaq – düşmənin istənilən təxribatının qarşısı qəhrəman Azərbaycan əsgəri tərəfindən layiqincə alınacaq. Qoy, düşmən arxayınlaşmasın və heç kimə güvənməsin. Çünki Müzəffər Ali Baş Komandanımızın dediyi kimi: “Dəmir yumruq” hər zaman yerindədir!

