Ən uca abidəmiz Qarabağdır!
Röyalarımda gördüyüm “ağ günlər”i Ağdamda tapdım

Budəfəki səfərim 30 il həsrətilə yanıb qovrulduğum Qarabağ torpağına –müzəffər ordumuzun qanı bahasına azadlığına qovuşmuş Ağdam torpağına idi. Həyatım boyu bütün səfərlərdə mənzil başına daha tez yetişmək üçün zamanı yenmək, bununla da ömrümün xeyli hissəsini dah çox səfərlərdə keçirməyi arzulamışam. Amma bu dəfə bilə-bilə ki, gedəcəyim məkan uzun illər düşmən tapdağında inləyən Ağdam torpağınadır, sanki məsafənin daha da uzanmağını istəyirdim. Əslində, özüm də bu istəyin hansı səbəbdən irəli gəldiyini düşüncələrimdə düzgün izah edə bilmirdim. Bəlkə də şüurumun dərin qatlarında bu səfərin uzun illər röyalarımda gördüyüm səfərlərdən biri olduğu ehtimalından irəli gəlirdi. Və o anlar ürəyimdən sanki bir pıçıltı eşidirdim, qoy, bu yollar daha da uzansın, çünki birazdan bu şirin röyadan oyanacaqsan və hər şey bir anlıq ilğıma çevrilib ötüb gedəcək. Amma, 44 günlük zəfər müharibəsində qəhramanlıq göstərərək Qazi adını qazanmış və bizə bələdçilik edən Rauf Qasımov elan edəndə ki, artıq avtobusumuz Ağdam şəhərinə daxil olur, nəhayət anladım ki, mən yuxu görmürəm və əsil qürurverici məqamlarla dolu bir gerçəkliyin içindəyəm.
Bu məqamda qeyd edim ki, Qazimiz və hazırda dövlətimizin qayğısı ilə işlə təmin edilən Rauf Qasımov Azərbaycan torpaqlarının işğaldan azad edilməsi zamanı böyük qəhramanlıqlara imza atıb. Döyüş yolu Kəlbəcərdən başlayan igid balamız öz snayper silahı ilə xeyli düşmən əsgərini məhv edib. Xocavənd, Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə xüsusi fərqləndiyinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən medallarla təltif edilib. Döyüşlərdə ağır yaralanan, bir gözünü itirən Rauf Qasımova sonradan göz transplantasiya edilib. Və bu gün bu qəhraman övladımız vaxtilə uğrunda döyüşdüyü torpaqlarımıza səfər turlarında bələdçilik edir. Bizimlə qısa söhbət zamanı o dövlət qayğısından olduqca razı qaldığını, hazırda daşıdığı missiyadan məmnunluq duyduğunu dilə gətirdi.
Ümumiyyətlə, Ağdama səfər öncəsi, çoxlu xəyallar qurmuşdum, çox sözlər fikirləşmişdim ki, o torpağa qədəm qoyanda ürək dolusu danışacam, illər uzunu deyə bilmədiklərimi hayqırtıya çevirəcəm. Amma o torpağa ayaq basanda əvvəlcə fikirləşdiyim sözlər yaddan çıxdı, sanki, sözsüz bir fraqman yarandı beynimdə. Sanki, Qarabağın həsrətini ki, illər uzunu çəkmişdim, ruhuma qopan istək üstün gəldi və mən sözləri unutdum. Və bir anlıq belə bir qənaətə gəldim ki, sən demə, ən yaxşı söz elə Qarabağa qayıtmaq imiş.
