Qeyri neft-qaz sənayesi: Rəqəmlər nə deyir?
Azərbaycanın sənaye sektorunda, o cümlədən neft-qaz sənayesində azalma olsa da qeyri neft-qaz sənayesində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-avqust aylarında 56,1 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 1,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9 faiz artıb.
Artıq üçüncü ildir ki, COVID-19 pandemiyasının qlobal iqtisadiyyata mənfi təsirinə baxmayaraq Azərbaycanda qeyri-neft-qaz sənayesinə sərmayə yatırımları davam edir. Rəsmi statistikaya görə, bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatına qoyulmuş vəsaitin 642,1 milyon manatı (ümumi sərmayənin 8,8 faizi) qeyri neft-qaz sənayesi sektorunun payına düşüb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz az olsa da istehsalın artımına əngəl ola bilməyib.
Nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların, əczaçılıq məhsullarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, elektrik avadanlıqlarının, mebel, geyim, hazır metal məmulatlarının, poliqrafiya məhsullarının, kompüter, elektron və optik məhsulların, tikinti materiallarının, kağız və karton, qida məhsullarının istehsalında əhəmiyyətli artım olub.
Qeyri-neft sənayesinin məhsullarının ixracı da artıb. 2022-ci ilin yanvar – avqust ayları ərzində ötən ilin eyni dövrünə nisbətən kimya sənayesi məhsullarının ixracı 3 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 21,1 artıb. Aqrar-sənaye məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxalıb. Aqrar-sənaye məhsullarının ixracının 8,6 faizini təşkil edən çay ixracı 53,9 faiz artıb. Həmçinin bitki və heyvan mənşəli piylər və yağların ixracı 8,4 faiz artıb. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, qeyri neft-qaz sənayesindəki artım təsadüfi deyil və bunu şərtləndirən amilləri də vurğulamaq lazımdır. Burada ilk növbədə onu vurğulamaq lazım gəlir ki, qeyri-neft-qaz sənayesinin davamlılığı şaxələndirilmə səviyyəsinin yüksək olmasından irəli gəlir. Söhbət ondan gedir ki, qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın şaxələndirilməsi siyasətindən irəli gəldiyi kimi, sektorun ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi də bu siyasətin davamıdır. Nəticədə şaxələndirmə səviyyəsi genişləndikcə qeyri neft-qaz sənayesinin müxtəlif təsirlərə qarşı davamlılığı da artmış olur.
Həmçinin onu da vurğulamaq lazımdır ki, bu sahə dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Bu baxımdan xüsusilə vurğulanmalı olan amil qeyri-neft-qaz sənayesinin son illərdə qeyri-neft ixracında payının əhəmiyyətli dərəcədə artmasıdır. Başqa sözlə, son illərdə ölkədə qeyri neft-qaz sənayesində yaradılan müəssisələr üçün ixracyönümlülük amilinin ön planda olması siyasəti özünü doğrultmaqdadır.
Hazırda bu sahənin qarşısında duran əsas vəzifə onun sənayedəki payının artması olmalıdır. Cari ilin 7 ayının göstəricilərinə görə sənayenin cəmi 20,6 faizini qeyri neft-qaz sənayesi təşkil edir. Ötən ilin eyni dövründə bu göstərici 29,5 faiz olmuşdu.
Prezident İlham Əliyev bu ayın əvvəlində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində Azərbaycanın iqtisadi göstəricilərindən bəhs edərkən qeyri-neft-qaz sənayesindəki artımı da vurğulayıb. Bununla belə, dövlətimizin başçısı görülməli işlərin olduğunu da bildirib: “Beləliklə, bu, göstərir ki, artım göz qabağındadır, ancaq bu, kifayət deyil. Buna görə də bizim daha çox islahatlara, qeyri-enerji sektorunda daha çox sərmayəyə və bunun üçün də, əlbəttə ki, biznes mühitinə ehtiyacımız var. Əlbəttə ki, o sahədə irəliləyişlər var. Lakin bütün bu bürokratik maneələri və keçmiş sovet dövrünün psixoloji mirasını aradan qaldırmaq üçün hələ də çox iş görməliyik”.