Ağdam torpağına ilk ayaq basanda sanki ayağımı basdığm yerlərdə bir inilti hiss edirdim, lakin sonrakı qarşılaşdığım qürurverici mənzərələr tezliklə məni bu pessimist hisslərdən xilas etdi. Artıq, sözün əsil mənasında Ağdam öz “ağ günləri”nə yenidən qovuşmuşdu. Demək olar ki, Ağdamda qısa bir zaman kəsiyində kifayət qədər böyük quruculuq işləri aparılıb. Geniş yollar, yeni qurulan infrastruktur, sanki insanı böyük gələcək uğrunda mübarizəyə səsləyir. Mənimlə səfərə yollanan insanlar da Ağdama ayaq basanda göz yaşlarını saxlaya bilmirdilər. Əslində bu göz yaşları sevinclə kədərin, acı ilə şirinin vəhdətindən doğan bir hadisə idi. Öz duyğularını açıq şəkildə izhar edən sərnişinlərdən birinin “can Qarabağım, bu illər ərzində qara bağrımız söküldü, lakin sonda sənə, doğma evimizə qovuşa bildik ” hayqırtısı hələ də qulaqlarımda səslənir.
Barbar düşmənin 30 ildə dağıdıb yerlə yeksan etdiyi hər qarış torpaq adama elə gəlir ki, insanları yenidən böyük quruculuq işlərinə səsləyir. Torpaq üzərində hər addım atdıqca, oradan sanki belə bir pıçıltı eşidirdim; “ey insan, qəhrəman övladlarımızın qanı bahasına azad edilən bu torpaqları boş qoymayın, əllərinizlə bizlərə yenidən can verin ki, yağı düşmən bir də bu cənnət yerlərə göz dikməsin. Nədənsə həmin məqamda Oğuz elinin ağsaqqalı, ulu ozan Dədə Qorqudun məhşur nəsihəti sanki qulaqlarımda ildırım kimi çaxdı; “torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən qorumağa dəyməz”.
Ağdama səfər əsnasında ən acı səhnələrdən biri də, vaxtilə Pənahəli xanın yaşadığı evi ziyarət edəndə üzləşdiyim acınacaqlı səhnə oldu. Tarixdən də məlumdur ki, Pənahəli xan imarəti Ağdam şəhərində yerləşən və birinci Qarabağ xanının yay sarayı olmuş XVIII əsrə aid tarixi memarlıq abidəsidir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil olmuşdur. Onu da xatırladaq ki, saray yaxınlığında yerləşən İmarət qəbristanlığında Qarabağ xan nəslinin bir çox nümayəndələri dəfn edilmişdir. Pənahəli xanın burada yerləşən türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də erməni vandalları tərəfində vəhşicəsinə talan edilib. Bələdçinin verdiyi məlumata görə Pənahəli Xanın vaxtilə yaşadığı evdə erməni mənfurları illər uzunu mal-qara saxlayıblar. İşğaldan sonra bu ev bərpa olunarkən buradan 6 maşın mal-qara peyini çıxarılıb. Bu da bir daha erməni vəhşiliyinin, erməni vandallarının tarixi qəhramanlarımıza olan dərin nifrətin bariz nümunəsidir.
Doğma Ağdam torpağına etdiyim bir neçə saatlıq səfər əsnasında Qarabaq adlı bu ecazkar məkanın həqiqətən Azərbaycanın ən qiymətli mirvarisi olduğu qənaətinə gəldim. Deyirlər ki, ehtişamlı gözəlliyi ilə hər daim öz dəyərini qoruyub saxlayan mirvarini əldə etmək üçün böyük məşəqqətlər hesabına dənizin dibinə baş vurub əldə etməlisən. Qarabağ adlı mirvarini isə Uca Tanrı bu torpağın üzərində millətimizə ərmağan edib. Gəlin, tarix boyu erməni vandallarının tamah saldığı Qarabağımızı elliklə elə qoruyaq ki, bir daha növbəti acıları yaşamayaq. Bunun üçün böyük qayıdışa hamılıqla hazır olmalı, dağıdılmış, viranəyə çevrilmiş o yerlərə canımızla, alın tərimizlə yenidən həyat verməliyik. Gəlin, elliklə bundan belə öz həyatımızı Qarabağımıza həsr edək!
Şeyda Əzizova
“Aran Media GROUP”un rəhbəri

